Məhkəmə qərarları › İş №e-2(009)-1884/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1884/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1884/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11910 ( on bir nin doqquz yüz on) manat əsas borcun, 3573 (üç min beş yüz yetmiş üç) manat dəbbə pulunun, 203 manat mediasiya xərcinin, cəmi 15686 (on beş nin altı yüz səksən altı) manatın ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 10 noyabr 2019-cu il tarixdə bağlanılmış alqı satqı müqaviləsi əsasında aldığı mebel dəstlərinə görə 11910 ( on bir min doqquz yüz on) manat borcu yaranmışdır. 03 yanvar 2020-ci il tarixdə həmin müqavilə əsasında verilmiş malların və ödənilmiş vəsaitin aylıq yoxlanılması zamanı borcunu təsdiqləyərək bu barədə tərtib olunmuş üzləşmə aktını imzalamışdır. Lakin 1 günə qədər borc məbləğini ödəməmişdir. Odur ki müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq 11910 (on bir min doqquz yüz on) manat borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsini tələb edirik. Cavabdehə göndərilən rəsmi pretenzeya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq edilib, əks halda məhkəməyə müraciət edəcəklərini və çəkdikləri bütün xərclərin cavabdeh tərəfindən ödənilməli olduğunu tələb edəcəklərini bildirmişlər. Cavabdeh isə şifahi olaraq borcu ödəyəcəyinə söz versə də, faktiki olaraq yenə də aldığı malın pulunu ödəməmişdir. Məsələ ilə bağlı Bakı şəhəri 10 saylı Mediasiya təşkilatına müraciət edilmişdir.Tələbin mediator vasitəsi ilə qarşılıqlı razılaşma əsasında həllinə çalışmışlar. Bununla bağlı 203 manat mediasiya xərci ödənilmişdir, lakin yenə cavabdehdən borcu ala bilməmişlər. Bağlanılmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əsldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı alıcı isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini satıcıya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndində qeyd olunan şərtinə görə ödəniş gecikdirildiyi hər gecikdirilən günə görə 0.5 % həddində dəbbə pulu hesablanacaqdır. O dəbbə pulunu hər gecikdirilən gün üçün 0.5 % olaraq gecikdirilən günlərin sayını isə son iki ay yəni 60 gün olmaqla götürülmüşdür. Beləliklə ödənişi gecikdirilmiş məbləğin 11910 (on bir min doqquz yüz on) manatın 0.5% -i = 59,55(on altı) manat 94 qəpik təşkil edir ki, bu da x 60 günə = 3573 (üç min beş yüz yetmş üç) manat 40 qəpik dəbbə pulu olaraq hesablanır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, o məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC mebel dəstini alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh faktiki borc məbləğinin qalığı 11910 manat təşkil edir. Bağlanılmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı alıcı isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini satıcıya ödəməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndində qeyd olunan şərtinə görə ödəniş gecikdirildiyi hər gecikdiribn günə görə 0.5 % həddində dəbbə pulu hesablanacaqdır. İş materiallarından görünür ki, İddiaçı MMC cavabdehə borcu qaytarılmasına dair xəbərdarlıq edilməsi barədə məktub göndərmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən 10 noyabr 2019-cu il tarixli müqavilə üzrə 11910 (on bir min doqquz yüz on) manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilələr üzrə tələb edilən 3573 manat cərimə borcunun tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn xx.xx.2019-cu il tarixli müqavilə üzrə 11910 manat məbləğində əsas borcların müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq müqavilə üzrə “3573 manat dəbbə pulunun azaldılaraq 500 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə iddianı 203 manat mediasiya xərcinin tutulması hissəsinin təmin edilməsini mümkün hesab etmir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Hazırki mübahisə Qanunda göstərilən mübahisələrin dairəsinə aid edilmədiyindən, məhkəmə iddiaçının mediasiya təşkilatına müraciətini öz təşəbbüsü ilə edilmiş müraciət kimi qiymətləndirir və iddianın həmin hissədə rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun 120 (bir yüz iyirmi) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 18 (on səkkiz) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 11910 (on bir nin doqquz yüz on) manat əsas, 500 (beş yüz) manat cərimə borcu, ümumilikdə 12410 (on iki min dörd yüz on) manat və ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun 120 (bir yüz iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 11910 (on bir min doqquz yüz on) manat əsas, 500 (beş yüz) manat cərimə borcu, ümumilikdə 12410 (on iki min dörd yüz on) manat və ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun 120 (bir yüz iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar