Məhkəmə qərarları › İş №e-2(009)-1664/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1664/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1664/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında bağlanmış ONSK13190 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2204.78 manat dəyərində nisyə aldığı mala görə 89 manat ilkin ödəniş olaraq ödəmiş,qalıq 2115.78 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh qarşı olan 2115.78 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 810,78 manat əsas borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı QSC-nin xeyrinə ONSK13190 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 810,78 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Müştəri» qismində X1 ilə «Faktor» qismində İddiaçı QSC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, R-16/19 saylı tələbin güzəşti barədə faktorinq müqavilədən görünür ki, müqaviləyə əsasən Faktor, Borclu barəsində Müştərinin Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul verir (Müştərini maliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş üzrə “Satıcı” qismində (VÖEN **********) "xxxx" MMC ilə “Alıcı” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, ONSK13190 saylı nisyə alqı-satqı müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən satıcı Cavabdeh 1 ədəd “Samsung” televizor və 1 ədəd “Bosch” markalı soyuducu olan əmlakları 19 ay müddətinə ödənilmək şərti ilə (ayda 118 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyaların ümumi alqı-satqı qiyməti 2204,78 manat təşkil edir. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 810,78 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN **********) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və ümumi dəyəri 2204,78 AZN olan malı «Alıcı»ya nisyə satmağı, «Alıcı» isə satılmış əşyaya görə 89 AZN ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN **********) ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixdə faktorinq müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı QSC (faktor), "xxxx" MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına "xxxx" MMC-yə (VÖEN **********) pul vəsaiti verir, "xxxx" MMC isə borcluya qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında həmçinin müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanılmış nisyə alqı-satı müqaviləsi üzrə yerinə yetirməli olan öhdəliklərini pozmuşdur. Bu səbəbdən İddiaçı MMC cavabdehin "xxxx" MMC qarşısında olan borcu ödəmiş və "xxxx" MMC borcluya qarşı olan tələbini iddiaçıya güzəşt etmişdir. AR Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir (maddə 655.2). Məhkəmə qeyd edir ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən cavabdehə qarşı olan tələb hüququ iddiaçıya güzəşt olunduğundan və həmin güzəşt qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçı cavabdehə qarşı hazırki tələblə çıxış etməkdə subyektiv hüququ var. İş materialları ilə (maliyyə arayışına) müəyyən edilmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə, onun xx.xx.2023-cü il tarixə 810,78 manat borcu yaranmışdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 810,78 manat borc tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli ONSK13190 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə yaranmış 810,78 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və bank xidmət haqqı kimi 0,40 manat, cəmi 841,18 (səkkiz yüz qırx bir manat on səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar