Məhkəmə qərarları › İş №e-2(009)-2303/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2303/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2303/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 26 may 2019-cu il və 01 sentyabr 2019-cu il tarixlərində Cavabdeh ilə İddiaçı arasında ECK5733411 nömrəli və ECK5775934 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5733411 nömrəli müqavilə üzrə 1270 manat dəyəri olan 1 ədəd “Grundig” markalı televizor Cavabdeh hissə-hissə ödənişlə sqmaq öhdəliyi üzərinə götürmüşdür. 26 may 2019-cu il tarixli ECK5775934 nömrəli müqavilə üzrə 989 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A70” markalı televizor alıcıya hissə-hissə ödənişlə sqmaq öhdəliyi üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci maddəsinə əsasən alıcı ECK5733411 nömrəli müqavilə üzrə 100 manat ilkin ödəniş olmaqla, qalan 1170 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 65 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5775934 nömrəli müqavilə üzrə 101 manat ilkin ödəniş olmaqla, qalan 888 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 74 manat olmaqla, hər ayın 31-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcu 1%-i həcmində satıcının xetrinə cərimə (dəbbə pulu) ödəməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasıının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun ECK5733411 nömrəli müqavilə üzrə 695 manat əsas, 208 manat dəbbə borcu olmaqla cəmi 903 manat və ECK5775934 nömrəli müqavilə üzrə 578 manat əsas, 173 manat dəbbə borcu olmaqla, cəmi 751 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5733411 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 6 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh onun xeyrinə ECK5733411 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 695 manat əsas, 208 manat dəbbə pulu və ECK5775934 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 578 manat əsas, 173 manat dəbbə pulu və 37 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ECK5733411 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 1270 manat dəyərində 1 ədəd “Grundig” markalı televizor nisyə satılmışdır, Cavabdeh həmin televizor üçün ayda 65 manat olmaqla, 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ECK5775934 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 989 manat dəyərində 1 ədəd “Samsung Galaxy A70” markalı telefon nisyə satılmışdır, Cavabdeh həmin telefon üçün ayda 74 manat olmaqla, 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh ECK5733411 nömrəli, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 695 manat əsas, 208 manat dəbbə pulu və ECK5775934 nömrəli xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müvafiq olaraq 578 manat əsas, 173 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1691 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli ECK5775934 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən 1270 manat dəyərində 1 ədəd “Grundig” markalı televizor Cavabdeh 18 ay müddətinə, hər ay 65 manat ödəmək şərti ilə satılmış və həmin əmlak cavabdehə təhvil verilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli ECK5775934 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən 989 manat dəyərində 1 ədəd “Samsung Galaxy A70” markalı telefon Cavabdeh 12 ay müddətinə, hər ay 74 manat ödəmək şərti ilə satılmış və həmin əmlak cavabdehə təhvil verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən müqavilələr üzrə onun şərtləri, yəni hər ay ödənilməli olan pul məbləği ödənilməmiş və nəticədə cavabdehin hər iki müqavilə üzrə 1654 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış nisyə alqı-satqı müqaviləsi üzrə əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri müqavilə üzrə tərəfə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh müqavilə üzrə borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi müqaviləsi üzrə yaranmış 1654 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin ECK5733411 nömrəli, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 208 manat, xx.xx.2019-cu il tarixli ECK5775934 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 173 manat dəbbə pulun (cərimə) tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissələrdə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nisyə alqı-satqı müqavilələri üzrə ödənilməmiş qalmış borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq cərimə borcunun (dəbbə borcu) miqdarı ECK5733411 nömrəli, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 100 manat, xx.xx.2019-cu il tarixli ECK5775934 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə isə 70 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilələr üzrə ödənilməmiş qalmış ECK5733411 nömrəli, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 695 manat əsas, 100 manat dəbbə pulu, ECK5775934 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 578 manat əsas, 70 manat dəbbə pulu, cəmi 1443 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də qismən təmin edilməli, ödənilmiş tələbə mütənasib olaraq cavabdehdən 35 manat tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli ECK5733411 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə yaranmış 695 manat əsas borc, 100 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5775934 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə yaranmış 578 manat əsas borc, 70 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat, cəmi 1478 (bir min dörd yüz yetmiş səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar