Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2175/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2022-ci il tarixli, ******* nömrəli Aktın ləğv edilməsi və onun əsasında yaranmış 1874.88 ( min səkkiz yüz yetmiş dörd manat, səksən səkkiz qəpik) manat borcun silinməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, ünvan 1 ünvanında yerləşən yaşayış evinin qanuni əsaslarla sahibidir.Həmin evə dair mənzil kirayəçisi haqqında Məlumat Vərəqəsinin təsdiq olunmuş surətindən də, bu aydın şəkildə görünür. AR BŞİHBA 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 30 avqust 2022 tarixli arayışla bu bir daha təsdiq olunur ki, həmin mənzil qanuni əsaslarla ona məxsusdur və qanuni sahibidir. Həmin mənzilə dair Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğaclarına yoxlanış keçirilmiş, sonuncu 31 may 2022-ci il tarixdə keçirilən yoxlama zamanı qeyd olunmuşdur ki, guya bu mənzilə kənar yerdən qaz gəlir, buna görə də, qaz istifadəsi dəqiq görünmür, itirilmiş qaz sərfiyyatı var, ona görə də hesab kitab aparıb müəyyən olunur ki, dəyən ziyan absurd rəqəmdir, yəni 1874.88 manatdır. Bununla bağlı onlar etirazlarını bildirərək, rəsmi qaydada Azəriqaz İB-nə 01 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət edərək 31 may 2022-ci il tarixli aktın ləğv etməyini, əsassız olaraq yazılmış borcun silinməsini xahiş etmişdik, lakin həmin idarə həmin vaxtdan indiyə qədər, bu aktın ləğv edilməsi, borcun silinməsi barədə qərar qəbul edib, cavab verə bilməmişdir. İddiaçı iddianın dəqisləşdirilməsi barədə ərizə verərək Baki şəhəri, ünvan 2 ünvanda yerləşən yaşayış evinə İddiaçı adına qaz sayğacı quraşdırılması vəzifəsinin Azəriqaz ASCyə həvalə edilməsi, qazdan qanuna uyğun şəkildə istifadə edilməsinə, hər hansı maneənin Azəriqaz ASC tərəfindən qadağan edilməsi, həmçinin evimiz üzərində, başqa bir şəxsə məxsus olan qaz sayğacı ilə bağlı əsassız və qanunsuz olaraq tərtib olunan 31 may 2022ci il tarixli, ******* nömrəli Aktın ləğv edilməsi və onun əsasında qanunsuz və əsassız olaraq yaranmış 8509.45 (səkkiz min beş yüz doqquz manat, qırx beş qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iş iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iş üzrə iddiaçı ilə qazpaylayıcısı arasında müvafiq müqavilənin bağlanmadığını, müraciətində göstərdiyi ünvanda quraşdırılmış sayğac üzrə isə abonentin başqa istehlakçı olduğunu qeyd edərək icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. (14cü bənd) Məhkəmə, tərəflər arasında müvafiq müqavilə bağlanmamaqla öhdəlik münasibətlərinin yaranmadığını nəzərə alaraq hesab edir ki, hazırki işə predmet və subyekt tərkibinə görə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Ona görə də, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2175/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2175/2022
27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver