Məhkəmə qərarları › İş №e-2(009)-2293/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2293/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2293/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il il tarixli TSM1109-21 nömrəli alqı-satqı və xidmət müqaviləsi üzrə yaranmış 5050 manat məbləğində əsas borc, gecikdiriİmiş günlərə görə hesablanmış 1868 (bir min səkkiz yüz altmış səkkiz) manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 600 (altı yüz) manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş 95 (doxsan beş) manat dövlət rüsumunun, cəmi 7613 manat ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, müəssisə video müşahidə kameraları və onların avadanlıqlarının satışı, həmçinin belə avadanlıqların quraşdırılması xidmətləri sahəsində fəaliyyətlə məşğul olur. Qeyd olunan fəaliyyətləri çərçivəsində xx.xx.2021-ci il il tarixdə cavabdehlə aralarında TSM1109-21 nömrəli alqı-satqı və xidmət müqaviləsi (bundan sonra Müqavilə) bağlanmış və həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə dəyəri 4090 (dörd min doxsan) manat təşkil edən 18 adda mal, xx.xx.2021-ci il tarixdə isə dəyəri 960 (doqquz yüz altmış) manat təşkil edən 3 adda mal satış qaimələri təsdiq edilməklə cavabdehə satılmış və cavabdeh tərəfındən həmin mallar qeyd olunan tarixlərdə təhvil alınmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma mal təhvil verildikdən sonra, köçürmə yolu ilə aparılmalı idi. Lakin bu günədək cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri yerinə yetirilməyərək ona satılmış malların dəyəri olan ümumilikdə 5050 (beş min əlli) manat pul vəsaiti müəssisəyə ödənilməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə müraciət etsələr də heç bir nəticə əldə edilməmiş, müqavilə öhdəliyi üzrə yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər gün üçün Ödənməli olan vəsaitin 0,1 faizi məbləğində cərimə ödəyəcəkdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, yaranmış mübahisə məhkəmə qaydasında həll edilməli, Müqavilə üzrə yaranmış 5050 manat məbləğində əsas borc, gecikdirilmiş günlərə (370 gün) görə günlük 0,1 faiz hesablanmaqla yaranmış 1868 (bir min səkkiz yüz altmış səkkiz) manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 600 (altı yüz) manat pul vəsaiti cavabdehdən tutularaq onlara ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək İddiaçınə olan cərimə borcunun azaldılmasını xahiş etmiş və iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, TSM1109-21 nömrəli müqavilədən və qaimələrdən görünür ki, satıcı İddiaçı MMC, dəyəri 4090 (dörd min doxsan) manat təşkil edən 18 adda mal, xx.xx.2021-ci il tarixdə isə dəyəri 960 (doqquz yüz altmış) manat təşkil edən 3 adda mal satış qaimələri təsdiq edilməklə Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 3.3-cü bəndlərinə əsasən “Alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər gün üçün Ödənməli olan vəsaitin 0,1 faizi məbləğində cərimə ödəyəcəkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5050 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilələr üzrə tələb edilən 1868 manat cərimə borcunun tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn 5050 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və 1868 manat dəbbə pulunun azaldılaraq 300 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə, iddia tələbinin İddiaçı MMC-nin ödədiyi 600 (altı yüz) manat məbləğində hüquqi xidmət xərclərinin tutulmasına dair hissə üzrə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kapital Bank ASC-nin ödəniş sistemindən görünür ki, İddiaçı MMC tərəfindən “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun hesabına 600 manat məbləğində pul ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi xidmət xərcinin İddiaçı MMC-nin xeyrinə 400 (dörd yüz) manat məbləğində Cavabdeh tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5050 (beş min əlli) məbləğində əsas borc, 300 (üç yüz) manat cərimə borcu, ümumilikdə 5350 (beş min üç yüz əlli) manat borc, 400 (dörd yüz) manat hüquqi xidmət xərci və ödənilmiş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun 80 (səksən) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 15 (on beş) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5050 (beş min əlli) məbləğində əsas borc, 300 (üç yüz) manat cərimə borcu, ümumilikdə 5350 (beş min üç yüz əlli) manat borc, 400 (dörd yüz) manat hüquqi xidmət xərci və ödənilmiş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun 80 (səksən) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar