Məhkəmə qərarları › İş №e-2(009)-1606/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1606/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1606/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında 26 iyun 2020-ci il tarixdə bağlanılmış 26620 saylı X3 üzrə yaranmış 470 (dörd yüz yetmiş) manat əsas borc məbləğinin, 138,18 (yüz otuz səkkiz manat on səkkiz qəpik) manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş 5.839 (beş min səkkiz yüz otuz doqquz) manat maddi ziyanın, ümumilikdə 6547,18 (altı min beş yüz qırx yeddi manat on səkkiz qəpik) manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 26 iyun 2020-ci il tarixdə lizinq obyekti olan 2018-ci il buraxılışlı, qəhvəyi rəngli, “SAİPA SAİNA” markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobilin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 26620 saylı X3 bağlanılmışdır. 29 aylıq müddətə bağlanılmış Müqavilənin şərtlərində nəzərdə tutulan öhdəliklər İddiaçı MMC tərəfindən tam şəkildə icra edilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək X3 üzrə ödənilməsi nəzərdə tutulan ümumi 10.095 manat qalıq puldan 470 manat əsas ödəniş borcunu uzun zamandır ki, geçikdirməklə ödəməkdən qərəzli olaraq boyun qaçırır. Cavabdehin qərəzli hərəkətlərinin nəticəsində Cavabdeh Lizinq verənə 470 manat əsas ödəniş borcu, 170,45 manat lizinq mükafatı (faiz) borcu yaranmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, yazılı bildiriş (pretenziya) göndərilməsinə və əməkdaşı olduğu quruma müraciətlər etmələrinə baxmayaraq X3 üzrə nəzərdə tutulan öhdəlikləri ödəməkdən qərəzli olaraq boyun qaçırmaqla lizinq obyekti olan avtomobil üzrə yaranmış borclarını ödəməmiş, yol verdiyi hüquqazidd hərəkətlər nəticəsində avtomobili müqavilə şərtlərinə zidd olaraq saz və istifadəyə yararlı vəziyyətdə saxlamadan lizinq obyektini yararsız hala salmış, avtomobildən istifadə edərkən avtomobilə maddi ziyan vurmuşdur ki, bununla bağlı AR DİN Bakı şəhər YPİ tərəfindən xx.xx.2020-ci il tarixdə inzibati xəta Protokolu tərtib edilmişdir. İnzibati xəta hadisəsi nəticəsində lizinq obyekti olan 2018-ci il buraxılışlı, qəhvəyi rəngli, “SAİPA SAİNA” markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobilə 5.839 manat maddi ziyan vurulmuşdur. Avtomobil qəzalı vəziyyətdə İddiaçı MMC-yə məxsus dayanacaqda saxlanılır. Cavabdeh öhdəliklərini icra etməyərək müqavilənin şərtlərini pozduğu üçün onunla bağlanılmış müqaviləyə lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilmiş və bu barədə özünə bildiriş təqdim edilmişdir. 2 saylı Bakı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyasında dəvət əsasında cavabdeh iştirak etsə də, yaranmış borcun ödənilməsi istiqamətində heç bir müsbət addım atmamışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış X1 9.1-ci maddəsinin tələblərində nəzərdə tutulmuşdur ki, Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Qeyd edilən Müqavilənin 10.1-ci maddəsinin tələblərində qeyd edilmişdir ki, lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda, lizinq obyektinin texniki keyfiyyəti pisləşdikdə, lizinq ödənişləri lizinq alan tərəfindən ödənilmədikdə, monitorinq zamanı əmlakın vəziyyəti qənaətbəxş hesab edilmədikdə və s. hallarda lizinq şirkəti pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri ala və müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edə bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bildiriş göndərilsə də, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini qəbul etdiyini, yaranmış lizinq borcunu və dəymiş ziyanı hissə-hissə ayda 300-350 manat olmaqla ödəmək imkanının olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh bağlanmış 26 iyun 2020-ci il tarixli 26620 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, lizinq verən İddiaçı MMC 2018-ci il buraxılışlı, “SAİPA SAİNA” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, qəhvəyi rəngli avtomobili aylıq 385 manat olmaqla 29 ay müddətinə lizinq alan Cavabdeh istifadəsinə vermişdir. İş materiallarında olan “X3”nin ayrılmaz tərkib hissəsi olan 26 iyun 2020-ci il tarixli Lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh 29 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.00 manat, ümumilikdə isə 11.165 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26 iyun 2020-ci il tarixli qəbul aktından görünür ki, İddiaçı MMCnin direktoru Sangini Mehrdad və Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan lizinq obyekti olan avtomobilin başqa şəxs tərəfindən istifadə edilməsinə razılığa dair xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh “SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı olan X4 tərəfindən idarə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarında olan İddiaçı MMC-nin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə qədər Cavabdeh tərəfindən cəmi 470 manat ödənilməmiş,138.18 manat gündəlik gecimə cəriməsi borcu vardır. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, “SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Servis Mərkəzindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və ehtiyat hissələrinə görə 5839 manat vəsait tələb olunur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, o, 26 iyun 2020-ci il tarixli, 26620 saylı X3 əsasında verilmiş lizinq obyekti olan 2018-ci il buraxılışlı, qəhvəyi rəngli, “SAİPA SAİNA” minik markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobil üzrə öhdəlikləri tam icra etmədiyindən Lizinq verənə 470 AZN əsas borc və 170,45 AZN faiz borcu qalmışdır. Həmçinin, avtomobili idarə etmək üçün etibar etdiyi və yazılı ərizəsi əsasında etibarnamə verilən tanışı X4 tərəfindən 31 avqust 2020-ci il tarixdə törədilmiş inzibati xəta hadisəsi nəticəsində faktiki istifadəsində olmuş lizinq obyekti olan ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın 5.839 manat olduğunu qəbul edir və gələcəkdə bu məsələlərlə bağlı yarana biləcək məsuliyyəti daşıdığına dair iltizam vermişdir. İş materiallarında olan X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, X4 26 iyun 2020-ci il tarixli, 26620 saylı X3 əsasında tanışı Cavabdeh verilmiş lizinq obyekti olan 2018-ci il buraxılışlı, qəhvəyi rəngli, “SAİPA SAİNA” minik markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 31 avqust 2020-ci il tarixdə törətdiyi inzibati xəta hadisəsi nəticəsində lizinq obyekti olan ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə tərəfindən 5.839 manat maddi ziyan vurulmuş və gələcəkdə bu məsələ ilə bağlı yarana biləcək məsuliyyəti (maddi ziyanı tam olaraq ödəmək məsuliyyətini) daşıdığına dair iltizam vermişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 26 iyun 2020-ci il tarixdə bağlanılmış 26620 saylı X3 üzrə yaranmış 470 (dörd yüz yetmiş) manat əsas borc məbləğin, 138,18 (yüz otuz səkkiz manat on səkkiz qəpik) manat lizinq mükafatının (faiz), yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş 5.839 manat (beş min səkkiz yüz otuz doqquz) maddi ziyanın, ümumilikdə 6547,18 (altı min beş yüz qırx yeddi manat on səkkiz qəpik) manat pulun ödənilməsi xahiş olunmuş, əks halda məhkməyə müraciət olunacağı bildirilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmış, Cavabdeh 26 iyun 2020-ci il tarixli 26620 saylı “Daxili lizinq” müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 470 manat əsas borc, 170,45 manat faiz borcu qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh “SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün tanışı X2 vermiş, X4 da “SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5839 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. (MM 748-1.8) Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. (MM 748-1.9) Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 2.1-ci bəndinə əsasən, Lizinq verən Lizinq obyektini Satıcıdan əldə etməyi (bu müqavilə bağlanarkən Lizinq obyektinin Lizinq verənin mülkiyyətində olduğu hallar istisna təşkil etməklə) və Müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq Alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə Lizinq obyektini qəbul edib Müqavilə üzrə müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini Lizinq Alana ödəməyi qarşılıqlı olaraq öhdələrinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən Lizinq ödənişləri Müqavilə bağlanıldığı gündən 1 (bir) ay sonradan başlanılaraq hər ayın Müqavilə bağlanılma tarixi olmaqla lizinq obyektinin məbləği və ona hesablanmış faizlər də daxil olmaqla lizinq müddətinə uyğun olaraq aylıq 385 manat təşkil edir, Müqavilənin 2.4-cü bəndinə əsasən Lizinq verən lizinq obyektini 29 aylıq müddətə, illik 20,25 % -hesablanmaqla Lizinq alanın müvəqqəti sahibliyi və istifadəsinə verir. Müqavilənin 2.5-ci bəndinə əsasən Lizinq məbləği və ona hesablanmış faizlər, cərimələr Lizinq alan tərəfindən vaxtında ödənilmədikdə gecikdirilən məbləğin 10%-i cərimə hesablanır və cərimə Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. Müqavilənin 8.1-ci bəndinə əsasən Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin, onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi və istismarı zamanı buraxılan səhvlərdən, yol verilən risklərdən qorunması və bununla bağlı digər, o cümlədən, İİİ şəxslər qarşısında bütün məsuliyyəti Müqavilə imzalandığı andan Lizinq alan daşıyır. Müqavilənin 9.1-ci maddəsinə əsasən Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilənin 9.2-ci bəndinə əsasən Lizinq obyekti olan avtomobilin itirilməsi, məhv olması, çatışmazlığı, zədələnməsi, habelə Lizinq alan tərəfindən cərimənin ödənilməsi Lizinq alanı bu Müqavilə üzrə öz öhdəliklərini icra etməkdən, habelə vurulmuş başqa zərərin əvəzini Lizinq verənə tam həcmdə ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən müqavilə üzrə “SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “SAİPA SAİNA” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Buna görə də, İddiaçı MMC-nin iddia tələbinin cavabdehdən lizinq məbləği, cərimə və zərərin ödənilməsini tələb etməsi hissələri tam əsaslıdır. Məhkəmə həmçinin iddia tələbinin 100 (yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 100 (yüz) manat xidmət haqqı ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2020-ci il tarixli 26620 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 470 (dörd yüz yetmiş) manat əsas borc, 138,18 (yüz otuz səkkiz manat on səkkiz qəpik) manat faiz (mükafat) borcu və 5.839 (beş min səkkiz yüz otuz doqquz) manat dəymiş zərərin əvəzi, ödənilmiş 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 6547,18 (altı min beş yüz qırx yeddi manat on səkkiz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2020-ci il tarixli 26620 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 470 (dörd yüz yetmiş) manat əsas borc, 138,18 (bir yüz otuz səkkiz manat on səkkiz qəpik) manat faiz (mükafat) borcu və 5.839 (beş min səkkiz yüz otuz doqquz) manat dəymiş zərərin əvəzi və ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci olmaqla, cəmi 6547,18 (altı min beş yüz qırx yeddi manat on səkkiz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar