Məhkəmə qərarları › İş №e-2(009)-2198/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2198/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2198/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi A.F.Bayramovanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkətin əsas fəaliyyətini “Koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. İstifadəçilər platformadan qeydiyyatdan keçib, istifadəçi razılaşmanı qəbul edərək, xidmətdən istifadə etməyə başlayırlar. Platforma istifadəçiyə müxtəlif xarici ölkələrdə bağlamalarını qəbul etmələri üçün ünvan təmin edir. Həmin ünvana göndərilən bağlamalar planformaya daxil edilir və Azərbaycana göndərilir. Azərbaycana göndərilən istifadəçilərə aid bağlamalara görə isə platformada göstərilən tariflərə uyğun (bağlamaların çəkisinə və ya ölçüsünə) olaraq ödəniş olunur. İstifadəçi daşınmaya uyğun olaraq hesablanmış borcunu kart, köçürmə və ya nağd yolu ilə şirkətinə ödəyir. Şirkətin gəlirini daşınma haqlarından yığılan ödənişlər təşkil edir. Şirkət də xaricdə anbar xidməti göstərən partnyorları və daşınma şirkətləri ilə buna müvafiq olaraq hesablaşır. Fiziki şəxs Cavabdeh tərəfindən 22.99 kq çəkiyə məxsus bağlama İddiaçı MMC vasitəsilə Almaniyadan Azərbaycana çatdırılsa da, bağlamaya dair 373,53 manat dəyərində daşınma haqqı müəssisəyə ödənilməmişdir. Cavabdeh tərəfindən ölkəyə platforma üzərindən gətirilən bağlamaya aid ətraflı məlumatlar aşağıdadır: Bağlamanın izləmə Çəki Ölkə Azərbaycana Ödəniş Ödəniş status nömrəsi/kodu (kq) çatma tarixi məbləği (AZN) JJD**********13584025/ 6.6 Almaniya xx.xx.2024 100.98 Ödənilməyib KLİ1595017 JJD**********13564980/ 6.7 Almaniya xx.xx.2024 102.51 Ödənilməyib KLİ1593980 JJD**********13569719/ 4.4 Almaniya xx.xx.2024 73.23 Ödənilməyib KLİ1593988 JJD**********13574523/ 1.29 Almaniya xx.xx.2024 30.24 Ödənilməyib KLİ1594762 JJD**********13571642/ 4 Almaniya xx.xx.2024 66.57 Ödənilməyib KLİ1594512 Cavabdeh şəxsə borcun ödənilməsi barədə bir neçə dəfə müraciət olunmuş, sonuncu müraciətdə (xx.xx.2024-cü il tarixli pretenziya məktubunda) müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə xəbərdar edilmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh də öz növbəsində borcunun olmaması barədə etirazını bildirərək müqavilə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Odur ki, hazırda iddiaçı tərəf olaraq məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Belə ki, “Daşıyıcı” və “İstifadəçi” arasında bağlanmış istifadə razılaşmasının: 3.1-ci maddəsinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərir; 4.15-ci maddəsinə əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində İddiaçı MMC-yə ödəməlidir; 4.15.1-ci maddəsinə əsasən gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər istifadəçinin öz məsuliyyətindədir; 4.16.1-ci maddəsinə əsasən korporativ müştərilərdə daşınma xidməti Azərbaycan Respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı fiziki şəxs Cavabdeh tərəfindən qəbul edilmiş istifadəçi razılaşmasına uyğun olaraq İddiaçı MMC tərəfindən göstərilmiş xidmət müqaviləsi üzrə yaranmış 373,63 manat və ödənilmiş dövlət rüsumuna uyğun olaraq 30 manat olmaqla, cəmi 403,53 manat məbləğinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh xidmət haqqını ödəmir. Onun malını onlar saxlamamışlar, Gömrük saxlamışdır. Gömrük sifarişlərin eyni mobil telefondan edildiyindən şübhələndiyi üçün malı onlara təhvil verməmiş özündə saxlayıb və bildirmişdir ki, sifariş edən şəxslərin özləri gələrək malları təhvil alsınlar. Onlar yalnız şübhəli olmayan və gömrükdə saxlanılmayan malları sifarişçiyə çatdırır. Cavabdeh məhkəmənin hazırlıq iclasında etiraf etdiyi kimi başqa adamın adından verilən sifarişlər də onun tərəfindən edildiyi üçün bu hal gömrük orqanında da müəyyən edilmişdir. İlkin sifarişin vaxtında çatdırmaması ilə bağlı cavabdehin dəlilləri də əsassızdır, çünki çatdırılma müddətini keçmədən həmin mallar Azərbaycana gətirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, bütün sifarişlər onun tərəfindən edilmiş, özündən başqa sifarişi xaricdə yaşayan qohumlarının adı ilə də həyata keçirmişdir, ona görə də onlar tərəfindən edilən sifarişlərə görə cavabdehliyi o, şəxsən özü daşıyır. Lakin iddiaçı tərəfindən ilkin verilən sifariş vaxtında ona çatdırılmamış, digər sifarişlər gəldikdə isə gömrükdən ona bildirilmişdir ki, sifariş verən şəxslər şəxsən gəlib sifariş etdiyi malı gömrükdən götürə bilər. Lakin qohumları Azərbaycanda yaşamadığı üçün həmin mallar götürülə bilməmiş və artıq saxlama müddəti keçmişdir. Həmin mallara görə çəkdiyi xərc də batmışdır. Hesab edir ki, bunlar iddiaçının günahı üzündən baş verdiyindən daşıma xərcləri ilə bağlı onlara pul ödəməli deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Daşıyıcı” qismində İddiaçı MMC ilə “İstifadəçi” arasında bağlanmış istifadə razılaşmasının 3.1-ci bəndinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərir. Əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində İddiaçı MMC-yə ödəməlidir (bənd 4.15.). Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər istifadəçinin öz məsuliyyətindədir (bənd 4.15.1). Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan Respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir (bənd 4.16.1). İş materiallarında olan sənədlərdən görünür ki: - Cavabdeh adından Koli Express vasitəsi ilə (KL387930) Almaniyada yerləşən Kaffekapslen mağazasından cəmi 109,98 Avro məbləğində qəhvə (X7 Me) sifariş verilmişdir; - Vahid İsmayılzadə adından Koli Express vasitəsi ilə (KL389699) Almaniyada yerləşən Kaffekapslen mağazasından cəmi 63,45 Avro məbləğində qəhvə (Toffee Nut, X8, Colombia) sifariş verilmişdir; - Vahid İsmayılzadə adından Koli Express vasitəsi ilə (KL389699) Almaniyada yerləşən Kaffekapslen mağazasından cəmi 69,86 Avro məbləğində qəhvə (Nescafe Cappuccino, X9 Lait) sifariş verilmişdir; - Zehra Mahmudlu adından Koli Express vasitəsi ilə (KL389038) Almaniyada yerləşən Kaffekapslen mağazasından cəmi 109,98 Avro məbləğində qəhvə (X7 Me) sifariş verilmişdir; - Famil Məcidli adından Koli Express vasitəsi ilə (KL389037) Almaniyada yerləşən Kaffekapslen mağazasından cəmi 82,23 Avro məbləğində qəhvə (X7 Me, X6, X3) sifariş verilmişdir. İş materiallarına əlavə edilmiş gömrük sənədlərindən görünür ki, - JJD**********13584025/KLİ1595017 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Almaniyada yerləşən Kaffekapslen mağazasından çəkisi 6,6 kq., invoys qiyməti 109.98 Avro (205,66 manat) məbləğində olan elektrikli əl əlatləri sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 59,40 ABŞ dolları (100,98 manat) göstərilmişdir; -JJD**********13564980/KLİ1593980 nömrəli sifarişinə əsasən Almaniyada yerləşən Kaffekapslen mağazasından çəkisi 6,7 kq., invoys qiyməti 109.98 Avro (205,66 manat) məbləğində olan üyüdən qəhvə sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 60,30 ABŞ dolları (102,51 manat) göstərilmişdir; - JJD**********13571642/KLİ1594512 nömrəli sifarişinə əsasən Almaniyada yerləşən Kaffekapslen mağazasından çəkisi 4 kq., invoys qiyməti 69.86 Avro (130,63 manat) məbləğində olan qəhvə sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 39,16 ABŞ dolları (66,57 manat) göstərilmişdir; - JJD**********13569719/KLİ1593988 nömrəli sifarişinə əsasən Almaniyada yerləşən Kaffekapslen mağazasından çəkisi 4,4 kq., invoys qiyməti 82.23 Avro (153,77 manat) məbləğində olan üyüdən qəhvə sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 43,08 ABŞ dolları (73,23 manat) göstərilmişdir; - JJD**********13574523/KLİ1594762 nömrəli sifarişinə əsasən Almaniyada yerləşən Kaffekapslen mağazasından çəkisi 1,29 kq., invoys qiyməti 63.45 Avro (118,65 manat) məbləğində olan qəhvə sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 17,79 ABŞ dolları (30,24 manat) göstərilmişdir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş göndərilən sms-lərin çıxarışından görünür ki, daşınma şirkəti tərəfindən iddiaçının mobil nömrəsinə sms göndərilmiş, KLİ1588682, KLİ1593980, KLİ1593988, KLİ1594512, KLİ1594762, KLİ1595017 izləmə kodlarında olan bağlamaları saxlanıldığından gömrük orqanlarına müraciət etməsi, onun aidiyyəti şirkət qarşısında bağlamaların anbarda saxlanılması ilə bağlı ödəniş öhdəliyinin yaranması barədə məlumat verilmişdir. İş üzrə İddiaçı MMC-nin direktoru X1 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya/təklif məktublarından görünür ki, Cavabdeh “KoliPlus.com” platformasını istifadə edərək JJD**********13584025/ KLİ1595017 nömrəli (çəki 6.6 kq, ölkə-Almaniya, tarix xx.xx.2024, ödəniş məbləği -100,98 manat, ödəniş status – ödənilməyib), JJD**********13569719/KLİ1593988 nömrəli (çəki 4.4 kq, ölkə - Almaniya, tarix xx.xx.2024, ödəniş məbləği - 73,23 manat, ödəniş status – ödənilməyib), JJD**********13574523/KLİ1594762 nömrəli (çəki 1.29 kq, ölkə - Almaniya, tarix xx.xx.2024, ödəniş məbləği - 30,24 manat, ödəniş status – ödənilməyib), JJD**********13571642/KLİ1594512 (çəki 4 kq, ölkə - Almaniya, tarix xx.xx.2024, ödəniş məbləği - 66,57 manat, ödəniş status – ödənilməyib), JJD**********13564980/KLİ1593980 (çəki 6.7 kq, ölkə - Almaniya, tarix xx.xx.2024, ödəniş məbləği – 102,51 manat, ödəniş status – ödənilməyib) bağlamaların Azərbaycana İddiaçı MMC tərəfindən gətirilməsini tələb etmişdir. Bağlamalar Azərbaycana gətirilsə də bu vaxtadək bağlamalara aid çatdırılma haqqlarını ödəməmişdir. 7 gün ərzində “KoliPlus.com” platformasından xidmət haqqlarının ödəməsini xahiş etmişdir. Əks təqdirdə borc ilə əlaqədar məhkəməyə müraciət olunacaqdır. Məhkəmə, vəkil xərcləri əlavə olaraq Cavabdeh tələb oluna bilər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan şirkətdir. Şirkətin əsas fəaliyyətini “Koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. Cavabdeh İddiaçı.com” onlayn platformasından qeydiyyatdan keçərək və istifadəçi razılaşmasını qəbul edərək Almaniyada yerləşən Kaffekapslen mağazasından müxtəlif sifarişçilərin sifarişi əsasında qəhvə sifariş etmiş, ümumi çəkisi 22.99 kq. olan bağlamalar İddiaçı MMC vasitəsilə Almaniyadan Azərbaycana çatdırılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, sifarişlər müxtəlif şəxslər adından edilsə də, həmin sifarişləri Cavabdeh etmiş və bu hal məhkəmə hazırlıq iclasıda onun tərəfindən etiraf edilmiş və həmin sifarişlərə görə yalnız onun tərəfindən cavabdehlik daşıması qeyd edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən daşıma xidməti göstərilsə də, cavabdeh tərəfindən edilmiş sifarişləri əsasında gətirilən bağlamalara görə cəmi 373,53 manat dəyərində daşınma haqqı ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə öhdəliyin yerinə yetirilməsi xahiş olunsa da, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən öhdəliyin pozulması baş verdiyindən, iddiaçı razılaşmasına əsasən icra olunmuş daşıma xidmət haqqını cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə əqdlərin bağlanılması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər (maddə 406.1). Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır (maddə 406.2).Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər (maddə 406.3). Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik üzrə (sifariş edilən bağlamaların daşıma xidməti) üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi müəyyən edildiyindən, iddia tələbi əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 373,53 manat məbləğində pul tutulmalıdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində də pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə yük daşıma xərci ilə əlaqədar 373,53 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 403,53 (dörd yüz üç manat, əlli üç qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar