Məhkəmə qərarları › İş №e-2(009)-2296/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2296/2022

28.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2296/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili A.A. Qazıyevanın Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması barədə iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bünyad Sərdarov küçəsi, 17 saylı evdə yerləşən 22 saylı mənzildə qanunsuz aparılan tikili və yenidənqurma işləri mənzildə qanunsuz tikilmiş eyvanın cavabdehin hesabına sökülməsi, 21 saylı mənzildən ayrılması, 22 saylı mənzilin ilkin vəziyyətə cavabdehin hesabına gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu Bakı şəhəri, Bünyad Sərdarov küçəsi, 17 saylı evdə yerləşən 22 saylı mənzildə qanunsuz aparılan tikili və yenidənqurma işlərinin, tarixi binada yerləşən 22 saylı mənzildə qanusuz tikilmiş eyvanların cavabdehin hesabına sökülməsi, 22 saylı mənzilin 21 saylı mənzildən ayrılması 22 saylı mənzilin ilkin vəziyyətə cavabdehin hesabına gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 göstərmişdir ki, hazırki tələb əvvəllər eyni tərəflər arasında baxılmış mülki işin predmeti olmuş, həmin tələb üzrə qətnamə qəbul edilmiş, qanuni qüvvəsini almışdır. Ona görə də hazırki işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 hazırki işin icraatına xitam verilə bilməməsini qeyd edərək, tələbin daha geniş olması və müvafiq araşdırma aparılmasına zərurət olmasını göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1454/2011 saylı mülki iş materiallarına baxış keçirərək hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılması yolverilməz hesab edildiydən iş üzrə icraata xitam verilməlidir. İş üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2011-ci il tarixli, 2(009)-1454/2011 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması və özəlləşdirilməsinin ləğvi tələbi əsassız olduğu üçün təmin edilməmişdir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzillərdə aparılan tikinti yenidənqurma işlərinin sökülməsi, mənzilin ilkin vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Təqdim olunmuş qətnamədən görünür ki, mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi (bu faktiki olaraq qanunsuz inşa edilmiş tikililərin sökülməsi yolu ilə mümkündür) ilə 2011-ci ildə İddiaçı məhkəməyə müraciət etmiş, hazırki mübahisə məhkəmə baxışının predmeti olmuş və işə mahiyyəti üzrə baxılaraq məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərək iddiaçının iddiası təmin edilməmişdir. Yəni həmin mülki işə baxılarkən iddiaçının hazırki tələbi araşdırılmış və qiymətləndirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göstərlənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 170, 261, 263, 264 -cü madələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar