Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1675/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və Bakı şəhəri 19 saylı dövlət notariat kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və Bakı şəhəri 19 saylı dövlət notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)-22/2016 saylı qətnaməsi ilə X4 ilə İddiaçı arasında Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair 11 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzilinə dair Azərbayvcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən İddiaçı adına verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək iddiaçı Cavabdeh1 120000 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh İddiaçı ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Ali Məhkəmənin 07 yanvar 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçı Cavabdeh1 kassasiya şikayəti əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin 2(009)-22/2016 saylı, 26 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin 27 sentyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da işin baxışına yekun vurulmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı adına verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamə ləğv olunduğu üçün icraya dönüş edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv olunaraq iddia təmin edilmədiyi halda cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi düzgün olmamışdır. Ali Məhkəmənin 27 sentyabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, cavabdeh İddiaçı ilə X4 arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqavilənin bağlanması barədə iddiaçının yazılı razılığı olmuş, iddia ərizəsində iddiaçının qeyd etməsinə əsasən iddiaçının göstərilən alğı-satqı müqaviləsi barədə məlumatı olmuş, həmin zamandan müqavilə mübahisələndirilməmişdir. Bununla da, mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməli, cavabdeh İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilinə dair AR ƏMDK yanında DƏDRX-dən verilmiş daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış bərpa ediməlidir. Məhkəmə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, İddiaçı adına Bakı şəhəri Səbail rayonu Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilinə dair AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsi və İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-dən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın bərpa edilməsinə dair xx.xx.2021-ci il tarixli məhkəmə aktı çıxarmışdır. Qeyd edilənlərə baxmayaraq Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud olduğu səbəbindən icra dönüşü üzrə İddiaçı adına olan köhnə çıxarışın bərpası qeyd edilən şəhadətnamənin ləğvindən sonra mümkündür. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, hazırkı işlə bağlı icra dönüşü edildikdən sonra reyestr xidməti mülkiyyət hüququ əsasında çıxarışı bərpa etməkdən imtina edərək bildirmişlər ki, həmin mənzil vərəsəlik hüququ əsasında keçmişdir. Ona görə də həmin vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Cavabdeh1 X4 ilə 20 dekabr 1994-cü ildə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli Bakı şəhəri, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzili Cavabdeh1 ilə X4 ilə birgə nikahda olduqları müddət ərzində əldə edilmiş və xüsusi mülkiyyət hüququ üzrə 16 may 2008-ci ildə X2 adına qeydiyyata alınmışdır. X4 ilə İddiaçı arasında AN-İ ******* saylı, 11 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X4 ona məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili 120000 manata İddiaçı satmışdır. Mübahisəli mənzil xx.xx.2013-cü ildən cavabdeh İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bakı şəhəri 46 saylı Notariat Kontorunda 11 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən X3 11 yanvar 2014-cü il tarixədək qaytarmaq şərtilə 150000 manat məbləğində borc verilmiş, daha sonra tərəflər notariusa ərizə ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildiyi üçün kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişlər. Sonra məlum olmuşdur ki, alğı-satqı müqaviləsi, həm də kredit müqaviləsi eyni gündə, yəni 11 oktyabr 2013-cü il tarixdə bağlanmış və eyni notariat kontorunda təsdiq olunmuşdur. Cavabdeh1 əri Azər Rəhimovun İddiaçı nə qədər borc pul alması və hansı məqsədə almasını bilməmişdir. Cavabdehin əri Azər Rəhimov tələbkar A.Dadaşovla da 30 iyun 2008-ci ildə notariat qaydada təsdiq olunmuş borc müqaviləsinə əsasən 80 min manat pul almış və həmin pulu 30 iyul 2008-ci il tarixədək, yəni 1 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Lakin həmin pulu qaytarmamışdır. Azər Rəhimov həmin pulu qaytara bilmədiyindən onun əvəzində yaşadıqları və onun xüsusi mülkiyyətində olan mübahisəli mənzilin bütün sənədlərini və o cümlədən baş etibarnamə vermişdir. A,Rəhimov pulu qaytarmadığından məhkəmənin qətnaməsi icraya yönəlmiş və yaşadıqları mənzilin üzərinə həbs qoyulmuşdur. Əri A.Rəhimov həbsi ləğv etdirmək üçün məhkəməyə müraciət etmiş və şikayəti təmin olunmamışdır. A.Rəhimov 15 iyul 2013-cü il tarixdə Cavabdeh1 imzalatdığı ərizəni tələbkar A.Dadaşova göstərmək üçün yazdırmış və bildirmişdir ki, onsuz da mənzilin üzərində həbs vardır, bunu formal olaraq yazdırır. Cavabdeh1 İddiaçı tanımamış, əri A.Rəhimovun ondan borc pul aldığını bilməmişdir. Bu barədə əri A.Rəhimov 10 mart 2015-ci il tarixdə vəfat edəndən sonra məlumatı olmuşdur. X5 Bağırov arasında bağlanılmış xx.xx.2013-cü il tarixli borc müqaviləsində məbləğin 150000 manat göstərilməsinə baxmayaraq həmin tarixli alğı-satqı müqaviləsində isə mənzilin 120000 manata satılması barədə göstərilən rəqəm onu göstərir ki, A.Rəhimovla İddiaçı arasında sırf borc müqaviləsi olmuşdur. İddiaçı mənzili xx.xx.2013-cü ildə alğı-satqı yolu ilə formal olaraq almasına baxmayaraq 2015-ci ilin mart ayının 10-na kimi, yəni A.Rəhimov vəfat edənə kimi yaşadıqları ünvanı tanımamışdır. Qeyd edilənlərə əsasən iddia əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Bakı şəhər 19 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6067/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)- 22/2016 saylı qətnaməsi ilə (hakim A.Tağıyev) iddia təmin edilərək, X4 ilə İddiaçı arasında Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair 11 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən İddiaçı adına verilmiş, qeydiyyat tarixi 23 oktyabr 2013-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********68-05101- 093005 olan, Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)- 6644/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)- 22/2016 saylı qətnaməsi dəyişdirilərək iddiaçı Cavabdeh1 120000 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh İddiaçı ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(102)-178/2019 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)-6644/2018 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçı Cavabdeh1 kassasiya şikayəti əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)-3656/2019 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, E.Şamayev və Ş.Məhərrəmova) cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-22/2016 saylı 26 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)- 3656/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan 19 saylı notariat kontoru tərəfindən verilmiş 22 iyun 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Həmin Qanunun 42-ci maddəsinə əsasən notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir. Təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurduqda, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs bu sənədi ekspertizaya göndərməlidir. Hazırki iş üzrə mübahisə predmeti qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədir və həmin əqd birtərəfli əqd hesab edilir. Məhkəmə qeyd edir ki, 22 iyun 2016-cı il tarixdə 19 saylı notariat kontoru tərəfindən Cavabdeh1 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 47, mənzil 15 xx.xx.2013-cü il tarixdə alğı-satqı müqaviləsi üzrə İddiaçı satıldığından və xx.xx.2013-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına keçdiyindən mirasa daxil olmamışdır. Əqdlərin etibarsızlığı, əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdin elementinin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir: - subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər; - idarəsi qüsurlu olan etibarsız əqdlər; - forması qüsurlu olan əqdlər; - məzmunu qüsurlu olan əqdlər. Əqdin subyekt tərkibi barədə şərt belədir: əqd iradəvi hərəkət olduğuna görə onu yalnız tam mülki fəaliyyət qabiliyyətli subyektlər bağlaya bilər. Əqdlərin formaca qüsurla olması əqdin qanunla (Mülki Məcəllə ilə) və ya tərəflərin razılaşması ilə müəyyən edilmiş sadə yazılı formasına və ya notarial formasına əməl edilməməsindən, habelə əqdlərdən əmələ gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət olunmamasından ibarətdir. Əqdin məzmunu dedikdə, onun bütün bağlanma şərtlərinin məcmusu başa düşülür. Şərtlər isə qanun və digər hüquqi aktların tələblərinə zidd olmamalıdır. Bu isə o deməkdir ki, əqd onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilən, əqd iştirakçıları üçün məcburi olan qaydada (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Beləliklə qeyd etmək olar ki, etibarsız əqd tərəflərin arzu etmədikləri hüquqi nəticələrə səbəb olur. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)-22/2016 saylı qətnaməsinin icrasına dönüş edilərək İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış bərpa edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək müddəti ötürülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 22 iyun 2016-cı il tarixdə 19 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22 iyun 2016-cı il tarixdə 19 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1675/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1675/2022
03.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver