Məhkəmə qərarları › İş №e-2(009)-2425/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2425/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2425/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1368 manat əsas borc, 205.2 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 567.1 manat əsas, 85 manat cərimə borcun və 71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq «İrşad Electronics” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “HOTPOİNT-ARİSTON” markalı elektrikli sobaya və “HOTPOİNT- ARİSTON” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 171 manat olmaqla, cəmi 3078 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “HOTPOİNT-ARİSTON” markalı qaz sobasına və “HOSPOİNT-ARİSTON” markalı mikrodalğalı sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 130 manat olmaqla, cəmi 2328 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2020-ci il tarixli ********* müqavilə üzrə xx.xx.2021-ci il tarixində 342 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixində 300 manat, iki müqavilə üzrə qalıq qalmış 1935.1 manat borcu qaytarmamışdır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu iki müqavilə üzrə 2902 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 2902 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 290.2 manat İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 1368 manat əsas borc, 205.2 manat cərimə, cəmi 1573.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 567.1 manat əsas, 85 manat cərimə, cəmi 652.1 manat, ümumilikdə borcu iki müqavilə üzrə 1935.1 manat əsas, 290.2 manat cərimə, cəmi 2225.3 manat borcun və 71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin qapı bağlıdır qeyd edilməklə zərf geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “HOTPOİNT-ARİSTON” markalı elektrikli soba, “HOTPOİNT-ARİSTON” markalı paltaryuyan əldə etmiş və 3078 manat məbləğini 18 ay müddətində aylıq 171 manat və xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, ”HOTPOİNT-ARİSTON” markalı qaz sobası və “HOTPOİNT-ARİSTON” markalı mikrodalğalı soba əldə etmiş və 2328 manat məbləğini 18 ay müddətinə aylıq 130 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 567.1 manat əsas borc, 85 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1368 manat əsas borc, 205.2 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunda Cavabdeh tərəfindən borcunun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi barədə məlumat qeyd olunmuşdur. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “HOTPOİNT- ARİSTON” markalı elektrikli soba, “HOTPOİNT-ARİSTON” markalı paltaryuyan əldə etmiş, 3087 manat məbləğini 18 ay müddətinə aylıq 171 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, “HOTPOİNT-ARİSTON” markalı qaz sobası və “HOTPOİNT-ARİSTON ” markalı mikrodalğalı soba əldə etmiş, 2328 manat məbləğini 18 ay müddətinə aylıq 130 manat olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 1935.1 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə-şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə 290.2 manat cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hesablanmış cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin əsas borcuna münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq dəbbə (cərimə) borcunun miqdarı 135.4 manat məbləğində müəyyən edilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 71 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 40.71 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1368 manat əsas borc, 95.7 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 567.1 manat əsas, 39.7 manat cərimə borcu və 40.71 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Lahudi oğlundan xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə 1368 manat (bir min üç yüz altmış səkkiz manat) əsas borc, 95.7 manat (doxsan beş manat, yetmiş qəpik) cərimə borcu, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 567.1 manat (beş yüz altmış yeddi manat, on qəpik) əsas borc, 39.7 manat (otuz doqquz manat, yetmiş qəpik) cərimə borcu və 40.71 manat (qırx manat, yetmiş bir qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar