Məhkəmə qərarları › İş №e-2(009)-1615/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1615/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1615/2022 17.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli XRDK01183 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1176.31 (min yüz yetmiş altı manat otuz bir qəpik) manat əsas, 154.57 (yüz əlli dörd manat əlli yeddi qəpik) manat cərimə, ümumilikdə 1330.88 (min yüz otuz, səksən səkkiz) manat və 33.30 (otuz üç, otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli XRDK01183 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı məişət məhsuluna görə 18 ay ödəniş cədvəli üzrə hər ay 106 (yüz altı) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozduğuna görə qalıq borcun məbləği 1176.31 manat, gecikmə günlərinin sayı 219, hesablanmış cərimə məbləği 772.84, hesablanmış cərimə məbləğinin 20 %-i 154.57 manat və nəticədə qalıq borc və cərimənin 20%-nin cəmi məbləği 1330.88 manat olmaqla borcu yaranmışdır., Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmış. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilə hər gün üçün borc məbləğinin 0.3% həcmində dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilməlidir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülkiprosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XRDK01183 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən məişət məhsulu əldə etmiş və 2076.26 manat məbləğini 18 ay müddətinə aylıq 106 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, XRDK011833 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 1176.31 manat əsas, 154.57 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunda Cavabdeh iddiaçı tərəfindən borcunun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi barədə məlumat qeyd olunmuşdur. İş materiallarında olan kreditin alınması üçün ərizə-Cavabdeh aid faktiki ünvan, şəxsiyyət vəsiqəsinin məlumatları, qeydiyyat üzrə ünvanı, əlaqə telefonları, ailə vəziyyəti barədə məlumatlar öz əksini tapır. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XRDK01183 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı məişət məhsuluna görə 18 ay ödəniş cədvəli üzrə hər ay 106 manat olmaqla cəmi 2.076.26 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 1330.88 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2021-ci il tarixli, XRDK01183 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 1176.31 manat əsas borca görə 154.57 manat cərimə tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən xx.xx.2021-ci il tarixli, XRDK01183 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 1176.31 manat əsas borca görə 60 manat cərimə (dəbbə pulu) tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 33.30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 32 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, XRDK01183 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 1176.31 manat əsas, 60 manat cərimə, ümumilikdə 1236.31 manat və 32 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, XRDK01183 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə yaranmış 1176.31 (min yüz yetmiş altı manat otuz bir qəpik) manat əsas, 60 (altmış) manat cərimə, ümumilikdə 1236.31 (min iki yüz otuz altı manat otuz bir qəpik) manat və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar