Məhkəmə qərarları › İş №e-2(009)-1779/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1779/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1779/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əziz Əzizli Seyfulla oğu katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Zakir oğlunun, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı (maraqlı şəxslər X4, Maraqlı şəxs2 və Maraqlı şəxs3) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun notariat ofisinin depozit hesabına ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (maraqlı şəxslər X4, Maraqlı şəxs2 və Maraqlı şəxs3) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun notariat ofisinin depozit hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 71.500 ABŞ dolları və 5.900 manat məbləğin 52 saylı Notariat ofisinin depozit hesabına ödənilməsi öhdəliyini Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Şirkət lizinq şərti ilə mərhum həyat yoldaşına satdığı avtomobili, onun vəfatında sonra geri təhvil almış, onu satmış, lakin satışdan əldə etdiyi pul məbləğdən borcun qalığını çıxmasına baxmayaraq artıq qalan hissəsini mərhumun vərəsələrinə ödəməkdən yayınır. Dəfələrlə müraciət edərək pulu vərəsəlik işini aparan notariusun bank hesabına mədaxil etməyi xahiş etsək də cavabdeh bunu etmir. İddiaçı X9 ilə xx.xx.2018-ci ildə nikaha daxil olmuşdur. Həyat yoldaşı ilə cavabdeh Şirkət arasında xx.xx.2020-ci il tarixində 2019 il buraxılış olan Bentley Continental GT V8 (VİN SCBCF13S0LC078623) markalı avtomobilin lizinq şərtilə alğısatqısına dair 2008/BB-20 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin avtomobilin qiyməti 245.000 (iki yüz qırx beş min) Avro müəyyən edilmişdir. Müqaviləyə görə alış qiymətinin bir hissəsinin əvəzi olaraq alıcı, qiyməti 91.500 (doxsan bir min beş yüz) Avro olan, 2020-ci il buraxılış Mercedes Benz GLE53 markalı **-OR-*** dövlət qeydiyyat nişanlı (W1N1673611A221355) avtomobili vermiş, bununla da satıcıya 153.500 (bir yüz əlli üç min) Avro borc qalmışdır. Həmin qalıq borc 12 ay ərzində bərabər hissələrlə ödənilməli idi. xx.xx.2020-ci il tarixində yoldaşı cavabdeh Şirkətə əlavə olaraq 12.500 (on iki min beş yüz) Avro ödəmişdir. Bununla da borc qalığı 141.000 (bir yüz qırx bir min) Avroya düşmüşdü. Həyat yoldaşım X9 xx.xx.2020-ci il tarixində COVİD-19 səbəbindən vəfat etmişdir. Buna görə də ödənişləri davam etdirmək mümkün olmamışdır. Bundan sonra Bentley Continental GT V8 markalı avtomobili satılmaq üçün cavabdeh Şirkətə geri qaytardılar. Cavabdeh Şirkət avtomobili satmış və satışdan əldə edilən vəsaitdən müqavilə üzrə borcun qalıq hissəsini çıxmışdır. Borcun qalan hissəsi çıxılandan sonra satışdan daxil olan vəsaitin artıq hissəsi 71.500 (yetmiş bir min beş yüz) ABŞ dolları və 5.900 (beş min doqquz yüz) manat təşkil edir. P.Əliyevin vəfatından sonra qanunla nəzərdə tutulmuş müddət ərzində Pərvizin atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3 və mərhumun həyatı yoldaşı İddiaçı mirasın qəbulu haqqında ərizə ilə Bakı şəhərinin 52 nömrəli notariat ofisinə müraciət etdilər və həmin ofisdə vərəsəlik işi açıldı. 52 saylı notariat ofisin xüsusi notariusu X4 tərəfindən onlar mərhumun qanun üzrə vərəsələri kimi tanındılar. Həmin notarius tərəfindən iddiaçıya Pərviz Əliyevə "xxxx" MMC-nin nizamnamə kapitalında məxsus olmuş 60 payın (təsisçilik hüquqlarının) 1/2 hissəsinə dair ərarvadın ümumi əmlakındakı paya sağ qalmış arvadın mülkiyyət hüququ kimi, qalan 1/2 hissəsinin 1/3 hissəsinə dair isə qanun üzrə vərəsəlik payı kimi şəhadətnamələr verildi. Miras əmlakına daxil olan daşınmaz əmlaklara dair isə dövlət reyestrindən çıxarış olmadığına görə notarius şəhadətnamə verə bilmədi. Daşınmaz əmlaka dair onların vərəsəlik hüququ məhkəmə tərəfindən tanınmışdı. Hazırda cavabdeh Şirkətin rəhbərliyi təsdiq edir ki, satışdan əldə edilmiş məbləğdən borc çıxıldıqdan sonra qalan 71.500 (yetmiş bir min beş yüz) ABŞ dolları və 5.900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaiti hələ də onda saxlanılmaqdadır. Dəfələrlə cavabdehə ödənişi aparmaq üçün müraciət etməsinə baxmayaraq nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Zakir oğlu izahatında vərəsələrin gəlini paydan məhrum etmək istədiklərini və həmin məbləğin notariusa ödənilməsinə mane olduqlarını, maraqlı şəxslərin qeyd olunan məbləğlərdən ilk gündən xəbərdar olduqlarını, cavabdehin də həmin məbləği təsdiq etdiyini bildirərək iddianın təmin olunaraq qeyd olunan məbləğin cavabdeh tərəfindən müvafiq notariat orqanın hesabına köçürlüməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında hüquqlarını müdafiə etdiyi şəxsin dediklərinə əlavə olmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 avtomobilin dəyərinin 245000 avro müəyyən edildiyini, mərhumun özünün avtomobilini nisyə götürüb satdıqdan sonra 153500 avro borc qaldığını, 12500 avro ödənildikdən sonra yerdə qalan 141000 avro borcun hissə-hissə ödənilməsinə dair öz aralarında razılaşma olduğunu, məhrumun vəfatından 3 ay sonra avtomobilin onlara qaytarıldığını, yarım il avtomobilin onlarda qaldığını, işlənmiş maşının təzə maşının bazar qiymətinə satılması real olmadığını, kommersiya itkilərinin olduğu səbəbindən hətta bazar qiymətindən də aşağı qiymətə vermək istəmişdir. İddiaçı öz hüquqlarından istifadə edirsə o halda vərəsə kimi üzərinə düşən öhdəlikləri də icra etməlidir. Avtomobil bazar qiymətinə satılıb borc bağlandıqdan sonra qalan məbləğdən 20 faiz kommersiya itkilərinə çıxılmalıdır. Həmçinin onu da bildirmişdir ki, avtomobili Xalidə adlı şəxsə satarkən də nəğd satmadıqlarını, müəyyən məbləğdə pul alaraq onun maşınını götürdüklərini, Xalidə xanımdan aldıqları maşını da alverçilərə satmaq üçün nisyə verdiklərini, əsas olan 141000 borcu bağlamaq üçün 1 il ərzində 5000-10000 civarında aylıq məbləğ verdiklərini bildirmişdir. İddianı qəbul etdiyini, tərəflərin öz aralarında razılığa gəldiyi təqdirdə notariat orqanının hesabına köçürülməsini təmin edəcəklərini məhkəməyə bildirmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil avtomobilin qiymətinin 245000 avro olduğu, mərhumun 71500 avronun əvəzində öz avtomobilini verdiyini, qalan 153500 məbləği isə 12 ay ərzində hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Mərhum sağlığında avtomobili 2 ay istifadə etdiyini, DİN BDYPİdən aldığı sorğu əsasında 21 iyun 2021-ci il tarixdə bu maşın alğı-satqı ilə başqa şəxsə satıldığını, bununla bağlı cavabdehə müraciət edərək alğı-satqı müqaviləsinə əsasən hansı qiymətə satıldığını və nə qədər borcunun qalmasını bilmək istədiklərini, X7 ilə Bently Kontinental şirkəti ilə aralarında bağlanılmış müqaviləni şirkətdən tələb edilməli olduğunu, notariusun depozit hesabına keçirilməsinə üçüncü şəxsin mübahisəsinin olmadığı, lakin qeyd edilən məbləğlə razı olmadıqlarını, avtomobilin sonuncu satılan şəxsi məhkəməyə dəvət olunmasını, həmçinin ondan müqaviləni tələb etməyin zəruri olduğunu, iddia tələbinin avtomobilin qeyd olunan məbləğ hissəsi ilə razı olmadıqlarını, həmin hissədə qeyd edilən məbləğin iddiaçının cavabdehlə razılığa gələrək qeyd etdiklərini və bunun 3cü şəxslərin hüquqlarını pozduğunu həmçinin cavabdeh tərəfindən avtomobilin hansı qiymətə satılmasına dair sübut təqdim etmədiyini məhkəməyə bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X9 ilə “Bentley Baku” arasında bağlanmış xx.xx.2020ci il tarixli, Bentley Continental GT V8 markalı avtomobilin satışı üzrə müqavilənin 3-cü maddəsinin 3.3-cü bəndinə əsasən alıcı aylıq ödənişi hər cari ayın sonunadək ödəməlidir. Aylıq ödənişin gecikdirilməsi 25 gündən çox olan halda, Satıcı bu müqaviləyə birtərəfli xitam vermək hüququndadır. Bu halda Avtomobil Satıcının dayanacağına gətirilərək qiymətləndirilir və bazar qiyməti ilə təkrar satışa çıxarılır. Müqavilənin 3.4-cü maddəsinə əsasən satıcı ödənilməmiş Avtomobili digər alıcıya satandan sonra, təkrar satış qiymətindən Alıcının borc olan hissəni və əlavə 20% öz hesabında saxlamaqnan, qalan pulu Alıcıya qaytarır. İş materiallarında olan AZ-İİ 121799 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)- 1779/2023 saylı Baş Dövlət Yol Polis İdarəsinə ünvanladığı alğı-satqı müqaviləsi barədə sənədlərin təsdiq olunmuş surətini məhkəməyə təqdim edilməsi barəsində sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023 tarixli № 3-13-16/2-136611/2023 saylı məktubun da bildirilir ki, bildirilir ki, “Bentley Continental GT V8” Markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında X10in adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-ZZ-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X3 adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 ilə “Bentley Baku” arasında xx.xx.2020-ci il tarixdə 250000 Avro dəyərində Bentley Continental GT V8 markalı avtomobilə dair lizinq şərti ilə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən X9 91.500 Avro olan avtomobil verilmiş, 153.500 Avro borcunu 12 ay ərzində bərabər hissələrlə ödəməli idi. xx.xx.2020-ci il tarixdə 12500 Avro ödəmiş, 141000 Avro borcu qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Bakı şəhərinin 52 nömrəli notariat ofisində vərəsəlik işi açılmış, atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3 və mərhumun həyatı yoldaşı İddiaçı mərhumun qanun üzrə vərəsələri kimi tanınmışdılar. Həmçinin müəyyən edilmişdir ki, ödənişləri davam etdirmək mümkün olmamışdır. Bundan sonra Bentley Continental GT V8 markalı avtomobil satılmaq üçün cavabdeh Şirkətə geri qaytarılmış, Bentley Continental GT V8 markalı avtomobil xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X11 tərəfindən X1. İddiaçı satışdan əldə edilmiş məbləğdən borc çıxıldıqdan sonra qalan 71.500 (yetmiş bir min beş yüz) ABŞ dolları və 5.900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən notariat orqanın hesabına köçürlüməsini tələb edir. Cavabdeh iddianı faktiki olaraq qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olmur. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, vərəsələr arasında bölüşdürülənədək miras vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtinaetməyə yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icraedilməməsi dedikdə onun pozulması və yalazımıncaicraedilməməsi (vaxtındaicraedilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqlaicraedilməsi) başa düşülür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 14-cü bəndindən əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr vermək, öhdəliyin icra predmetini saxlamaq, pul məbləğlərini depozitə qəbul etmək dövlət notariusunun apardığı notariat hərəkətləri sırasına daxildir. İddiaçının mərhum həyat yoldaşı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinin 3.4-cü bəndindən görünür ki, alıcı ödənişləri gecikdirdikdə, satıcı avtomobili təkrar satışa çıxarır və təkrar satışdan əldə edilmiş vəsaitdən borc qalığını və əlavə faizi tutduqdan sonra, qalan vəsaiti alıcıya qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdə saxlanılan 71.500 (yetmiş bir min beş yüz) ABŞ dolları və 5.900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən Bakı şəhəri 52 saylı notariat ofisinin depozit hesabına mədaxil edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 10000 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən 418 (dörd yüz on səkkiz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 71.500 ABŞ dollar və 5.900 manat 52 saylı Notariat ofisinin depozit hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 418 (dörd yüz on səkkiz) manat dövlət rüsumu Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar