Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1663/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməs, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1-ci döngə, 565, yeni qaydalara görə ünvan 1 ünvanında olan 0,06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılması, iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, cavabdehə məxsus ünvan 2 ünvanında qanunsuz olaraq tikilmiş fərdi yaşayış evinin 2,53 kv.m. (8,45m x 0,3m) sahəsinin cavabdehin hesabına sökülməsi, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1-ci döngə, 565, yeni qaydalara görə ünvan 1 ünvanında olan 0,06 ha torpaq sahəsinin zəbt olunmuş 2,53 kv.m. (8,45m x 0,3m) sahəsini cavabdehin qanunsuz sahibliyindən geri alınması, ünvan 3 ünvanında qanunsuz olaraq tikilmiş fərdi yaşayış evinin iddiaçının həyətinə açılan pəncərələrinin bağlanması və iddiaçıya dəymiş 15300 manat məbləğində maddi, 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1-ci döngə, 565, yeni qaydalara görə ünvan 1 ünvanında X2 xüsusi mülkiyyətində 0,06 ha torpaq sahəsi vardır. Torpaq sahəsində tikinti işlərinə başlanmazdan əvvəl torpaq sahəsinin koordinatları müəyyən olunduqda məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda cavabdehin mülkiyyətində olan torpaq sahəsinin həmsərhəd divarı düzgün çəkilməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi hasara alınarkən və üzərində fərdi yaşayış evi tikilərkən torpaq sahəsinin koordinatları qəsdən faktiki olaraq düzgün müəyyən edilməmiş, nəticə etibarilə iddiaçının torpaq sahəsi cavabdehlə həmsərhəd divarda qanunsuz olaraq təqribən 0,3 m hissədə cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla yanaşı cavabdehin həmin torpaq sahəsi üzərində qanunsuz olaraq tikilmiş fərdi yaşayış evinin pəncərələri birbaşa iddiaçının həyətinə açılır. Bununla da kifayətlənməyən Cavabdeh iddiaçıya məxsus torpaq sahəsində tikintinin aparılmasına qanunsuz olaraq maneələr yaradır, işçilərin, iddiaçının və yaxınlarının üzərinə hücum çəkir, görülən tikinti işlərini, tikinti materiallarını dağıtmağa, yararsız hala salmağa cəhd edir və müəyyən vaxtlarda buna nail olur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi vətəndaş Cavabdeh müraciətini rəhbər tutaraq 01-07 iyul 2023-cü il tarixdə cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyəti barədə tərtib etdikləri AKT-da onlar tərəfindən aparılan tikinti işləri və bünövrə çalasının qazılması nəticəsində həyətyanı sahədə hər hansı çat və deformasiyaların müşahidə edilməməsini müəyyən etsə də, vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evinin texniki cəhətdən məhdud işlək vəziyyətdə olmasını qeyd etmişdir. AKT-dan da göründüyü kimi, Cavabdeh məxsus fərdi yaşayış evi qəzalı və məhdud işlək vəziyyətdədir. Fərdi yaşayış evi tikinti normalarına zidd olaraq, nəinki ara məsafəsi qoyulmadan, həmçinin də iddiaçıya məxus torpaq sahəsinin bir hissəsini zəbt edərək hasarın üzərində tikildiyi üçün hər an iddiaçının həmin torpaq sahəsində inşa etdirəcəyi fərdi yaşayış evinə təhlükə yarada biləcəkdir. Bununla yanaşı yuxarıda da qeyd etdiyi kimi cavabdeh müəyyən vaxtlarda (01-20 iyul 2023-cü il tarxlərində) iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti norma və qaydalarına riayət olunaraq aparılan tikinti işlərinə dəfələrlə qanunsuz müdaxilələr etmiş, hətta tikinti işlərini icra edən şəxslərə o cümlədən iddiaçıya qarşı fiziki zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə tikinti işlərini qanunsuz olaraq dayandırmışdır, bununla da iddiçıya maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı qaldırdığı iddia əsassızdır. Belə ki, 2010-cu tarixdə, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 290E saylı evin xüsusi mülkiyyətçisidir. 2010-cu ildə mülkiyyətində olan torpağı alarkən artıq torpağın dörd tərəfdən tikilmiş qonşu hasarlarla əhatə olunmuşdu və içərisində yarımçıq qalan tikinti işləri vardı. Sonradan bu tikinti işləri yeni layihə əsasında tamamlanaraq Daşınmaz Əmlakın Dövlət Reystrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti onun fərdi evinə 04/7407 inventar nömrəli Texniki Pasportda vermişdir. İddiaçı oglu X2 apardığı tikintiyə qanunsuz maneələr yaratmagı ilə bağlı iddiaları da əsassızdır və məhkəməni çaşdırmaq xarakteri daşıyır. Belə ki, tikinti qaydaları X5 oglu və İddiaçı oglu tərəfindən pozulduğuna görə FHN TTNDA-i tərəfindən 0569 nömrəli 25 iyul 2023-cü il tarixli qərarı ilə dayandırılmışdır. Sonradan isə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16(009)-158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə bütün tikinti işləri dərhal dayandırılmışdır. Bakı İnzibati məhkəməsinə isə qonşular kollektiv olaraq iddia qaldıraraq Səbail Rayon İcra Hakimiyyətinin C-11-159 xx.xx.2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş ediblər. Agır tikinti texnikası ilə təməl qazıntı işləri aparılmışdır.Yaşayış evlərinə bitişik, qonşu hasarların dibi ilə bütün sahə boyu beş metrdən çox dərinlikdə xəndəklər qazılmışdır. Qonşu divarlarla ara məsafəsi saxlanılmadan, təhlükəsizlik baxımından bərkidilmə istinad divarları qurulmamışdır. Bu səbəbdən də, yaşayış evlərinin bünövrəsi boşalmışdır ki, nəticədə evinin döşəməsində dərin çatlar yaranmağa başlamışdır. Agır tikinti texnikası ilə qaya laylarını dağıdarkən günlərlə evlərinin divarlarının güclü titrəməsi evlərin divarlarında dərin çatlar yaratmışdır. Nəticədə evləri qəzalı vəziyyətə düşmüşdür ki, buda bu evlərdə yaşayan çoxsaylı insan həyatı üçün təhlükə yaratmışdır. Bu səbəbdən İddiaçı fərdi ev adı altında apardığı çoxmərtəbəli bina tikintisinə bənzəyən təhlükəli tikinti, illərlə yaşadıqları fərdi yaşayış evlərini qəzalı vəziyyətə salaraq orda yaşayanlara həyati təhlükə yaratmışdır. Məhkəməyə verilən iddia ərizəsinə əlavə edilmiş sənədlər bir-biri ilə ziddiyyət təşkil edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən birində, İddiaçı aid Daşınmaz Əmlakın Dövlət Reystrindən verilən çıxarışda ünvan göstərilməmişdir) ********** nömrəsi ilə xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Digər sənəddə isə, FHN TTNDA-ə ünvanlanmış Səbail Rayon icra hakimiyyətinin məktubunda İddiaçı oglu ilə memarlıq-planlaşdırma layihəsinin razılaşdırlması Daşınmaz Əmlakın Dövlət Reystrində ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışına əsaslanmışdır. Yəni İddiaçı Səbail rayon məhkəməsinə təqdim etdiyi əlavə sənədlərdəki çıxarışla memarlıq-planlaşdırma layihəsinin razılaşdırılmasına görə Səbail rayon İcra Hakimiyyətinə verdiyi çıxarışlar müxtəlifdir (iddia ərizəsinə əlavə olunan iki sənədi müqayisə edərkən ounu aydın görmək olur). Bu səbəbdən, İddiaçı ona qarşı qaldırdığı iddialar əsassızdır. Məhkəmə qərardadı ilə və tikintidə qanun pozuntularına yol verdiyi üçün dövlət qərarları əsasında tikinti işləri dayandırılmışdır. Onun apardığı təhlükəli tikinti onun və qonşularının yaşayış evlərinə ziyan vurduğundan tikintinin sökülməsinə dair kollektiv iddia ərizəsi ilə İnzibati məhkəmədə və Səbail rayon məhkəməsində mübahisələndiriblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır, evi alıb, mülkiyyətçidir, orda yaşayır. Məhkəmənin digər hakimində mülki işləri var, rəy alınması üçün iş ekspertizaya göndərilib. Eyni məzmunda inzibati məhkəmədə iki dəfə iddia qaldırılıb, tikinti işlərinin dayandırılması məhkəmənin qərarı ilə olmuşdur, onun heç bir müdaxiləsi olmamışdır. Torpağı çıxarışla almışdır, texniki pasportu var, alan zaman artıq hasar var idi, özü hasar çəkməmişdir. İddiaçılar qonşu hasarların dibi ilə dərin xəndəklər qazmışlar, orda da istinad divarları bərkidilməmişdir. Bu səbəbdən də evlərində çatlar yaranmışdır. FHN qərarı ilə işlər dayandırılmışdır. Səbail Rayon Məhkəməsinin qərarı ilə də tikinti işlərinin dayandırılması təsdiqlənmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən xüsusi mülkiyyətdə olan **********49 reyestr nömrəli 0.06 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan da görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 566C saylı sahə Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 15-ci Səbail küçəsi, 31-də yerləşən xüsusi mülkiyyətdə olan **********65 reyestr nömrəli 0.06 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə verilmiş **********13-10301 reyestr nömrəli Texniki Passportdan görünür ki, ünvan 2 ümumi sahəsi 145.90 olan 0.013776 ha fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsində xx.xx.2023-cü il qeydiyyat tarixli verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1-ci döngə 565 , Yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 6-cı paralel küçəsi, 2-də yerləşən **********32 reyestr nömrəli 0.06 ha xüsusi mülkiyyət X2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 6 ünvanda qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Nurməmməd oğlu tərəfindən aparılmış qanunsuz tikinti işləri barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən Tikinti işlərinin dayandırılması barədə “Qərar” verilmiş və xx.xx.2023-cü il tarixli 0569 nömrəli “Qərar”-ın tələblərinin yerinə yetirildiyini və yeni tərtib edilmiş layihədə öz əksini tapdığını nəzərə alaraq tikinti quraşdırma işlərinin davam etdirilməsinə etiraz etmədikləri bildirilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 16(009)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən İddiaçı aid 600 kv.m, X4 aid 600 kv.m və dövlət mülkiyyətinə aid 270 kv.m olan (ümumilikdə 1470 kv.metr) torpaq sahəsində tikinti işlərinin aparılması İddiaçı və digər şəxslərə qadağan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında Cavabdeh ərizə yazaraq iddiaçının nümayəndəsinin ərizəsinin işi uzatmaq məqsədi daşıdığını bildirərək işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ümumi sahəsi 145.90 olan 0.013776 ha fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən aparılan tikinti öz mülkiyyətində olan torpaq sahəsi üzərində aparılır və həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X3 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən mülkiyyətçi öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə və ona dair sərəncam verə bilər. Cavabdeh tərəfindən aparılan tikinti öz mülkiyyətindən istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlıdır və bu hüquqların həyata keçirilməsində cavabdeh sərbəstdir. Lakin iddiaçının tələbi faktiki olaraq cavabdehin qanunla qorunan hüquqlarının həyata keçirilməsinə qadağa qoyulması ilə bağlıdır ki, bu da mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Məhkəmə həmçinin hesab edir ki, tikinti işləri qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə dayandırıldığından iddia tələbi bu hissədə də əsassız hesab edilməlidir. Məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində 15300 manat maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, iddia tələbi maddi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 1000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 1000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Beləilklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1663/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1663/2023
06.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver