Məhkəmə qərarları › İş №e-2(009)-161/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-161/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-161/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “mənzildən çıxarılma və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və daşınmaz əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə dəqiqləşmə ərizəsi verərək cavabdehlər X1 və Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi ünvanında yerləşən 1046 saylı fərdi yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixində İddiaçı ilə X6 arasında AN-İ №0242614 saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanaraq, C.M.Rəhimova məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 658.95 kv.m, yaşayış sahəsi 153.28 kv.m, yardımçı sahəsi 505.67 kv.m olan, 7 otaqdan ibarət 1046 saylı fərdi yaşayış evi İddiaçı tərəfindən 340.000 manata alınmışdır. Göstərilən müqavilədə Bakı şəhəri 41 saylı dövlət notariat kontorunun dövlət notariusu N.T.Qazı-zadə tərəfindən xx.xx.2011-ci il tarixində təsdiq edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 1046 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli AN-İ №0242614 saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, Satıcı fərdi yaşayış evini yardımçı vasitələrlə birlikdə Alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan dərhal sonra onun faktiki sahibliyinə və istifadəsinə verməyi, Alıcı isə fərdi yaşayış evini qəbul etməyi öhdəsinə götürür. Qeyd edirlər ki, fərdi yaşayış evi İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməyib. 2018-ci ildə İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 və onun ailə üzvlərinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1046 saylı fərdi yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı X6 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia ərizəsinin rədd edilməsi, tərəflər arasında bağlanmış AN-İ seriyalı ******* saylı 06 may 2021-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 45/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edildiyi hissədə ləğv edilərək, ilk iddia üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmişdir: "Apellyasiya baxışı zamanı təqdim edilmiş AZ-İ seriyalı 985186 saylı xx.xx.2018-ci il tarixli "Ölüm haqqında tibbi şəhadətnaməmdən görünür ki, cavabdeh X6 xx.xx.2018-ci il tarixində vəfat etmiş, bu səbəbdən də müvafiq məhkəmə qərardadı ilə iş üzrə icraatın Ceyhun Rəhimovun hüquqi varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh mərhum X2 hüquqi varisinin olub-olmamasının, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçibkeçməməsi barədə Bakı şəhəri 28 saylı Notariat ofisinə sorğular verilmiş, həmin sorğulara cavab olaraq Bakı şəhəri 28 saylı Notariat ofisinin məktublarından görünür ki, X2 həyat yoldaşı Cavabdeh, övladları X7, X10 və X3 xx.xx.2019-cu il tarixli ərizələri əsasında vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək, cavabdeh X2 prosessual hüquqi varislərinin həyat yoldaşı Cavabdeh, övladları X7, X10 və X8 ilə əvəz edilməsi qərara alınmışdır." Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 1046 saylı fərdi yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinin boşaldılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada digər cavabdehlərə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 369.92 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququna, ölçüsü 0.06 ha olan yaşayış məntəqələrinin torpaqları üzərində istifadə hüququna qeydiyyatdadır. İş materiallarındakı notariat qaydasında 06 may 2011-ci il tarixdə Bakı şəhəri 41 saylı Notariat kontorunun dövlət notariusu Qazı-zadə N.T tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X6 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 658.95 kv.m, yaşayış sahəsi 153.28 kv.m, yardımçı sahəsi 505.67 kv.m olan, 7 otaqdan ibarət 1046 saylı fərdi yaşayış evini 340.000 manat məbləğinə alıcı İddiaçı satmışdır. İş materiallarında olan DİN Bakı şəhəri Səbail rayon Polis İdarəsi 41-ci Polis bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 47-4/2-799/2023 nömrəli cavab məktubundan görünür ki, X7 və anası Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1046 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşadıqları müəyyən olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 45/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edildiyi hissədə ləğv edilərək, ilk iddia üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 45/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadından görünür ki, qarşılıqlı iddia üzrə icraat iddiaçı X2 hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “əmlakın boşaldılması” barədə ilkin iddia tələbinin qismən təmin edilməsi, X2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən ümumi sahəsi 0,02404 ha olan torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1046 fərdi yaşayış evini boşaldaraq, həmin evdən çıxarılması, X2 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 15/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi (Səbail) Rayon Məhkəməsinin 2(009)-265/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən-qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan DİN Bakı şəhəri BPİ Səbail rayon Pİ-nin 8-ci Polis bölməsinin 9/1-2993 tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1046 saylı evdə faktiki olaraq X6-özü, Cavabdeh-həyat yoldaşı, X7-oğlu, X9-qızı yaşayır. İş materiallarında olan DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəh., S.Məmmədov küç, ev.6, m.41 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2011-ci il tarixdə satıcı X6 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 658.95 kv.m, yaşayış sahəsi 153.28 kv.m, yardımçı sahəsi 505.67 kv.m olan, 7 otaqdan ibarət 1046 saylı fərdi yaşayış evini 340.000 manat məbləğinə alıcı İddiaçı satmışdır. X7 və anası Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1046 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindədir, iddiaçı həmin yaşayış sahəsini cavabdehlərin qanunsuz istifadəsindən geri tələb etsə də, cavabdehlər yaşayış sahəsini boşaltmaqdan imtina etmişlər. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, həmin mənzildən qanunsuz olaraq istifadə edənlərin çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzilindən istifadə etmələri iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalı və cavabdehlər yaşayış sahəsindən çıxarılmalı və müvafiq mənzil iddiaçıya təhvil verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X7 və Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 1046 saylı fərdi yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılmalı, fərdi yaşayış evi və istifadədə olan torpaq sahəsi cavabdehlər tərəfindən boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X7 və Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 1046 saylı fərdi yaşayış evindən və istifadədə olan torpaq sahəsindən çıxarılsın, fərdi yaşayış evi və istifadədə olan torpaq sahəsi cavabdehlər tərəfindən boşaldılsın, mənzil iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar