Məhkəmə qərarları › İş №e-2(009)-1730/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1730/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1730/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı – Cavabdehnə qarşı “hesablanmış cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdehnə qarşı “hesablanmış cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (“X4” yaşayış Kompleksi) ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli mənzil alqı-satqı müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli dəyişiklik üzrə 31.994 (otuz bir min doqquz yüz doxsan dörd) manat məbləğində cərimənin ləğv edilməsi, cərimə borcu hesablanmasının dayandırılması və həmin müqavilə üzrə qalıq borcun 12.584 (on iki min beş yüz səksən dörd) manat məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Abşeron" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən “X4” X3 C binası, 2-ci mərtəbəsində, 222 (C) saylı, ümumi sahəsi 113,2 kvadrat metr olan mənzilin alqı-satqısına dair xx.xx.2010-cu il tarixli PBR 040 saylı Müqavilədən görünür ki, mənzilin qiyməti 230.599 AZN (iki yüz otuz min beş yüz doxsan doqquz manat) təşkil edir. İş materiallarına əlavə olunmuş “Abşeron" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən “X4” X3 C binasının zirzəmisinin ikinci mərtəbəsində yerləşən (211 (27A) nömrəli) 1 (bir) qoşa avtomobil dayanacaq sahəsinin alqı-satqısına dair xx.xx.2015ci il tarixli müqaviləyə edilmiş Düzəliş № 3-dən görünür ki, 1 (bir) qoşa avtomobil dayanacağı üçün 63.876 AZN (altmış üç min səkkiz yüz yetmiş altı manat) təşkil edir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək hazırkı iş üzrə Cavabdeh (“X4” yaşayış Kompleksi) ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli mənzil alqı-satqı müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli dəyişiklik üzrə 31.994 (otuz bir min doqquz yüz doxsan dörd) manat məbləğində cərimənin ləğv edilməsi, cərimə borcu hesablanmasının dayandırılması və həmin müqavilə üzrə qalıq borcun 12.584 (on iki min beş yüz səksən dörd) manat məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM-5.1) Bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçının məhkəməyə müraciət etməkdə məqsədi – xx.xx.2010-cu il tarixli mənzil alqı-satqı müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli dəyişiklik üzrə 31.994 (otuz bir min doqquz yüz doxsan dörd) manat məbləğində cərimənin ləğv edilməsi, cərimə borcu hesablanmasının dayandırılması və həmin müqavilə üzrə qalıq borcun 12.584 (on iki min beş yüz səksən dörd) manat məbləğinin müəyyən edilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçıya qarşı müvafiq tələb irəli sürülməzdən əvvəl onun belə bir iddia ilə məhkəməyə müraciət etməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, cərimə borcunun olub-olmamasına, dayandırılmasına, müəyyən edilməsinə və ya azaldılmasına ondan həmin cərimə borcunun tutulması ilə bağlı tələb çərçivəsində baxılıb qiymət verilə bilər. Odur ki, hazırki iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – Cavabdehnə qarşı “hesablanmış cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli **********22 saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar