Məhkəmə qərarları › İş №e-2(009)-254/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-254/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-254/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin (3-cü şəxs qismində Xətai Rayon İcra Hakimiyyəti işə cəlb olunmaqla) Cavabdeh ASC-yə qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (3-cü şəxs qismində Xətai Rayon İcra Hakimiyyəti işə cəlb olunmaqla) Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh ASC-dən 2339,75 manat və ödənilmiş dövlət rüsumuna görə 43,40 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən MP-P 03811 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X2 məxsus ünvan 1 saylı mənzilə xx.xx.2019-cu il tarixində həmin binanın istilik xəttinin sıradan çıxaraq su axması nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ünvan 1 saylı mənzilə dəymiş zərərə görə 2339,75 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Bakı şəhəri Xətai rayonu 82 saylı MKİS-nin Cəmiyyətə təqdim etdiyi xx.xx.2019-cu il tarixli aktla da müəyyən olunmuşdur ki, X2 məxsus ünvan 1 saylı mənzilə üst mərtəbədə yerləşən 41 saylı mənzilin tavanından keçən istilik xəttinin sıradan çıxması səbəbindən su axması nəticəsində maddi ziyan dəymişdir. Yuxarıda qeyd etdiyi aktdan, həmçinin 29 noyabr 2019-cuJl tarixli ekspert rəyinə əsasən baş vermiş hadisənin 41 saylı mənzilin tavanından keçən istilik xəttinin sıradan çıxması səbəbindən su axması nəticəsində baş verməsi məlumdur. Həmçinin qeyd olunan ünvanda yerləşən hadisə baş vermiş yaşayış binasına istilik enerjisinin verilməsi Cavabdeh ASC tərəfindən həyata keçirilir. Cəmiyyət tərəfindən "xxxx" ASC-yə ünvanlanan məktublara cavab olaraq ünvan 1 saylı mənzildə su axıntısının baş verməsi barədə ASC-yə məlumat daxil olmadığı bildiriİsə də, 29 noyabr 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən də məlumdur ki, hadisə şahidlərinin bildirdiyinə görə istilik idarəsindən çağırılan çilingərlərin binanın zirzəmisindən istilik dayağını kəsdikdən sonra suyun axması dayanmışdır. X1 Cəmiyyətə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizəsində və şifahi olaraq da qeyd etmişdir ki, hadisə ilə bağlı Cavabdeh ASC-yə məlumat vermişdir. Lakin qeyd olunan hadisənin baş verməsi Cavabdeh ASC tərəfindən göz ardına vurulmuş və Cəmiyyət tərəfindən ünvanlanan məktublar qeyri-dəqiq olaraq cavablandırılmışdır. ’'Azəristiliktəchizat" ASC "Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. AR Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən cavabdeh "xxxx" ASC-yə qarşı subroqasiya hüququ ilə əlaqədar 0396/22 saylı, xx.xx.2023-cü il tarixli məktubla tələb irəli sürülmüş, lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələb təmin olunmamışdır. Bu səbəbdən həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci yarım bəndinə əsasən: müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafın təmin edir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sarıitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanılması, təmiri və bərpası mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1 yarımbəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Eyni zamanda onu da məhkəmənin nəzərinə çatdırır ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qəsər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir. Ona görə də, iddia tələbinin tamamilə əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, MP-P 03811 saylı şəhadətnamə ilə Cəmiyyətimizdə sığortalanmış, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Rahim Məmmədov küşəsi, ev 10, 39 saylı mənzilə xx.xx.2019cu il tarixdə həmin binanın istilik xəttinin sıradan çıxaraq su axması nəticəsində maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 39 saylı mənzilin sahibinə 2339,75 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən hadisə ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, hadisə 41 saylı mənzilin tavanından keçən istilik xəttinin sıradan çıxması nəticəsində baş vermişdir. Bu fakt Bakı şəhəri Xətai rayonu 82 saylı MKİS tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli Aktda da müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq subroqasiya hüququna əsasən 2339,75 manat məbləğdə vəsaiti 7 iş günü ərzində "xxxx" ASC-yə ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Pİ0001/20 saylı sığorta aktına dair 0001/20-1 saylı əlavə Sığorta Aktından görünür ki, hazırki sığorta aktı baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı əmlaka dəymiş maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair tərtib olunmuşdur. Aktdan görünür ki, sığortalı X3 2339,75 manat sıorta ödənişi ödənilmişdir. İş materiallarında olan 21/1294 nömrəli, xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, baxış zamanı məlum oldu ki, üst mərtəbədən sızan sular səbəbindən sığortalı mənzilin parket döşəmələrinə zərər dəymişdir. İki otğağın və dəhlizin ümumilikdə 35 kv.metr parket örtüyündə şişmələr və aralanmalar əmələ gəlmişdir. Parket örtüyü zərər görmüş hissələri dəyişdirilməli çilalanmalı və laklanmalıdır. İş materiallarında olan zərərin hesablanması smetasından görünür ki, ünvan 2 ünvanda yerləşən, X2 məxsus, Ümumi sahəsi 82.8 kv.m yaşayış sahəsi 59,9 kv.m olan 4 otaqlı mənzilə 1335,75 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 82 saylı MKİS-nin rəisi S.Nəbiyev və mühəndisi R.Eldarzadənin iştirakı ilə tərtib edilmiş 14 noyabr 2019-cu il tarixli Aktdan görünür ki, həqiqətən R.Məmmədov küçəsi 10 saylı evin 41-ci mənzilin tavanından keçən istilik xəttinin sıradan çıxması nəticəsində 39-cu mənzilə ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon Sukanal idarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 01-02/1-01/1029 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində ünvan 4 ünvanında yerləşən yaşayış binasının 39 saylı mənzilinə su sızması ilə bağlı daxil olmuş müraciətə əsasən İdarənin əməkdaşları qeyd olunan ünvanda olmuş və su sızıntısının mənbəyinin müəyyən olunması üçün yuxarı mərtəbədə yerləşən mənzilin su təchizatı və kanalizasiya xətlərinə texniki baxış keçirilmişdir. Baxış zamanı dik dayaqlarda və mənzildaxili su təchizatı və kanalizasiya xətlərində axıntı aşkar olunmamışdır. Bildirilir ki, R.Məmmədov küçəsi, 10 saylı binanın 39-cu mənzilinə su sızması yuxarı mərtəbədə istilik təchizatı xətlərində baş vermiş qəza ilə əlaqədar olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Bununla əlaqadar olaraq, iddiaçı tərəfindən onun hüquqlarını həqiqətən pozan şəxsin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı "xxxx" ASC tərəfindən MP- P 03811 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X2 məxsus ünvan 1 saylı mənzilə xx.xx.2019-cu il tarixində üst mərtəbədə yerləşən 41 saylı mənzilin tavanından keçən istilik xəttinin sıradan çıxması səbəbindən su axması nəticəsində maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ünvan 1 saylı mənzilə dəymiş zərərə görə 2339,75 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Göründüyü kimi mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanılması, təmiri və bərpası mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən əsl olmayan cavabdehə qarşı iddia irəli sürülmüşdür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi, irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir, ona görə də, onun təmin edilməməsinə gətirib çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı irəlü sürüldüyündən əsassızdır və ona görə də, təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun hüquqlarının müdafiəsi imkanları itirilməmişdir, belə ki, o, əsl cavabdehə qarşı oxşar iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddiaçı "xxxx" ASC-nin (3-cü şəxs qismində Xətai Rayon İcra Hakimiyyəti işə cəlb olunmaqla) Cavabdeh ASC-yə qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar