Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1788/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh qarşı əldən çıxmış fayda olaraq 6,699.00 manat əsas borc, 1,661.00 manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri, 2.168.00 manat olmaqla ümumilikdə 10,528.00 manat pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 121,58 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında Avtomobil alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-201-AAE-22 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxili 107.450,00 manat müəyyən edilən Changan Uni-K markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A5NA707146, rəngi boz metalik) avtonəqliyyat vasitə satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1ci bəndinə əsasən, cavabdeh 6.950,00 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 100.500,00 manat məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 ay müddətinə, ayda 1.675 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (sonuncu ödəniş xx.xx.2023-cü il tarixində olmuşdur), bununla bağlı xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərilmiş, lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2022-ci il tarixli B-201-AAE-22 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqavilə predmeti olan 10JZ772 qeydiyyat nömrəli Changan Uni-K markalı avtomobil xx.xx.2024-cü il tarixində özü tərəfindən onlara geri qaytarılmışdır. Bildirir ki, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə həm əldən çıxmış fayda olaraq 6699.00 AZN əsas borc, 1661.00 manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 2168.00 manat olmaqla ümumilikdə 10528.00 manat zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində Pretenziya məktubu göndərilmiş və dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-201-AAE-22 saylı müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7ci bəndlərinə əsasən müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavibnin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavibnin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və bildirmişdir ki, iddia tələbində əldən çıxmış fayda kimi göstərilmiş 6699 manat məbləğ müqavilə üzrə icra edilməmiş öhdəlik olaraq tələb olunur. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Azərbaycan Avtomobild Evi" MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktublarından görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, B-201-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Azərbaycan Avtomobild Evi" MMC şirkətinə ödənişlərin edilməsi barədə arayışdan görünür ki, borc məbləği 100,500.00 manat, cərimə ödənişi 1,107.00 manat, ödənilən aylıq 23,451.00 manat, qalıq borc 77,049.00 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış B-201-AAE-22 saylı, xx.xx.2022-ci il tarixli Avtomobil alqı-satqısı üzrə müqavilədən görünür ki, satıcı dəyəri ƏDV daxili 107.450,00 (bir yüz yeddi min dörd yüz əlli) manat müəyyən edilən Changan Uni-K markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A5NA707146, rəngi boz metalik) avtonəqliyyat vasitəsini dəyəri tam ödənilənədək alıcınm istifadəsinə verir, alıcı isə onun qiymətini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Changan Uni-K markalı, buraxılış ili 2022 olan avtomobil qüsursuz və texniki saz vəziyyətində alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş,ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən Changan Uni-K markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A5NA707146, rəngi boz metalik) avtonəqliyyat vasitəsinə cəmi 2167.98 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pulməbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqımüqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 447-cimaddəsi ilə müqavilədən imtinanın ümumiəsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteriəsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; -öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; -xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətlərimüəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eynizamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Mülki Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı MMC və Cavabdeh arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-201-AAE-22 saylı müqavilə imzalanmış, müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxili 107.450,00 manat müəyyən edilən Changan Uni-K markalı, buraxılış ili 2022 olan avtonəqliyyat vasitə satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh 6950 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 100500 manat məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 ay müddətinə, ayda 1675 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilərək nəqliyyat vasitəsi cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş, sonuncu ödəniş xx.xx.2023-cü il tarixində olmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərilmiş, lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2022-ci il tarixli B-201-AAE-22 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqavilə predmeti olan 10JZ772 qeydiyyat nömrəli Changan Uni-K markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin özü tərəfindən onlara geri qaytarılmış və həmin tarixdə Nəqliyyat vasitəsinə baxış keçirilməklə tərtib edilmiş akta əsasən avtomobilin təmir xərci 2167,98 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin əhəmiyyəli dərəcədə pozulması nəticəsində iddiaçıya müqavilə üzrə icra edilməmiş öhdəlik olaraq 6699 manat məbləğində və nəqliyyat vasitəsinin təmir xərci olaraq 2168 manat zərər dəymişdir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin cavabdehdən 1661 manat məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 335 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121,58 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 121.58 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan İddiaçı MMC-nin xeyrinə 6699 manat əsas borc, 335 manat cərimə borcu, 2168 manat dəymiş ziyan və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 121,58 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6699 (altı min altı yüz doxsan doqquz) manat əsas borc, 335 (üç yüz otuz beş) manat cərimə borcu, 2168 (iki min yüz altmış səkkiz) manat dəymiş ziyan və ödənilmiş 121,58 (yüz iyirmi bir manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1788/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1788/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver