Məhkəmə qərarları › İş №e-2(009)-264/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-264/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-264/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı - Cavabdeh MTK-ya qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 51,786 manat pulun, 246 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə xx.xx.2017-ci il tarixli, 2/015 №-li çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 215.08 kv.m-dən ibarət mənzilin tikilib təhvil verilməsi üçün razılığa gəlmişik. Həmin mənzilin müqavilə üzrə bir kv.m qiymətinin dəyəri 2000 manat olmaqla alış dəyəri 430160 manat müəyyən edilmişdir. Qeyd olunan mənzil üzrə borcum qalmadığına dair Cavabdeh MTK maliyyə arayışı da verib. Qeyd olunan mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixində qeydiyyata alınmış çıxarışı əldə etdim. Həmin çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, giriş 9, M9, mənzil 2-nin ümumi sahəsi 195.90 kv.m göstərilib. Göründüyü kimi, mənzilin sahəsi müqavilədə 19.18 kv.m artıq yazılıb və Cavabdeh MTK buna görə məndən 38360 manat artıq pul alıb. (19.18 X 2000 = 38360) Nəzərinizə çatdırıram ki, Cavabdeh MTK-nın qeyd olunan yaşayış binasında təmirsiz mənzillərin 1 kv.metrinin qiyməti 2700 manatdır. Bu baxımdan da hesab edirəm ki, cavabdeh artıq alınan hər kv.metrə görə əlavə 700 manat olmaqla cəmi 13426 manat əlavə olaraq ödənilməlidir. Belə ki, 2017-ci ildə ödədiyim 2000 manatın hazırki dövrə münasibətdə dəyəri azalıb. İddiaçı cavabdehə məktubla müraciət edərək xx.xx.2017-ci il tarixli, 2/015 №-li müqavilə üzrə 19.18 kv.metrə görə artıq ödənilmiş pulun ödənilməsini istəyib. Lakin cavabdeh iddiaçının tələbinə əhəmiyyət verməyib. Beləliklə də, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmədiyi üçün, iddiaçıya satdığı mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdakı faktiki sahəsi ilə müqavilələrdə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödədiyi 51786 (38360+13426=51786) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 25 sentyabr 2017-ci il tarixli Cavabdeh MTK (satıcı) ilə İddiaçı (alıcı) arasında imzalanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-saqısına dair” Müqavilənin surətindən görünür ki, satıcı Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci girişinin, 9-cu mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 215,08 kv.m-dən ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 2000 manat müəyyən edilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci girişinin, 9-cu mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 215,08 kv.m-dən ibarət mənzil hissəsinə görə 12 oktyabr 2020-ci il tarixdə şirkətin xəzinəsinə 2160 azn ödəmişdir. Borcu tam ödənilərək bağlamış və şirkət qarşısında heç bir öhdəçiliyi qalmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 195,90 kv.metr təşkil edən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi giriş 9, M9, m2 xx.xx.2024-cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh MTK (satıcı) ilə İddiaçı (alıcı) arasında imzalanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-saqısına dair” Müqavilənin surətindən görünür ki, satıcı Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci girişinin, 9-cu mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 215,08 kv.m-dən ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşdürlər. Müqavilənin şərtinə əsasən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 2000 manat müəyyən edilmişdir. Mənzilin dəyəri kimi 430,160 azn pul alıcı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verildiyini qeyd edir və mənzilin artıq kvadrat metrinə görə ödədiyi məbləğin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə bu halı müəyyən etmək üçün ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 25 avqust 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi giriş 9, M9, m2-in faktiki ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan içdən-içə faktiki sahəsi 199,6 kv.m, faktiki sahə çöl divarlarının ortasından hesablanmaqla isə 212,4 kv.m olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqaviləyə konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyi və iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, tərəflər bağlamış olduqları müqavilə ilə razılaşdırmışdırlar ki, Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Belə ki, iddiaçı özü də müqaviləni bağlayarkən mənzilin ümumi sahəsinin çöl divarların ortasından hesablandığı haqqında məlumatlı olmuş və bu şərti qəbul edərək müqaviləni imzalamışdır. Ekspert rəyi ilə tərəflər arasında bağlanmış müqaviləni nəzərdən keçirərkən müəyyən olunur ki, çöl divarlarının ortasından hesablanmaqla sözügedən mənzilin ümumi sahəsi 212,4 kv.m olduğu halda cavabdeh tərəfindən iddiaçıdan 215,08 kv.m sahə üçün ödəniş alınmışdır. Bu konteksdən çıxış edən məhkəmə hesab edir ki, yalnız mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri kimi faktiki fərq olan 2.68 kv.m (215.08 kv.m – 212.4 kv.m) sahə üçün hər kv.metr in qiyməti 2000 manat (2.68 kv.m x 2000 manat) hesablanmaqla 5360 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda tələbin hüquqi əsasına münasibətdə qeyd edir ki, iddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasının təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. AR Mülki Məcəlləsinin: 752.1-ci maddəsiə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Məhkəmə 320 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün vəkil Nümayəndə1 hesabına 320 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 160 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərcləri hər iki tərəfə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5,360 (beş min üç yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 160 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə cavabdeh vəsaiti Cavabdeh MTK-dan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənillsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar