Məhkəmə qərarları › İş №e-2(009)-2718/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2718/2025

28.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2718/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı MMC-nin – cavabdeh "xxxx" ASC-yə qarşı “debitor borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı MMC – cavabdeh "xxxx" ASC-yə qarşı “debitor borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasının xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Plenum Qərarının 24-cü bəndində göstərilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Hazırki iddia ərizəsindən görünür ki, tərəflərdən biri kommersiya təşkilatı, digər tərəf isə enerji təchizatı qurumudur. Belə olan halda, iddiaçı tərəfindən hazırki tələb ilə rayon məhkəməsinə deyil, müvafiq kommerisya məhkəməsinə iddia ərizəsi verilə bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına uğun olaraq verilmədiyi üçün, onu verən şəxsə geri qaytarılmalıdır. AR Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı MMC-nin – cavabdeh "xxxx" ASC-yə qarşı “debitor borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Vəkil Ağamməd oğlu tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 43,20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi: **********) Vəkil Ağamməd oğluna geri qaytarılsın. İddiaçının vəkili-nümayəndəsinə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar