Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1529/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5930.25 manat dəyərində ödənilməmiş icarə haqqının, vəkilin hüquqi xidmətindən istifadəyə görə müqavilə üzrə ödənilmiş 500 manat məbləğin və dövlət rüsumu üçün ödənilmiş 80 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Onunla icarəçi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (direktor Kheiri Behrouz) ilə aralarında imzalanmış 08 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın kirayəsinə dair 07/23 saylı müqaviləyə əsasən, onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********856-05301- 093101) yaşayış obyekti cavabdehə icarəyə verilmişdir. Müqaviləsinin 3.1-ci maddəsinə əsasən bu kirayə müqaviləsinin qüvvədə olma müddəti 10 sentyabr 2023-cü il tarixdən 10 avqust 2024-cü il tarixinədək, 11 aydır. Həmçinin, müqavilənin 4.1-ci maddəsinə əsasən aylıq kirayə haqqı 1976.75 AZN təşkil edir. Cavabdeh şirkət müqavilə şərtlərini pozaraq və öhdəliklərini yerinə yetirməyərək vaxtından 3 ay əvvəl kirayə obyektini tərk etmiş və 3 aylıq kirayə haqqını - 1976.75 X 3 ay= 5930.25 AZN ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Etirazın dəlilləri: Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia əsassızdır, o təmin edilə bilməz. İddiaçı göstərib ki, Ouşnirinq İnternəşnl Servicez Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə onun arasında imzalanmış 8 sentyabr 2023-cü il tarixli daşınmaz əmlak kirayəsinə dair 07/23 saylı müqavilənin 3.1-ci maddəsinə əsasən bu kirayə müqaviləsi qüvvədə olma müddəti 10 sentyabr 2023-cü il tarixindən 10 avqust 2024-cü il tarixinədək, 11 (on bir) aydır və həmin müqavilənin 4.1-ci maddəsinə aylıq kirayə haqqı vergi daxil olmaqla 1,976.75 manat təşkil edir. İddiaçı həmçinin göstərib ki, şirkət kirayə obyektini vaxtından əvvəl tərk etmiş, müqavilə şərtlərini pozaraq 3 ay əvvəl mənzili tərk etmiş və 3 aylıq kirayə haqqını ödəməkdən boyun qaçırır. Məhkəmənin diqqətinə çatdırılır ki, qeyd olun mənzilin kirayəsi ilə bağlı ilk müqavilə 9 noyabr 2021ci il tarixində 11 aylıq 9 oktyabr 2022-ci il tarixinədək bağlanmış, müddət bitdikdən sonra ikinci müqavilə 10 oktyabr 2022-ci il tarixində 11 aylıq 10 sentyabr 2023-cü il tarixinədək bağlanmışdır. Hər dəfəsində müqavilənin şərtləri (müddəti, xitam şərtləri və s.) barədə ona lazımı məlumatlar çatdırılmışdır. Mənzil şirkətdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbi şəxs üçün kirayələnmiş və ev sahibinin özünün də razılığı ilə əcnəbi şəxs Miqrasiya qanunvericiliyinin tələblərinə uyğun şəkildə mənzilin yerləşdiyi ünvanda qeydiyyata salınmışdır. Şirkətlə iddiaçının da qeyd etdiyi 07/23 saylı müqavilə 3-cü 11 aylıq dövr üçün bağlanmışdır. Şirkət rəhbərliyi tərəfindən kirayə obyektində yaşayan əcnəbinin şirkətdə əmək fəaliyyətinə ehtiyac qalmadığına və 2024-cü ilin aprel ayında əmək fəaliyyətinə xitam veriləcəyi qərarı verildiyi üçün mənzilin də geri qaytarılması qərarı qəbul edilmiş və kirayə müqaviləsinin 7.3-cü maddəsinə əsasən müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə yazılı bildiriş (əlavə olunur) 29 mart 2024-cü il tarixində mülk sahibi İddiaçı whatsappla göndərilmişdir. Bildirişdə 1 aylıq xəbərdarlıq müddəti göstərilməklə mənzilin təhvil veriləcəyi qeyd olunmuşdur. O da qeyd edilir ki, bildiriş təqdim olunduqdan sonra mülk sahibi ilə şirkətin əməkdaşı arasında telefon danışığında sonuncu aylıq kirayə haqqının 10 may tarixinədək olan dövr üçün kirayə haqqı ödəniləcəyi (kirayə haqqının ödəniş tapşırığı əlavə olunur) və qeyd olunan tarixədək evin təmizlənib təhvil veriləcəyi barədə məlumat verilmişdir. Eyni zamanda mülk sahibinin xahişi ilə xəbərdarlıq müddəti dövründə mənzil agentlərinin (maklerlərin) evin şəkillərinin çəkilməsinə və ya potensial müştəriyə göstərilməsi üçün şərait yaradılması razılaşdırılmış və bu müddətdə 2 nəfər makler evin şəkillərini çəkmək üçün evə baş çəkmişdir. Bildirmək istəyirlər ki, orada müvəqqəti qeydiyyatda olan əcnəbinin AR ərazisində müvəqqəti yaşamaq icazəsi vəsiqəsinin və qeydiyyatının ləğvi üçün 26 aprel 2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətinə də müraciət olunmuşdur (məktubun nüsxəsi əlavə olunur). Mənzil təmizləndikdən və orada yaşayan şəxsin şəxsi əşyaları götürüldükdən sonra 5 may 2024-cü il saat 16:00-da mənzildə görüşüb mənzilin (şəkilləri əlavə olunur) təhvil verilməsi mülk sahibi ilə razılaşdırılmış (whatsapp yazışmaları əlavə olunur) və qeyd olunan tarixdə saat 16:00-17:00 radələrində İddiaçı oğlu və nəvəsinin də iştirakı ilə mənzilin açarları mülk sahibinə təhvil vermişdir. Nəzərə çatdırılır ki, mülk sahibi İddiaçı kirayə müqaviləsinin 7.3-cü maddəsi kirayəçi və kirayəyə verənin 30 gün əvvəldən yazılı bildiriş verilməklə vaxtından əvvəl müqavilənin ləğv edilməsi hüququ verdiyini, həmin müqavilənin 10-cu maddəsində müqavilənin 2 dildə tərtib olunduğu və hər hansı ziddiyyət yaranarsa ingilis dilində olan nüsxə üstünlük təşkil etdiyi nəzərinə çatdırılmışdır (müqavilənin ingilis dilli nüsxəsinin müstəqil tərcümə şirkətinin möhürü ilə təsdiqlənmiş ingilis dilindən azərbaycan dilinə hissəli tərcüməsi əlavə olunur). Qeyd olunan 07/23 saylı kirayə müqaviləsinin 7.3 və 10-cu maddələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-cü fəslinə uyğun olaraq İddiaçı kirayə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı yazılı bildiriş verildiyini nəzərə alaraq məhkəmədən İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 119,20 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 07/23 saylı kirayə müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına kirayəyə vermişdir. - Müqavilənin 7.3-cü bəndindən görünür ki, kirayəyə verən və ya kirayəçi bu müqavilənin başa çatmasından 30 gün əvvəl bir-birinə yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilərlər. - "xxxx" Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə imzalanmış 07/23 saylı (“Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 5, mənzil 137, 10-cu giriş) müqavilənin 7.3-cü bəndinə əsasən, müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam veriləcəkdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 07/23 saylı kirayə müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına kirayəyə vermişdir. "xxxx" Şirkəti tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli bildiriş ünvanlanmış və bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə imzalanmış 07/23 saylı (“Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 5, mənzil 137, 10-cu giriş) müqavilənin 7.3-cü bəndinə əsasən, müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam veriləcəkdir. Hazırda İddiaçı 5930.25 manat dəyərində ödənilməmiş 3 aylıq kirayə haqqının ödənilməsini, cavabdeh tərəf isə kirayə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı yazılı bildiriş verildiyini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. (MM-689.2) - 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. (MM-690.2) Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İddiaçı ilə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 07/23 saylı kirayə müqaviləsinin şərtlərinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına aylıq 1976.75 manata kirayəyə vermişdir. Kirayə müqaviləsinin 7.3-cü bəndinə əsasən kirayəyə verən və ya kirayəçi bu müqavilənin başa çatmasından 30 gün əvvəl bir-birinə yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilərlər. Məhkəmə qeyd edir ki, Tərəflər arasında bağlanmış Kirayə müqaviləsinin 7.3-cü bəndindən görünür ki, kirayəyə verən və ya kirayəçi bu müqavilənin başa çatmasından 30 gün əvvəl bir-birinə yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilərlər. Göründüyü kimi, müqavilədə kirayəyə verən və ya kirayəçi tərəfindən bu müqavilənin məhz başa çatmasından 30 gün əvvəl bir-birinə yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəf isə kirayə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam veriləcəyi barədə "xxxx" Şirkəti tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə bildiriş göndərmişdir. Məhkəmə, qanunvericiliyin tələbini, müqavilənin şərtlərini nəzərə alaraq, etirazın dəlillərinin əsassız olması qənaətinə gəlir və hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı kirayəyə götürmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kirayə məbləğinin iddiaçıya ödənilməsinə dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı kirayəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, kirayə haqqını tam ödəməməklə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, kirayə müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsuimundan və vəkil xərcindən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli 07/23 saylı kirayə müqaviləsi üzrə 5930.25 manat (beş min doqquz yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti, 500 (beş yüz) manat vəkil xərci və 80 (səksən) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə 5930.25 manat (beş min doqquz yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti, 500 (beş yüz) manat vəkil xərci və 80 (səksən) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1529/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1529/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver