Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2267/2025 17.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, Salyan yolu ünvanında yerləşən 29 saylı ev ona məxsusdur. O, cavabdehlə qonşudurlar. Təxminən 3-4 il bundan öncə cavabdeh ona heç bir məlumat vermədən, onun razılığını almadan öz evinin üzərində təxminən 5 metr hündürlüyündə daha 1 mərtəbə inşa etmişdir. Həmin mərtəbə onun evinə demək olar ki, bitişik formada inşa edilmişdir. Bu tikilinin inşası zamanı tikintidə nəzərdə tutulmuş ara məsafəsi gözlənilməmiş, tikinti norma və qaydaları ciddi şəkildə pozulmuşdur. Hal-hazırda ona məxsus evin həyətinə və birinci mərtəbəsinə gün düşmür, insolyasiya, təbii işıqlandırma və hava axımının qarşısı kəsilmişdir. Onun evinin mənzərəsinin də qarşısı əhəmiyyətli dərəcədə alınmışdır. Evlər arasındakı ara məsafəsinin nəzərə alınmaması, həm də yanğın təhlükəsizliyi və sanitarepidemioloji baxımından də təhlükəlidir. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl” Qaydaların 2-ci bəndinə görə bu Qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, yəm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarda tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir.Həmin Qaydaların 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sakibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Cavabdeh bu tikilini icra edərkən heç bir səlahiyyətli qurumdan icazə almamış və özbaşına şəkildə inşa etmişdir. Cavabdehə dəfələrlə bu barədə bildirsələr və inşa edilmiş özbaşına tikilinin sökülməsini tələb etsələr də, cavabdeh hər dəfə müxtəlif bəhanələr uydurmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, Salyan yolu ünvanında yerləşən 29 saylı evin yannıda ara məsafəsi gözlənilmədən, tikinti norma və qaydalarını pozmaqla Cavabdeh tərəfindən inşa edilmiş 2-ci mərtəbənin özbaşına tikinti hesab edilərək, cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin inşa etdiyi tikili özbaşına tikilidir, 5-6 il bundan əvvəl inşa edilmişdir. Ekspert rəyi ilə də müəyyən edilir ki, həmin tikili iddiaçının mülkiyyətində olan tikiliyə münasibətdə Tikinti Norma və Qaydalarının tələblərini pozmaqla inşa edilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisələndirilən tikili 5-6 ildir ki, inşa edilib, hüququ statusuna görə özbaşına tikilidir. Onun altında 1-ci mərtəbə uzun müddətdir ki, inşa edilib və 2-ci mərtəbə həmin tikili üzərində inşa edilib. Əgər birnci mərtəbə iddiaçının hər hansı hüququnu pozmursa, 2-ci mərtəbə necə poza bilər. Digər tərəfdən tikili “Tikinti və Şəhərsalma” Məcəlləsi qüvvəyə mindiyi 2012-ci ildən sonra inşa edilmişdir, həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən özbaşına tikilinin sökülməsi ilə bağlı tələb irəli sürməyə hüququ olan şəxs Fövqəladə Hallar Nazirliyidir. Yəni iddiaçının hazırkı tələblə çıxış etməyə subyektiv hüququ mövcud deyil. Bu səbəbdən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, Salyan yolu ünvanında yerləşən 29 saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən “Mərkəz” vəkil bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan yolu 29 saylı ev sahibi Cavabdeh məxsus olan mülki onun ata nənəsi 1937-ci ildə evin sahibəsi olmuş mərhumə X1 tərəfindən inşa edilmişdir. Hal-hazırda qeyd edilən Cavabdeh ailə üzvləri ilə birgə yaşayır. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2026-cı il tarixli 10/7228 saylı rəyinə əsasən: -1-ci sual üzrə: Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən 1,2 m. məsafə gözlənilməklə inşa edilməli olan ikinci mərtəbənin faktiki olaraq İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən 0,3 m (30 sm məsafədə inşa edildiyini nəzərə alaraq, inşa edilmiş həmin ikinci mərtəbənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. -2-ci sual üzrə: hər hansı bir tikilinin inşa edilmə tarixinin müəyyən edilməsinə dair metodika olmadığından, sual üzrə tədqiqat aparılmadı. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, Salyan yolu ünvanında yerləşən 29 saylı ev iddiaçının mülkiyyətindədir. Qonşuluqda yaşayan Cavabdeh öz evinin üzərində təxminən 5 metr hündürlüyündə 2-ci mərtəbə iddiaçının evinə bitişik formada inşa etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin tikili öz hüquqi statusuna görə özbaşına tikilidir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, Salyan yolu ünvanında yerləşən 29 saylı ev ona məxsusdur. O, cavabdehlə qonşudurlar. Təxminən 3-4 il bundan öncə cavabdeh ona heç bir məlumat vermədən, onun razılığını almadan öz evinin üzərində təxminən 5 metr hündürlüyündə daha 1 mərtəbə inşa etmişdir. Həmin mərtəbə onun evinə demək olar ki, bitişik formada inşa edilmişdir. Bu tikilinin inşası zamanı tikintidə nəzərdə tutulmuş ara məsafəsi gözlənilməmiş, tikinti norma və qaydaları ciddi şəkildə pozulmuşdur. Halhazırda ona məxsus evin həyətinə və birinci mərtəbəsinə gün düşmür, insolyasiya, təbii işıqlandırma və hava axımının qarşısı kəsilmişdir. Onun evinin mənzərəsinin də qarşısı əhəmiyyətli dərəcədə alınmışdır. Evlər arasındakı ara məsafəsinin nəzərə alınmaması, həm də yanğın təhlükəsizliyi və sanitar-epidemioloji baxımından də təhlükəlidir. Cavabdeh bu tikilini icra edərkən heç bir səlahiyyətli qurumdan icazə almamış və özbaşına şəkildə inşa etmişdir. Cavabdehə dəfələrlə bu barədə bildirsələr və inşa edilmiş özbaşına tikilinin sökülməsini tələb etsələr də, cavabdeh hər dəfə müxtəlif bəhanələr uydurmuşdur. Bu səbəbdən iddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, Salyan yolu ünvanında yerləşən 29 saylı evin yannıda ara məsafəsi gözlənilmədən, tikinti norma və qaydalarını pozmaqla Cavabdeh tərəfindən inşa edilmiş 2-ci mərtəbənin özbaşına tikinti hesab edilərək, cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Şəhərsalmanın Əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına bina və qurğular tikildikdə (Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanındığı hallar istisna olmaqla), mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işləri aparıldıqda, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulma və dəyişikliklər edildikdə onlar inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64.1-ci maddəsinə əsasən tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: 64.1.1. tikinti obyektinin təyinatına görə istismar şəraiti; 64.1.2. ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri; 64.1.3. tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Eyni Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. AR MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinin alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli evlərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Ekspert rəyi ilə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən 1,2 m. məsafə gözlənilməklə inşa edilməli olan ikinci mərtəbənin faktiki olaraq İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən 0,3 m (30 sm) məsafədə inşa edildiyini nəzərə alaraq, inşa edilmiş həmin ikinci mərtəbənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, inşa olunmuş mübahisəli tikili iddiaçının mülkiyyətində olan evinə 0.3 (30 sm) məsafədə inşa edildiyindən, həmçinin həmin tikili iddiaçının mülkiyyətində olan tikiliyə münasibətdə (qanunda nəzərdə tutulmuş ara məsafə riayət edilmədən) tikinti norma və qaydalarına uyğun olmayaraq inşa edildiyindən, bununla da iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququ mövcud olduğundan, bu hal isə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olduğundan, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, Salyan yolu ünvanında yerləşən 29 saylı evinə 0.3 (30 sm) məsafədə inşa edilmiş özbaşına tikili olan 2-ci mərtəbəsinin 1,2 metr hissəsi Cavabdeh vəsaiti hesabına sökülməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin mübahisələndirilən tikilinin sökülməsi ilə bağlı iddiaçının tələb irəli sürməsinə subyektiv hüququnun olmaması barədə dəlilləri üzrə qeyd edir ki, yuxarıda göstərildiyi kimi tikili iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmədiyindən və bu hal iddiaçının daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcuddur. Lakin məhkəmə yalnız iddiaçının tələbinin qismən, yəni onun mülkiyyət hüququnu qanunla məhdudlaşdırılan həcmdə əsaslı olması qənaətinə gələrək iddianın qismən təmin olunması barədə qərar qəbul edilməsini əsaslı hesab etmişdir. AR MPM-nin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcələlnin 223.2-ci maddəsinə əsasən cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Qeyd edilən Məcəllənin 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Məhkəmə həmçinin hesаb edir ki, mübahisəli özbaşına tikili qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin vəsaiti hesabına 2 ay ərzində sökülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, Salyan yolu ünvanında yerləşən 29 saylı evinə 0.3 (30 sm) məsafədə inşa edilmiş özbaşına tikili olan 2-ci mərtəbəsinin 1,2 metr hissəsi Cavabdeh vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 (iki) ay ərzində sökülsün. Cavabdeh müəyyən edilmiş iki ay müddət ərzində qətnaməni icra etməsə, İddiaçı cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməsi haqlı hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza xərci – 150 (bir yüz əlli) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2267/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2267/2025
17.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver