Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-276/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-369-AAE-23 nömrəli alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərər qismində 1680 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 36,80 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın, ümumilikdə 1717,80 manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-369-AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan UNİ-T” markalı (istehsal ili: 2023; VİN: LS5A3DKE1PA716242) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2024cü il tarixli ərizə ilə iddiaçıya müraciət edilərək müqavilə qiymətinin ödənilə bilməyəcəyi, bu səbəbdən avtomobilin təhvil alınması və müqaviləyə xitam verilməsi xahiş olunmuşdur. Cavabdehin qeyd olunan müraciəti əsasında xx.xx.2024-cü il tarixində müqaviləyə xitam verilmiş və avtomobil iddiaçı tərəfindən qəzalı vəziyyətdə təhvil alınmışdır. Avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanmış, avtomobil təmir olunmuş və yenidən satışa çıxarılmış, iddiaçıya X1 arasında bağlanmış A-417-AAE-24 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-T” markalı (istehsal ili: 2023; VİN: LS5A3DKE1PA716242) avtomobili alıcının mülkiyyətinə verməyi, sonuncu isə müqavilənin qiymətini birdəfəlik ödəmə qaydasında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 32200 manat müəyyən edilmişdir. Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla “Changan UNİ-T” markalı (istehsal ili: 2023; VİN: LS5A3DKE1PA716242) avtomobil Tərlanə Əsgərovanın mülkiyyətindədir. Avtomobilin cavabdehə 60 ay müddətinə ödənilməsi şərtilə satılması razılaşdığından, müqavilənin qiyməti 74030 manat müəyyən edilmişdir. Avtomobilin ilkin satışa çıxarıldığı vaxt birdəfəlik ödəmə qaydasında müəyyən edilmiş dəyəri 47900 manat və yeni müqavilənin birdəfəlik ödəmə qaydasında qiyməti 32200 manat olduğundan, iki müqavilə arasındakı fərq 15700 manat (74030-32200=15700) müəyyən edilir. Bildiririk ki, ilkin müqavilənin bağlandığı vaxtdan - xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ümumilikdə 14020 manat ödəniş edildiyindən ödənilmiş məbləğ nəzərə alınmaqla qalıq borc 1680 manat hesablanmışdır. Müqavilənin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində poçt vasitəsilə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin məktub geri qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, B-369-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə 4790,00 manat ilkin ödəniş edilmiş, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ümumilikdə 9,230.00 manat ödəniş etmiş, 60,010.00 manat qalıq borc təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-369-AAE-23 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı “Changan UNİ-T” markalı (istehsal ili: 2023; VİN: LS5A3DKE1PA716242) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti tərəflərin razılığı ilə 74 030 manat məbləğində müəyyən edilir. Alıcı 4790,00 manat məbləğində ilkin ödəniş edir. Qalıq borc sayılacaq 69 240 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixindən etibarən 60 ay müddətində, ayda 1 154 manat olmaqla ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC şirkəti ilə bağlanmış, B-369-AAE-23 No-li müqavilə əsasında alınmış LS5A3DKE1PA716242 şassi nömrəli ** AR *** DNN-li Chanğan Uni-T markalı avtomobilin alqı-satqı müqaviləsinə, ödənişləri həyata keçirə bilmədiyinə görə, alıcı tərəfindən xitam verilməsinə və bu avtomobili 0 (sıfır) manat məbləğində dəyərləndirilib geri alınmasına icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə bağlanmış B-369-AAE-23 nömrəli müqavilə əsasında alınmış LS5A3DKE1PA716242 şassi nömrəli ** AR *** DNN-li Chanğan Uni-T markalı avtomobilin alqı-satqı müqaviləsinə, ödənişləri həyata keçirə bilmədiyinə görə, alıcı (Cavabdeh) tərəfindən xitam verilməsinə və bu avtomobili 0 (sıfır) manat məbləğində dəyərləndirilib geri alınmasına icazə verilməsini xahiş etmişdir. Avtomobil qəzalı vəziyyətdə servisə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə X1 arasında bağlanmış A-417-AAE-24 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı “Changan UNİ-T” markalı (istehsal ili: 2023; VİN: LS5A3DKE1PA716242) avtomobili alıcının mülkiyyətinə verməyi, sonuncu isə müqavilənin qiymətini birdəfəlik ödəmə qaydasında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti tərəflərin razılığı ilə 32200 manat müəyyən edilir. Təqdim olunmuş İddiaçı MMC servisin xx.xx.2024-cü il tarixli Qüsur Aktından görünür ki, Chanğan Uni-T markalı 77AR204 DNN-li dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 25503,9 manat müəyyən olunmuşdur. Təqdim olunmuş AR DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru Elnur Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 fevral 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu Qarabörk kənd ərazisindən keçən 242-ci km-də, sürücü 1992-ci il təv. Cavabdeh idarə etdiyi Changan markalı ** AR *** dövlət qeydiyyat nişanllı avtomobillə sürücü 1984-cü il təv.X2 idarə etdiyi Kamaz 65115 markalı, ** AC *** dövlət qeydiyyat nişanllı avtomobil toqquşmuş və nəticədə Changan markalı ** AR *** dövlət qeydiyyat nişanllı avtomobildə olan sürücünün övladı 2020-ci il təv.X5 və anası 1969-cu il təv.X3 xəsarət alaraq Ucar RMX-na müraciət etmişlər. Toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və X4 barəsində Azərbaycan Respublikaıs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti alayının 8-ci tağımına göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Mülki Məcəllənin 645.2-ci maddəsinə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B- 369-AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan UNİ-T” markalı (istehsal ili: 2023; VİN: LS5A3DKE1PA716242) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ərizə ilə iddiaçıya müraciət edilərək müqavilə qiymətinin ödənilə bilməyəcəyi, bu səbəbdən avtomobilin təhvil alınması və müqaviləyə xitam verilməsi xahiş olunmuşdur. Cavabdehin qeyd olunan müraciəti əsasında xx.xx.2024-cü il tarixində müqaviləyə xitam verilmiş və avtomobil iddiaçı tərəfindən qəzalı vəziyyətdə təhvil alınmışdır. Avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanmış, avtomobil təmir olunmuş və yenidən satışa çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, dəymiş maddi ziyanla bağlı iddia tələbi təmin edilməli və Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə 1680 (bir min altı yüz səksən) manat məbləğində maddi zərərl tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə 1680 (bir min altı yüz səksən) manat məbləğində maddi zərər, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 36,80 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu, 1.0 (bir) manat komissiya haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-276/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-276/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver