Məhkəmə qərarları › İş №e-2(009)-1593/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1593/2024

20.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1593/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvan: mənzil 9/8 kimi olmuşdur) onun xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh3 anası, Cavabdeh4 bacısı, Cavabdeh1 keçmiş həyat yoldaşı, Cavabdeh2 isə oğludur. Səbail rayon Məhkəməsinin 2(009)-2802/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu məxsus ümumi sahəsi 20,8 kv.m. olan mənzilin 9,8 kv.m. sahəsi olan 1 otağına istifadə hüquqları tanınmışdır. Cavabdehlərin mənzilində istifadə hüquqlarının qalması onun xüsusi mülkiyyətindən istədiyi kimi istifadə edib, sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Buna görə də hesab edir ki, onların xüsusi mülkiyyətində olan mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd edilən işin hallarından göründüyü kimi xüsusi mülkiyyətində olan mənzilin ümumi sahəsi cəmi 20,8 kv.m.-dir ki, bunun da 9,8 kv.m. sahəsi olan 1 otağına cavabdehlərin istifadə hüquqları tanınmışdır. Mənzilin hazırda bazar dəyəri təxminən 60.000 manat civarındadır. Buna görə də hesab edir ki, cavabdehlərin hər birinə 5000 manat olmaqla, onlara cəmi 20.000 manat kompensasiya verilməsi ağlabatan və münasibdir. Həmin məbləğ onlara verilməklə, cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilinə istifadə hüquqlarına xitam verilərək, əşyaları ilə birlikdə mənzilindən çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, hər birinə, 5000 manat olmaqla, cəmi 20.000 manat kompensasiya verilməklə, onların onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, 10 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarına xitam verilərək, onların əşyaları ilə birlikdə mənzilindən çıxarılmalarına, həmçinin kompensasiyanın verilməsi ilə cavabdehlərin mənzildən çıxarılmalarının eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul edilməsini, qətnamənin nəticə hissəsində bu qətnamənin cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə xüsusi olaraq göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 idda tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, evi iddiaçıya atası bağışlayıb, birgə nikah zamanı əldə olunmayıb. Tərəflər 2003-cü ildə nikaha giriblər, 2015-ci ildə nikahları pozulub. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, kəllə beyin travmasından sonra iddiaçıya “Sümük bütövlüyünün pozulması; beyin sol yarımkürəsinin konveksial səthinin xroniki posttravmatik subdural hematoması; anevrizma xəstəliyi. Sol daxili karotid bifukasiyasının sakkulyar anevrizması və s.” diaqnozu qoyulmuşdur. Bu iddiaçının həyatı və sağlamlığı üçün olduqca təhlükəli bir diaqnozdur və tez bir zamanda əməliyyat tələb edir. Bu iddiaçının həyatı və sağlamlığı üçün olduqca təhlükəli bir diaqnozdur və tez bir zamanda əməliyyat tələb edir. İddiaçı bu cür cərrahi əməliyyatın və uzunmüddətli reabilitasiya xərclərini qarşılamaq üçün mülkiyyətində olan mübahisəli mənzili satmaq məcburiyyətində qaldığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2024-cü il tarixli, 17/0711 saylı qiymətləndirmə hesabatından müəyyən edilir ki, mübahisəli mənzilin sözügedən tarixə bazar dəyəri 75.000 manat, orta kirayə bazar dəyəri isə 350 manat təşkil edir. Qiymətləndirməyə görə tərəflərindən "xxxx" MMC-yə 300 manat ödənilmişdir. Hesab edir ki, qiymətləndirməyə görə ödədikləri 300 manat müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi eyni zamanda izahatında göstərmişdir ki, iddiaçı tərəfindən məhkəmə iclasında iştirak edən cavabdehlərə kompensasiya kimi 10.000 manat məbləğində pul ödənilə bilər. İştirak etməyən cavabdehlərə kompensasiya məbləğinin hansı həddə müəyyən edilməsini də məhkəmənin mülahizəsinə təqdim edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, iddiaçı kompensasiya üçün məhkəmədə 10.000 manat verilməsinə razı olduğundan, həmin məbləğin ona verilməsi ilə bağlı istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 öz izahatında göstərmişdir ki, o, daha çox pul istəyərdi, lakin təklif olunan 10.000 manat kompensasiya ilə razılaşır və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X3 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2009-cu il tarixli mənzil bağışlama müqaviləsinin surətinə əsasən X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin, yaşayış sahəsi 9,8 kv.m., ümumi sahəsi 20,8 kv.m. olan 1 otağını oğlu İddiaçı bağışlamışdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2802/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2004-cü il tarixdə anadan olmuş oğlu Cavabdeh2lə birlikdə ünvan 3 ünvanda yerləşən mənzilin əri İddiaçı məxsus, ümumi sahəsi 20,8 kv.m., yaşayış sahəsi 9,8 kv.m. olan 1 otağına istifadə hüquqlarının tanınması, iddiaçı Cavabdeh1 xx.xx.2004-cü il tarixdə anadan olmuş oğlu Cavabdeh2lə birlikdə ünvan 3 ünvanda yerləşən mənzilin, əri İddiaçı məxsus, ümumi sahəsi 20,8 kv.m., yaşayış sahəsi 9,8 kv.m. olan 1 otağına qeydiyyata alınmaları hissəsində baxılmamış saxlanılması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 20,8 kv.m. olan 9 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MB- 17/0711 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10 ünvanında yerləşən 1 otaqlı 9 saylı mənzilin xx.xx.2024-cü il tarixə hesablanmış bazar dəyəri 75.000 manat, orta kirayə bazar dəyəri 350 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 iddiaçının anasıdır, Cavabdeh4 isə iddiaçının bacısıdır. İddiaçı ilə Cavabdeh1 arasında 2003-cü ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 adlı uşağı var. Tərəflər nikaha daxil olduqdan sonra iddiaçının atası X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 10 saylı evin 9/8 saylı mənzilə köçmüşlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixdə Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən iddiaçının atası X3 özünə məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 10 saylı evin 9/8 saylı 2 otaqlı mənzilin yaşayış sahəsi 9,8 kv.m., ümumi sahəsi 20,8 kv.m. olan 1 otağı oğlu İddiaçı bağışlamış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 20,8 kv.m. olan 9 saylı mənzili iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İkonnikova X1 Timur Andreyeviçlə birlikdə ünvan 3 ünvanda yerləşən mənzilin əri İddiaçı məxsus ümumi sahəsi 20,8 kv.m., yaşayış sahəsi 9,8 kv.m. olan 1 otağına istifadə hüquqları tanınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikah 2015-ci il tarixdə ləğv edilmiş və buna baxmayaraq hazırki vaxtadək Cavabdeh1 oğlu ilə birlikdə mübahisəli mənzildə yaşamağa davam edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçının mülkiyyətindəki mənzilə köçdükdən sonra Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından istifadə hüququ əldə etmişdir və hazırda tərəflər arasında nikah ləğv edilsə də, həmin hüquq saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə kompensasiya vermək yolu ilə istifadə hüquqlarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri baxımından xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, səhhəti ilə bağlı yaranmış problemlərin həll edilməsi ilə əlaqədar iddiaçı cərrahi əməliyyatın və uzun müddət reabilitasiya xərclərini qarşılamaq üçün mülkiyyətində olan mübahisəli mənzilin satması məcburiyyətində qalmışdır. Bu səbəbdən iddiaçı cavabdehlərə kompensasiya verilməklə onların istifadə hüquqlarına xitam verilməsini və onların evdən çıxarılmasını xahiş edir. İddiaçı iddia tələbində cavabdehlərin istifadə hüquqlarına kompensasiya verilməsi ilə bağlı məbləği 5000 manat göstərsə də, məhkəmə həmin məbləğin cavabdehlərin hər birinə 10000 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir. Məhkəmə qeyd edir ki, kompensasiya məbləği iddiaçı tərəfindən iddia tələbində 5000 manat həddində göstərilsə də, məhkəmə tərəfindən təklif olunan kompensasiya məbləğinə aydınlıq gətirilməli və təklif olunan məbləğə iddiaçının razılığına uyğun olaraq müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir.

2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin bazar dəyəri 75.000 manat, mənzilin yerləşdiyi ərazidə isə mübahisəli mənzilə uyğun mənzilin aylıq kirayə haqqı 350 manat təşkil edir. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilən evlərin kirayə verilməsinə dair müvafiq portaldan çıxarışlardan belə məlum olur ki, həmin çıxarışlarda 1 otaqlı mənzilin kirayə haqqı ***-**** manat həddindədir. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdehlərin istifadə hüquqlarına məhkəmə tərəfindən təklif olunan 10.000 manat məbləğində kompensasiyanın verilməsinə dair təklifinə razılıq verilməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, qanunvericiliyin norması, o cümlədən Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, kompensasiyanın məbləği şəxsə müəyyən müddət ərzində əvvəlki yaşayış sahəsinə uyğun sahədə yaşamağa imkan versin, yəni kompensasiya verilməsi elə əvəzləşdirməni nəzərdə tutmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğini və məhkəmə tərəfindən təklif olunan kompensasiya məbləğini (hər birinə 10.000 manat) nəzərə alaraq hesab edir ki, həmin məbləğ cavabdehlərin hər birinə 18-22 aya yaxın müddət ərzində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Həmin məbləği məhkəmə hesab edir ki, ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edildiyindən, iddia tələbi cavabdehlərin mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsində də əsaslı hesab edilməli və təmin edilmədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, qətnamənin cavabdehlərə kompensasiya verilməsi və onların mənzildən çıxarılması hissələri eyni vaxtda icra edilməlidir. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, evlərin kirayə verilməsi ilə bağlı elanlar müvafiq portallarda mövcud olduğundan, iddiaçının əlavə olaraq həmin halın müəyyən edilməsi ilə bağlı özəl şirkətə müraciət etməsi və həm evin dəyəri, həm də kirayə haqqı barədə məlumatın alınması (kompensasiya məbləğinin müəyyən edilməsi üçün evin dəyəri barədə məlumatın məhkəməyə təqdim edilməsinə zərurət yoxdur və həmin məlumat məhkəmə tərəfindən hazırkı iş üzrə sübut kimi dəyərləndirmir) ilə bağlı xərcin çəkilməsi məhkəmə xərci kimi qəbul edilə bilməz və iddia təmin olunsa da, arayışın verilməsi ilə bağlı özəl şirkətə ödənilmiş xərc iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 10 saylı evin 9 saylı mənzili üzrə Cavabdeh1 istifadə hüququna 10.000 (on min) manat, Cavabdeh2 istifadə hüququna 10.000 (on min) manat, Cavabdeh4 istifadə hüququna 10.000 (on min) manat, Cavabdeh3 istifadə hüququna 10.000 (on min) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 10 saylı evin 9 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamə Cavabdeh1 10.000 (on min) manat, Cavabdeh2 10.000 (on min) manat, Cavabdeh4 10.000 (on min) manat, Cavabdeh3 10.000 (on min) manat kompensasiya verilməklə mənzildən çıxarılması hissələrində eyni vaxtda icra edilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 10 saylı evin 9 saylı mənzil üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar