Məhkəmə qərarları › İş №e-2(009)-2099/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2099/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2099/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhərində xx.xx.2022-ci il tarixində baş vermiş zəlzələ nəticəsində onun evinə dəymiş 11905 manat məbləğində maddi zərər, gecikdirilmiş günlər üzrə həmin məbləğə dəbbə olaraq 3415 manat, məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 136 manat olmaqla, cəmi 15456 manat məbləində pulun cavabdeh "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhərində xx.xx.2022-ci il tarixində baş vermiş zəlzələ nəticəsində ona məxsus Gəncə şəhəri, Avtozavod yolu, 16-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəymişdir. "xxxx" ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli MP-P 13243 saylı sığorta müqaviləsi üzrə evinə dəymiş zərərin sığorta məbləğini almaq üçün həmin sığorta şirkətinə müraciət etsə də, şirkət tərəfindən ona bu günə qədər cavab velimədiyi üçün müstəqil ekspertə müraciət etdi və müstəqil ekspert tərəfindən evinə dəymiş zərər 11905 manat müəyyən edildi. Cavabdeh tərəfindən ona dəymiş zərərin müqavilə üzrə müəyyən edilməklə ödənilməli olduğu halda cavabdeh bunu təmin etməmişdir. Qeyd olunanlara əsasən onun evinə dəymiş 11905 manat məbləğində maddi zərər, gecikdirilmiş günlər üzrə həmin məbləğə dəbbə olaraq 3415 manat, məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 136 manat olmaqla, cəmi 15456 manat məbləində pulun cavabdeh "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, dəymiş zərərin sığorta hadisəsi nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 44-1 saylı hesabat sənədinə istinad edərək evinin bərpası üçün qeyd olunan zəruri xərclərin ödənilməsini cəmiyyətdən tələb etsə də, həmin xərclərin sığorta təminatına daxil olmasını hər hansı fakt üzrə və ya hər hansı təsdiqedici sənədlə sübuta yetirə bilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Cəmiyyətə şifahi müraciət edərək, xx.xx.2022-ci il tarixli, MP-P 13243 saylı “Əmlak sığortası” şəhadətnaməsi üzrə sığortalanmış Gəncə şəhəri, Avtozavod yolu, 16-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində zərər dəydiyini bildirimişdir. Müvafiq müraciət Cəmiyyətdə dərhal qeydə alınmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə riayət olunmaqla sığorta araşdırılmasına başlanılmış, hadisənin təsdiq olunması üçün müvafiq səlahiyyətli dövlət orqanlarına sorğular ünvanlanmışdır. Belə ki, yuxarıda qeyd olunan hallar üzrə xx.xx.2022-ci tarixli məktublarla Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə və Gəncə Şəhər İcra Hakimiyyətinə zəlzələnin baş verib-verməməsini, baş vemişdirsə baş vermə tarixi, habelə nəticələn barədə məlumatların Cəmiyyətlə təqdim olunmasına dair sorğular yollanmışdır. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda zəlzələ nəticəsində hər hansı bir zərərin yaranması təsdiqini tapmamışdır. Azərbaycan Milli Elmlər Akademiyası nəznində Respublika Seysmoloji Xidmət Mərkəzinin sorğularına cavab olaraq Cəmiyyətə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2022-ci il tarixində yerli vaxtla saat 10:42-də Rusiya (Dağıstan) ərazisində maqniturası M1=5.8, dərinliyi h=23 km olan zəlzələ baş verdiyini, zəlzələnin Gəncə Şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bala yaxın hiss olunduğunu, 3 ballıq zəlzələnin tikillərə təsirinin olmadığını qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı məxsus olan və Cəmiyyətdə xx.xx.2022-ci il tarixli, MP-P 13243 saylı “Əmlak sığortası” şəhadətnaməsi üzrə sığortalanmış Gəncə şəhəri, Avtozavod yolu, 16-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə zəlzələ nəticəsində zərər dəyməsi təsdiqini tapmadığından, sığorta ödənişinin verilməsi üçün əsas olan hal, yəni sığorta hadisəsi baş verməmişdir, bu səbəbdən də, Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi mümkün deyildir. Ona görə də, iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli MP-P-13243 nömrəli əmlak sığortası müqaviləsindən görünür ki, sığortalı İddiaçı məxsus Gəncə şəhəri, Avtozavod yolu, 16-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 40587,88 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin İddiaçı məxsus Gəncə şəhəri, Avtozavod yolu, 16-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli, 44-1 nömrəli hesabatdan görünür ki, sifarişçi tərəfindən təqdim olunmuş Azərbaycan Elmmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 8-1-17/2-13/2023 saylı, xx.xx.2023-cü il tarixli sənədinə əsasən zəlzələ nəticəsində İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın dəyəri 11 905 (on bir min doqquz yüz beş) manat təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Təqdim olunmuş Cəncə Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 03/176 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhər sakini İddiaçı özünə məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən bağ evinin divarlarında xx.xx.2022-ci il tarixində baş vermiş zəlzələ nəticəsində çatların yaranması və evinə ziyan dəyməsi ilə bağlı “Qala Sığorta ASC-nə ünvanlanmış müraciətinə Gəncə Şəhər icra Hakimiyyəti başçısı Aparatında baxılmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı müraciətinə Gəncə Şəhər icra Hakimiyyəti başçısının Cavadxan Qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən vətəndaşın iştirakı ilə yerində baxış keçirilmişdir. Baxış zamanı evin divarlarında çatlar olduğu müəyyən edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə İcra Hakimiyyəti tərəfindən məktub ünvanlanmış və Mərkəzdən verilən cavab məktubunda xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələnin Gəncə şəhəri, Avtozavod yaşayış massivində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bala yaxın intensivlikdə hiss olunduğu və 3 bal intensivlikli zəlzələnin dağıdıcı gücə malik olmadığı, həmçinin təqdim olunmuş fotoşəkillərdə divarlarda görünən çatların bu zəlzələ ilə əlaqəsinin olmasının mümkünsüzlüyü bildirilmiş və qeyd olunmuş çatların hansısa dığər səbəbdən yaranmasının araşdırılması üçün aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyinin müvafiq şöbəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Təqdim olunmuş Respublika Seysmoloji Xidmət Mərkəzinin "xxxx" Şirkəti ASC-nin sorğusuna 8-1-17/2-397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində yerli vaxtla saat 10:42-də Rusiya (Dağıstan) ərazisində maqnitudası Ml=5.8, dərinliyi h=23 km olan zəlzələ baş vermişdir. Zəlzələ Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bala yaxın hiss olunmuşdur. 3 bal intensivlikli zəlzələnin tikililərə təsiri yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Beləliklə, məhkəmə, sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün əsaslandığı halları nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 901.1-ci maddəsinə görə, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Belə ki, MM-nin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. İddiaçı ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu yerləşən fərdi yaşayış evinə sığorta müqaviləsi ilə təminat verilən zəlzələ hadisəsi nəticəsində zərər dəydiyini iddia etsə də, cavabdehin nümayəndəsi bununla razılaşmayaraq, evdəki zədələrin zəlzələ və ya sığorta müqaviləsində göstərilən başqa riskdən meydana gəlməsinin sübut edilmədiyini bildirmişdir. Belə olan halda, iddiaçı fərdi yaşayış evindəki zədələrin sığorta müqaviləsində təminat verilən hər hansı hadisə nəticəsində meydana gəldiyini təsdiqləyən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qeyd edilən halları sübuta yetirmək, iddia edən tərəf kimi İddiaçı vəzifəsidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası qismində istinad etdiyi xx.xx.2023-cü il tarixli, 44-1 nömrəli "xxxx" MMC-nin rəyində İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən fərdi yaşayış evində zədələrin zəlzələ nəticəsində yaranması qeyd olunsa da, məhkəmə hesab edir ki, həmin məlumat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin ixtisaslı şəxslərinin rəyi ilə təsdiqlənmədiyi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Gəncə şəhərində zəlzələ baş verməsinə dair işə əlavə olunmuş şəkillər isə özü-özlüyündə İddiaçı məxsus evdə iddia olunan zədələrin məhz zəlzələ nəticəsində yaranması qənaətinə gəlmək üçün kifayətedici sübut deyil. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu Avtozavod yolunda yerləşən fərdi yaşayış evinə zərər dəyməsinin təminat verilən sığorta hadisəsindən qaynaqlanması sübuta yetirilmədiyindən iddia haqlı sayıla bilməz. Tələb, qeyd edilən əsasla rədd olunduğundan, məhkəmə, prosessual qənaət prinsipini nəzərə alaraq, iddianın və etirazın faktiki əsası kimi çıxış edən digər hallar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar