Məhkəmə qərarları › İş №e-2(009)-1815/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1815/2022

10.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1815/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 448.84 manat borcun tutularaq **********000 saylı abonent koduna və 20 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri xx.xx.2018-ci il tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 18027546 nömrəli sayğac xx.xx.2018-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2021-ci il tarixinə 448.84 manat borcu yaranmışdır. Cavabdehin ünvanına hər ay bildiriş, xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh barəsində AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1tirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh 448.84 manat məbləğində borcun və 20 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh İddiaçı ASC-yə 448.84 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. Bu borcun 7 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan abonent kodu **********000 olan abonent kartından görünür ki, Cavabdeh 448.84 manat məbləğində yekun borcu mövcuddur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan S.Dalan 4, ev-66/A ünvanında (abonent kodu: **********000) su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir, 2022-ci ilin may ayınadək 448.84 manat borc yazılmış və həmin məbləğ ondan tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçıların mənzillərinə su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM 21.2) Həmin Məcəllənin 551-ci maddəsinə uyğun olaraq kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il müddəti keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. İş materiallarında olan abonent kartından müəyyən edilir ki, cavabdehin 2015-ci il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 39.16 manat olmuş, 2016-cı il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 13.72 manat yaranmış, 2017-ci il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 91,5 manat yaranmış, 2018-ci il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 170,5 manat yaranmış, 2019-cu il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 55.5 manat yaranmış, 2020-ci il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 108,5 manat yaranmış, 2022-ci il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 70 manat yaranmışdır. 2021-ci ildə 10 manat artıq ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən borclunun 2018-ci ilədək ödənişlər haqqında tələb etməsinə dair iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən 2018-ci il daxil olmaqla göstərilən xidmətlərin dəyəri olaraq ödənilməmiş borc məbləği haqlı olaraq tələb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, 2018-ci il daxil olmaqla ümumi borcdan, yəni 404.5 manatdan borclu tərəfindən artıq ödənilmiş 10 manat çıxılaraq yerdə qalan məbləğ 394.5 (üç yüz doxsan dörd manat, əlli qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (**********000 saylı abonent kodu) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 394.5 (üç yüz doxsan dörd manat əlli qəpik) manat, 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar