Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1892/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB X1 sahəsində abonent kimi qeydiyyata alınmış ünvan 1-də yerləşən mənzilə hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə quraşdırılmış qaz sayğacı onun adına qeydiyyata alınmış və qazpaylayıcı ilə arasında müqavilə bağlanmışdır. Fərdi yaşayış evində istifadə etdiyi qaza görə ödənişləri vaxtlı-vaxtında edib. Heç bir zaman borcu qalmamışdır. Qaz sayğacı 15 ildən artıq dəyişdirilmədiyindən dəyişdirilməsi üçün cavabdeh təşkilata müraciət edib, dəfələrlə müraciətlərindən sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının əvəzetmə əsası ilə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akta əsasən sayğac yenisi ilə əvəz edilmişdir. Həmin günədək istifadə etdiyi qaz sərfiyyatına görə hər hansı borcu olmamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, qaz sayğacının hesablama mexanizminin daxilində yad əşya aşkar edilməsi əsası ilə ******* saylı akt tərtib edilmiş, 1036,80 manat cərimə hesablanmışdır. Sayğacın hesablama mexanizminin daxilində yad əşyanın aşkarlanması, qaz sərfiyyatının az hesablanmasından abonent kimi onun məlumatı olmamışdır. Qaz sayğacına edilmiş hər hansı müdaxilədən də məlumatı yoxdur. Həmçinin bildirir ki, qaz sayğacının düzgün işlənməməsini müəyyən etdikdə, dərhal cavabdeh təşkilatın əməkdaşlarına müraciət edib, qaz sayğacına baxılmasını dəfələrlə xahiş etdikdən sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmişdir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında günahkar deyil. Hazırki gündə də ödəniş edilərkən cərimə məbləği ödənişdən silinir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək ona məxsus mənzilə hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 06/14277 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 11 saylı evin 11 saylı mənzilinə qazdan istifadəyə dair müqavilə bağlanmışdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 29/1710-0213-1 saylı ******* nömrəli sayğacın hesablama mexanizminin daxilində yad əşya (lenta) aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir, qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində itirilmiş qazın bərpası ilə əlaqədar hesablanmış əlavə sərfiyyat hər hansı normativ hüquqi akta əsaslanmadığından, eyni zamanda sayğacın zədələnməsi faktı istehlakçının təqsiri ucbatından baş verməsi müəyyən olunmadığından, iddiaçıya itirilmiş qazın bərpası ilə bağlı əlavə hesabatın aparılması qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, ünvan 1-də yerləşən mənzilə (abonent kodu **********00110) hesablanmış 1036.80 manat borc İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB X1 sahəsində abonent kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi ev 11, mənzil 11 (abonent kodu **********00110) hesablanmış 1036.80 manat borc İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1892/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1892/2022
25.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver