Məhkəmə qərarları › İş №e-2(009)-1677/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1677/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1677/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən HOFFMANN JFAC kondisioner üçün 2007.4 manat ödənilməmiş hissə, 200.6 manat cərimə, ümumilikdə, 2208 manat borc və 42.08 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN JFAC kondisioner almış və nəticədə 2208 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 4504.8 manat (yəni 24 ay x 187.7 manat + 0 manat ilkin ödəniş) HOFFMANN JFAC kondisioner üçün ümumilikdə, 2208 manat olmaqla ondan 2007.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 200.6 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 2497.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, səhhəti ilə bağlı problemlər yarandığından öhdəliyini müqavilə şərtlərinə uyğun icra edə bilməmişdir, həmin vaxta qədər ödədiyi məbləğlər isə əsassız olaraq 50 % dək hesablanmış cərimə borcuna silinmişdir. Hazırda hansı məbləğin əsas borcundan və cərimədən silinməsini bilmir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 09391395 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 24 ay müddətinə HOFFMANN JFAC kondisioneri alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 450.48 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə HOFFMANN JFAC kondisioner üçün 2007.4 manat ödənilməmiş hissə, 200.6 manat cərimə, ümumilikdə, 2208 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN JFAC kondisioner almış və nəticədə 2007.4 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4504.8 manat (24 ay x 187.7 manat + 0 manat ilkin ödəniş) HOFFMANN JFAC kondisioner üçün ümumilikdə, 2208 manat olmaqla ondan 2007.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 200.6 manat cərimə borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə HOFFMANN JFAC kondisioner üçün 2007.4 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “200.6 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn HOFFMANN JFAC kondisioner üçün 2007.4 (iki min yeddi manat qırx qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 200.6 manat dəbbə pulunun azaldılaraq 50 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə cavabdehin “ödədiyi məbləğlərin 50 % dək hesablanmış cərimələrə silinməsi” ilə bağlı ehtimallara əsaslanan dəlillərini əsassız hesab edərək qeyd edir ki, əvvəla cavabdeh müqavilə üzrə etdiyi ödənişlərin məbləği ilə bağlı sübutları-qəbzləri və s. məhkəməyə təqdim edə bilməmişdir, ikincisi isə tərəflər arasında bağlanmış müqavilə və müqaviləyə əlavənin şərtlərinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsini peniya ödənilməsinə yönəldə bilər. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, HOFFMANN JFAC kondisioner üçün 2007.4 (iki min yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2057.4 (iki min əlli yeddi manat qırx qəpik) manat və dövlət rüsumunun 40.57 (qırx manat əlli yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. HOFFMANN JFAC kondisioner üçün 2007.4 (iki min yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2057.4 (iki min əlli yeddi manat qırx qəpik) manat və dövlət rüsumunun 40.57 (qırx manat əlli yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar