Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2854/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması barədə iddia tələbi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin paylı mülkiyyət üzrə 1 otağı X3, 2 otağı isə X1 mülkiyyətindədir. X6 06.10.2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə vərəsəsi olan İddiaçı vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 28 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu Elmar Kərimovun 28.09.2021-ci il tarixli qərarı ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət vərəsə tərəfindən buraxılmışdır. Hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş müddət üzrlü səbəbdən buraxılmışdır. Belə ki, o, 1990-cı ildən "xxxx" QSC-nin X10 Donanmasında matros vəzifəsində çalışır və işi ilə bağlı olaraq uzun müddət ezamiyyətlərdə olur. Həmin dövrdə də o, atasının dəfnində iştirak etmiş və daha sonra mütəmadi olaraq ezamiyyətlərdə olmuşdur. Həmçinin digər vərəsələrin miras əmlakını faktiki qəbul etdiyi üçün vərəsəlik işinin açıldığını və onun qanun üzrə vərəsə olaraq miras əmlakı üzərində payının müəyyən olunduğunu zənn etmişdir. O cümlədən o, qanunvericiliklə miras əmlakının qəbul edilməsi üçün müddətin nəzərdə tutulmasından məlumatsız olmuşdur. Bütün bu səbəblərə görə o, üzrlü səbəbdən müddəti ötürmüşdür. Eyni zamanda miras qoyanın digər qanun üzrə vərəsələri 22.09.2021-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək miras payını qəbul etmək niyyətlərinin olmadıqlarını bildirmişlər. Belə olan halda notariusun imtina barədə qərarını əsassız hesab edir. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinin 2-ci cümləsi bu halı müfəssəl qaydada tənzimləmişdir. Həmin normada qeyd edilir ki, müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Lakin imtinadan da göründüyü kimi, notarius bu normanı nəzərə almamış və qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Buna görə də ona münasibətdə mirasın qəbul edilməsi vaxtının uzadılmasını və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini zəruri hesab edir. Göstərilənləri nəzərə alaraq iddiaçı X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin paylı mülkiyyət üzrə 1 otağı üzərində mirasın qəbul edilməsi vaxtının uzadılmasına və İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin paylı mülkiyyət üzrə 1 otağı üzərində mirasın qəbul edilməsi vaxtının 2 ay müddətinə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, o, iddiaçının qardaşıdır, digər qardaşı Mehman üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Onlar üç qardaşdılar, atalarından miras əmlak kimi 1 otaqlı mənzil qalmış, həmin mənzilin Rəhman tərəfindən qəbul edilməsinə etiraz etmir, qardaşı, həm də o, özü də neft şirkətində işləyir, uzun müddətdir ezamiyyətlərdə olurlar, qardaşı uzun müddət Bakıda olmadığına və miras əmlaka hüquqların tanınması barədə notariusa müəyyən vaxt ərzində müraciət etmələri olmaları barədə məlumatsız olduqları üçün qardaşı vaxtında mirası qəbul edə bilməmişdir. Məhkəmədə iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Salyan rayonunda anadan olmuş, atası X6, anası X4r. İş üzrə Salyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş 24.01.1987-ci il tarixli boşanma haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 və X5 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24.01.1987-ci il tarixdə 5 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş 31.05.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X5 23.05.2005-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31.05.2005-ci il tarixdə 321 No ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.02.2012-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 9 saylı evin 20 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1 otaq (ü/s-29,9 kv.m.,y/s-10,7 kv.m.) X3, 2 otaq (y/s-25,8 kv.m.) X1 mülkiyyətindədir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.10.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 06.10.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10.10.2017-ci il tarixdə 238 No ilə qeyd edilmişdir. İş üzrə Cavabdeh2 və Cavabdeh3 tərəfindən 22.09.2021-ci il tarixdə notariat qaydada yazılmış **********640 və **********638 saylı ərizələrin kserosurətlərindən görünür ki, ataları X6 06.10.2017-ci il tarixdə vəfat etmişdir, onun ölümündən sonra onlara çatan miras payını qəbul etməmişlər və qəbul etmək niyyətləri yoxdur. İtirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikirlərində deyillər. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu E.Ə.Kərimov tərəfindən verilmiş 28.09.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 ilə X5 arasındakı mövcud olmuş nikahdan İddiaçı, Cavabdeh3 və Cavabdeh2 anadan olmuşlar. X5 23.05.2005-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 20 nömrəli ümumi sahəsi 29,9 kv.m., yaşayış sahəsi 10,7 kv.m. olan 1 otağı mənzili paylı mülkiyyət hüququ üzrə X3 mülkiyyətində olmuşdur. X6 06.10.2017-ci ildə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, o, atası X3 ölümündən sonra vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 28 saylı notariat ofisinə müraciət etmiş, notariusun 28.09.2021-ci il tarixli qərarı ilə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət vərəsə tərəfindən buraxıldığına görə vərəsəlik hüququ şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, "xxxx" QSC-nin X10 Donanmasında matros vəzifəsində işləyir və işlə bağlı olaraq uzun müddət ezamiyyətlərdə olur. O, miras əmlakın qəbul edilməsi üçün müddətin nəzərdə tutulmasından xəbərsiz olmuş, üzürlü səbəbdən müddəti ötürmüşdür. Bu səbəbdən irəli sürülmüş iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. AR Mülki Məcəllənin 1145-ci maddəsinə əsasnə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyanın vərəsələrindən heç biri miras əmlakı faktiki qəbul etməmişlər.Cavabdeh olan vərəsələrin miras əmlakı faktiki qəbul etmədikləri və bununla bağlı məhkəməyə müraciət etməmələri barədə notariat qaydada ərizələri iş materiallarına əlavə edilmişdir. Bununla belə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC-nin X10 Donanmasında matros vəzifəsində işlədiyinə görə uzun müddət Bakı şəhərində olmur. Məhkəmə qeyd edir ki, qanunvericilik mirasın vərəsələr tərəfindən qəbul edilməsinin müddətlərini müəyyən edir. Qanunla müəyyən edilmiş müddət ötürüldüyü halda həmin müddətin uzadılması barədə vərəsə həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsini məhkəmədən xahiş edə bilər. Məhkəmə tərəfindən gecikmiş vərəsənin miras payı qəbul etmə müddəti uzadıldıqda onun miras payı almaq hüququ bərpa edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə İddiaçı mərhum X2 qalan mirasın qəbul edilməsi ilə bağlı iradə ifadəsinin olmasını, lakin bunun üçün müəyyənləşdirilmiş müddəti ötürülməsini üzrlü hesab edərək belə qənaətə gəlir ki, həmin müddətin 2 ay uzadılması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X3 06 oktyabr 2017-ci il tarixdə vəfatından sonra qalmış ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin paylı mülkiyyət üzrə ümumi sahəsi 29,9 kv.m., yaşayış sahəsi 10,7 kv.m. olan 1 otağı üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. X3 06 oktyabr 2017-ci il tarixdə vəfatından sonra qalmış ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin paylı mülkiyyət üzrə ümumi sahəsi 29,9 kv.m., yaşayış sahəsi 10,7 kv.m. olan 1 otağı üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2854/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2854/2021
16.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver