Məhkəmə qərarları › İş №e-2(009)-1559/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1559/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1559/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19421 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 705.91 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 176 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 881.91 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19421 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1220 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1220 ABŞ dolları) “Aplle i phone 14 Pro 128gb purple” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 164 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cü il tarixdə 82.50 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5.52 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 93.08 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 88.08 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 79.14 ABŞ dolları, xx.xx.2025-cu il tarixdə 1.77 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyrinə faiz ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş HHA19421 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı "xxxx" MMC 12 ay müddətinə Aplle i phone 14 pro 128gb purple markalı telefonu alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 % həcmində satıcının xeyrinə cərimə ödəyir. İşdə olan "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, borclu Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış HHA 19421 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 705.91 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 % həcmində 176 ABŞ dolları cərimə, cəmi 881.91 ABŞ dolları borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Aplle i phone 14 pro 128gb purple markalı telefon almış və nəticədə 705.91 ABŞ dolları borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1220 ABŞ dolları olan Aplle i phone 14 pro 128gb purple markalı telefon üçün ümumilikdə, 705.91 ABŞ dolları ödənilməmiş hissə, 176 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin cavabdehdən həmin müqavilə üzrə 705,91 ABŞ dolları yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “176 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilədən irəli gələn 176 ABŞ dolları məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 176 ABŞ dolları dəbbə pulunun azaldılaraq 30 ABŞ dolları məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış HHA 19421 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 705,91 (yeddi yüz beş ABŞ dolları doxsan bir sent) ABŞ dolları əsas borc, 30 (otuz) ABŞ dolları cərimə borcu, cəmi 735,91 (yeddi yüz otuz beş ABŞ dolları doxsan bir sent) ABŞ dolları borc (ödəniş gününə Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 32,51 (otuz iki manat əlli bir qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış HHA 19421 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 705,91 (yeddi yüz beş ABŞ dolları doxsan bir sent) ABŞ dolları əsas borc, 30 (otuz) ABŞ dolları cərimə borcu, cəmi 735,91 (yeddi yüz otuz beş ABŞ dolları doxsan bir sent) ABŞ dolları borc (ödəniş gününə Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 32,51 (otuz iki manat əlli bir qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar