Məhkəmə qərarları › İş №e-2(009)-237/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-237/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-237/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi S.H.Mikayılovun iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona məxsus “X4 115CDİ” markalı, 99XS771 dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə Cavabdeh sığorta şirkətində sığorta olunmuşdur. Həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Volvo FH” markalı, 47KE685 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta hadisəsi baş vermiş, "xxxx" ASC tərəfindən icbari sığorta edilmiş Türkiyə Respublikası vətəndaşının idarə etdiyi TİR tərəfindən iddiaçıya məxsus avtomobilə zərər vurulmuşdur. Belə ki, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşının sol arxa qanadı bütövlükdə, sol qapısı, sol güzgü, sol tərəfə aid bütün yan şüşələr, sol arxa stop, ön şüşə və qapının üzərində yerləşən nikellər zədələnmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən dəymiş ziyan məbləği ümumilikdə 2200 manat müəyyən edilmiş, həmin məbləğdə sığorta ödənişi təyin edilmişdir. Halbuki, zədələnmiş detallar hazırda Bakı şəhərində yerləşən bazarlarda ikinci əl olaraq satılmaqdadır. Həmin detalların satış qiyməti (onun tərəfindən əldə edilmiş dəqiq məlumatlar) sol arxa qanad – 2500 manat, sol qapı – 200 manat, sol güzgü – 200 manat, sol tərəfə aid bütün yan şüşələr – 180 manat, sol arxa stop – 150 manat, ön şüşə - 200 manat və qapının üzərində yerləşən nikeli – 20 manat olmaqla, ümumilikdə 3810 manat təşkil edir. O, həmin detalların sığorta şirkəti tərəfindən ikinci əl (istifadə olunmuş) kimi alınaraq ona verilməsinə razılıq vermiş, təmir xərclərinə münasibətdə də razılığın əldə edilməsinin mümkünlüyünü bildirmiş, bu barədə sığorta şirkətinə rəsmi müraciət etmişdir. Bundan başqa, sığorta şirkətinin əməkdaşları mobil telefonla onunla əlaqə saxlamış, ona 3 qiymətləndirici: "xxxx" MMC, "xxxx" MMC və Əhməd Talıblı təqdim etmiş, o, müstəqil ekspertlərin reyestrindən qiymətləndiricinin xidmətindən istifadə etmək istədiyini bildirmiş, sığorta şirkəti tərəfindən buna şərait yaradılmamışdır. Bundan sonra o, avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün qanunvericiliyə uyğun reyestrə adı daxil edilmiş müstəqil ekspert "xxxx" MMC-yə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə müstəqil ekspert tərəfindən ƏEM/S 91-800/2023 nömrəli mütəxəssis rəyi təqdim edilərək dəymiş ziyanın məbləği 4962 manat olaraq müəyyən edilmişdir. Qiymətləndirmə aparılarkən ekspert tərəfindən müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinə zərər dəymiş hissələrin təmir və bərpası mümkün deyildir. Yəni ehtiyat hissələri quraşdırılmalı, rənglənməlidir. Sığorta şirkəti qiymətləndiricinin onunla razılaşdırılmadığını əsas gətirərək həmin məbləği ödəməkdən imtina etmiş, mütəxəssis rəyini qanunsuz hesab etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-dən 4962 manat sığorta ödənişinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qismən qəbul edərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan iddiaçıya məxsus “X4 115CDİ” markalı, 99XS771 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Volvo FH” markalı, 47KE685 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq hadisə barədə məlumat alındıqdan sonra sığortaçı tərəfindən ən qısa müddət ərzində avtomobilə baxış keçirilmiş və dəyən zərərin miqdarı 2200 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi qüsur aktı isə təxminən 5.000 manata yaxındır. Hadisə ilə bağlı sənədlər sığorta şirkətinə gec təqdim olunmuşdur. Sənədlər əsasında müəyyən olunur ki, baş verən hadisə sığorta hadisəsidir, iddiaçıya sığorta haqqı ödənilməlidir, lakin hesab edir ki, həmin məbləğ onların təqdim etdiyi qüsur aktına uyğundur. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PAT********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortalı İddiaçı məxsus olan «X4 115 CDİ» markalı 99XS771 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Sığorta Şirkəti ASC-də xx.xx.2023-ci ildən xx.xx.2024-cü ilədək icbari sığorta növündə sığortalanmışdır. Sığorta məbləği 5000 manat təşkil etmişdir. İş üzrə “Avtoservis 777” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, «Mercedes Vito» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının 3810 manat (qanad sol arxa – 1 ədəd -2500 manat, qapı sol – 1 ədəd -200 manat, güzgü sol – 1 ədəd – 200 manat, yan şüşə sol – 3 ədəd – 180 manat, stop sol arxa – 1 ədəd – 150 manat, şüşə ön – 1 ədəd – 200 manat, nikel qapı – 1 ədəd – 20 manat) miqdarda ziyan dəydiyini aşkar olunmuş, dəyişilməsi avtohissələrin avtomaşına yerləşdirilməsi və avtomaşının rənglənməsi üçün 1500 manat, cəmi 5310 manat vəsait hesablanmışdır. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən təqdim edilmiş və Dilqəm Hüseynbəyli tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli hesabatın surətindən görünür ki, «Mercedes Benz» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri (dəmirçi – 600 manat, rəngsaz – 700 manat, armaturçu – 200 manat, çilingər – 40 manat, elektrik – 50 manat, razval – 20 manat, diaqnostika – 30 manat, cəmi 1640 manat) və ehtiyyat hissələrinin dəyişdirilməsi (sol yan şüşə - 240 manat, arxa sol stop – 200 manat, sağ və sol güzgü – 120 manat, cəmi 560 manat) üçün cəmi 2200 manat vəsait hesablanmışdır. İş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cavabdeh Sığorta Şirkəti ASCyə, surəti İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Mülki Məcəllənin 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Həmin Məcəllənin 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sğortalının, sığorta olunanın və ya fəadalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Həmin Məcəllənin 925-1.3-cü maddəsinə sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Həmin Məcəllənin 925-1.5-ci maddəsinə əsasən müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Həmin Məcəllənin 925-1.6.1-ci maddəsinə əsasən müstəqil ekspert bu Məcəllənin 925- 1.2-ci və 925.1.3-cü maddələrinə uyğun olaraq təyin edildikdə zərərin qiymətləndirilməsinə çəkilən xərc sığortaçı tərəfindən ödənilir. Həmin Məcəllənin 925-1.6.2-ci maddəsinə əsasən müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə zərərin qiymətləndirilməsinə çəkilən xərc təkrar qiymətləndirməni tələb edən şəxs tərəfindən ödənilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini (https://www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-andindependent-experts) Mərkəzi Bank aparılır. Göstərilənləri nəzərə alaraq ərizədə qeyd edilən məsələnin tənzimlənməsi ilə əlaqədar əmlaka dəymiş zərərin miqdarı barədə əldə olunmuş razılığın, razılıq ədə olunmadığı təqdirdə isə yuxarıda əldə edilmiş reyestrdən seçilməklə təklif edilmiş müstəqil ekspert tərəfindən ekspertizanın keçirilməsi və keçirilmiş ekspertizanın nəticəsi barədə məlumatın 5 iş günü müddətində Mərkəzi Banka və müraciət müəllifinə təqdim edilməsi xahiş olunur. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 departamentinə, surəti İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “X4 115 CDİ” markalı, 99XS771 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Volvo FH” markalı, 47KE685 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Odur ki, İddiaçı yazılı razılığı olduğu halda Cavabdeh Sığorta Şirkəti müstəqil ekspertizanın keçirilməsini təşkil edəcəkdir. Bundan əlavə isə səlahiyyətli orqanın arayışı Cavabdeh Sığorta Şirkətinə daxil olmamışdır. Bu səbəblə xx.xx.2023-cü il tarixdə aidiyyatı üzrə sorğu göndərilmişdir. Sorğuya cavab daxil olduğu təqdirdə işlə bağlı müvafiq qərar qəbul olunacaqdır. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 departamentinə, surəti İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Mülki Məcəllənin 925.3-cü və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Baxılan halda, xx.xx.2023-cü ildə müstəqil ekspert "xxxx" MMC tərəfindən keçirilmiş və ərizəçinin təqdim etdiyi qiymətləndirmə aktı əsassızdır. Belə ki, qanunvericiliyin tələbi üzrə qiymətləndirmə fəaliyyəti tərəfindən qarşılıqlı razılığı ilə təyin olunan və bununla məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Baxılan halda xx.xx.2023-cü il tarixli qiymətləndirməni həyata keçirən müstəqil ekspertin seçimi ilə bağlı Cavabdeh Sığorta Şirkətinin razılığı alınmamışdır. İş üzrə İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/S 91-800/23 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “X4115 CDİ” markalı, 99XS771 dövlət qediyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyəri 4962,0 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1180 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis 777” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qəsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “X4 115 CDİ” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3780,0 manat müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Volvo FH” markalı, 47KE685 dövlət nömrə nişanlı avtomaşınla hərəkət edən zaman iddiaçının mülkiyyətində olan “X4115 CDİ” markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus “X4115 CDİ” markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş verdiyindən və həmin yol-nəqliyyat hadisəsində iddiaçı zərərçəkən hesab olunduğundan, onun sığorta hadisəsi ilə bağlı sığorta ödənişi almaq hüququ yaranmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 2200 manat hesablamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta şirkəti tərəfindən hesablanan sığorta ödənişi ilə razı deyil. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin ekspert rəyinə əsasən ona məxus avtomaşına dəymiş ziyan 4962 manat təşkil edir və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh Sığorta Şirkəti ASC hazırkı tələb üzrə cavabdehlik daşıyan sığorta təşkilatıdır. Belə ki, “İcbari sığorta haqqında” AR Qanunun 52-1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: - 52-1.1.1-ci maddə. Zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; - 52-1.1.2-ci maddə. Yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Məhkəmə digər tərəfdən qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Yuxarıda qeyd olunduğu kimi sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 2200 manat hesablamışdır. İddiaçı isə avtomaşına 4962 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüququ var. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən ziyanın məbləği kimi 2200 manat müəyyən edilsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. İş materiallarında olan həm iddiaçı, həm cavabdeh tərəfindən avtomaşına dəymiş ziyanla bağlı rəylər təqdim olunmuşdur. Eyni zamanda avtomaşına vurulmuş ziyanla bağlı müxtəlif rəylər olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında ziyanla bağlı mübahisə olduğundan məhkəmə müvafiq ekspertiza təyin etmişdir. Araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Həmin rəydə göstərilən hissələrin dəyişdirilməsi və təmir xərcləri nəzərə alınmaqla təmir-bərpa xərcinin 3780 manat məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə sığortalı avtomaşına dəymiş ziyan məbləğinin 3780 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən müəyyən edilən sığorta ödənişinin sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 3780 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (57,80 manat) Cavabdeh Sığorta Şirkəti ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci - 50 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 3780 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57,80 manat, cəmi 3837,80 (üç min səkkiz yüz otuz yeddi manat, səksən qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərci - 50 (əlli) manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar