Məhkəmə qərarları › İş №e-2(009)-2537/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2537/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2537/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Guzeınov Gasanın, Cavabdeh (video zəng vasitəsilə) iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2025-ci il tarixə ödənilməmmiş 260.56 manat gecikdirilmiş əsas, 287.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 327.82 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Chevrolet Cobalt” markalı, 77- YG-668 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2720.80 manat, ümumilikdə 3596.37 manat borc və ödənilmiş 55.97 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt”markalı, **-YG- *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan, "xxxx" MMC-nin mülkiyyətində olan, «Chevrolet Cobalt» markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 avqust 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2720.80 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-3361 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2025-ci il tarixə ümumilikdə 875.57 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Guzeınov Gasanın iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına video zəng vasitəsilə qoşulmuş Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin imkanı olmadığından ödəniş edə bilmədiyini, əgər vaxt verilsə, ödənişləri edəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, “Chevrolet Cobalt”markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsindən görünür ki, “Chevrolet Cobalt” minik markalı əmlakın ümumi dəyəri 25,850 manat təşkil edir. - 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 3 saylı əlavəsindən görünür ki, lizinq alan illik 19 % hesablanmaqla 60 ay müddətinə hər ay sabit məbləğ olmaqla 553,83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. - 02 iyul 2024-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt”markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC ilə digər tərəfdən Cavabdeh arasında təhvil təslimi aparılmışdır. - "xxxx" Avto Servisin qüsur aktından görünür ki, ümumi xidmət haqqı 1.250,80 manat, ehtiyat hissələrin ümumi dəyəri 1.470,00 manat olmaqla, yekun ödəniləcək məbləğ 2.720,80 manat, ƏDV 190,80 manat hesablanmaqla Ədv daxil olmaqla yekun ödəniləcək məbləğ 2.720,80 manat təşki edir. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, 04 avqust 2025-ci il tarixə 875.57 manat məbləğində gecikmə borcu yaranmış, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt”markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən lizinq obyektinə baxış keçirilmiş və tərtib olunmuş qüsur aktına əsasən avtomobildə 2720.80 manat məbləğində qüsur aşkar edilmişdir. “Daxili Lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv edilərək, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda məhkəmə qaydasında tələb ediləcəkdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq’' müqaviləsi üzrə 04 avqust 2025-ci il tarixə gecikdirilmiş əsas borc 260.56 manat, gecikdirilmiş mükafat borcu 287.19 manat və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu 327.82 manat olmaqla cəmi məbləğ 875.57 manat təşki edir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt”markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Eyni zamanda Cavabdeh 02 iyul 2024-cü il tarixli AZL- 3361 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2025-ci il tarixə ümumilikdə 260.56 manat, gecikdirilmiş mükafat borcu 287.19 manat və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu 327.82 manat olmaqla cəmi məbləğ 875.57 manat təşki edir. “Daxili lizinq” müqaviləsinin şərtləri cavabdeh tərəfindən lazımı qaydada icra edilmədiyinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. (MM 748-1.8) Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. (MM 748-1.9) Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən, lizinq alan Lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. - “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan müqavilə üzrə “Chevrolet Cobalt”markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə haqqını hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, həmçinin avtomobilə ziyan dəymişdir. Buna görə də, iddiaçı iddia tələbinin cavabdehdən lizinq məbləği, mükafat və zərərin ödənilməsini tələb etməsi hissələri tam əsaslıdır. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı «Daxili Lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2025-ci il tarixə 260,56 (iki yüz altmış manat əlli altı qəpik) manat gecikdirilmiş əsas borc, 287,19 (iki yüz səksən yeddi manat on doqquz qəpik) manat gecikdirilmiş mükafat borcu, həmçinin “Chevrolet Cobalt”markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2720,80 (iki min yeddi yüz iyirmi manat səksən qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Lakin, cavabdehdən 327.82 manat məbləğində cərimə məbləğinin tutulmasına aid hissədə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda cərimənin 30 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2025-ci il tarixə 260.56 manat gecikdirilmiş əsas borc, 287,19 manat gecikdirilmiş mükafat borcu və 30 manat gecikdirməyə görə hesablanmış dəbbə pulu, həmçinin “Chevrolet Cobalt”markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2720,80 manat olmaqla, cəmi 3298,55 manat borc və ödənilmiş dövlət rüsumunun 52,99 manat hissəsi "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyul 2024-cü il tarixli AZL-3361 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2025-ci il tarixə 260,56 (iki yüz altmış manat əlli altı qəpik) manat gecikdirilmiş əsas borc, 287,19 (iki yüz səksən yeddi manat on doqquz qəpik) manat gecikdirilmiş mükafat borcu və 30 (otuz) manat gecikdirməyə görə hesablanmış dəbbə pulu, həmçinin “Chevrolet Cobalt”markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2720,80 (iki yüz yeddi yüz iyirmi manat səksən qəpik) manat olmaqla, cəmi 3298,55 (üç min iki yüz doxsan səkkiz manat əlli beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 52.99 (əlli iki manat doxsan doqquz qəpik) manat hissəsi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar