Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-302/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istinad divarının sökülməsi, söküntü materiallarının həyətdən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istinad divarının sökülməsi, söküntü materiallarının həyətdən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, Bağlar küçəsində yerləşən 49 saylı ev ona məxsusdur. Ailə üzvləri ilə bu evdə yaşayır. Cavabdehlə qonşudurlar. Lakin cavabdeh qonşuluq hüququna hörmət etmir, ona zərər vurmaqda davam edir. Cavabdehin həyəti sürüşkən ərazidə yerləşdiyindən, torpaqla doldurub həyətini genişləndirmişdir. Genişləndirdiyi həyətin torpaq sahəsi onun həyətinə tökülməsin deyə onun razılığı olmadan və tikinti norma və qaydalarına əməl etmədən ona məxsus sahədən 2018-ci ilin aprel ayından başlayaraq istinad divarı tikmişdir. İstinad divarını inşa etmək üçün onun həyətinə traktor gətirərək istinad divarının inşası üçün zəmin hazırlatmışdır ki, nəticədə ona məxsus torpaq sahəsini zəbt etməklə ağacları basıb əzmişdir. Ağaclara vurulan ziyan 14.880+1.380=16.260 manat, torpağının zəbt edilməsi ilə əlaqədar 5000 manat, mənəvi ziyana görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat ona zərər vurmuşdur. Cavabdeh qanunsuz əməlini keçirmək üçün Səbail rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, qanunsuz olaraq törətdiyi əməlinə hüquqi don geyindirməyə çalışmışdır. Səbail rayon Məhkəməsi onun etirazlarına məhəl qoymayaraq Cavabdehin iddiası təmin etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-94/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Kassasiya məhkəməsi xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1820/2022 saylı qətnaməsini qüvvədə saxlamışdır. Cavabdehin qanunsuz tikinti aparması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 0079 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-04600 saylı məktubundan görünür ki, qeyd olunan istinad divarının tikintisi müvafiq qaydada razılaşdırılmış tikinti layihəsi və tikintiyə icazə əsasında aparılmalı idi. Lakin sözügedən qurğunun tikintisi qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır ki, bunun da nəticəsində təhlükəli vəziyyət yaranmışdır. İstinad divarının ona məxsus torpaq sahəsində inşa edilməsi məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2736 saylı rəyi ilə sübut olunur. Rəydə göstərilir ki, mübahisənin predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsi iddiaçıların torpaq sahəsinin hüdudları daxilində, bir hissəsi isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşir (Səbail rayon Məhkəməsinin qətnaməsi səhifə 4, abzas 1). Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız məhkəmə proseslərinə cəlb edilmişdir, qanunsuz əməllərin qarşısını almaq üçün dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Keçirdiyi gərginliklər nəticəsində sağlamlığına 2000 manat zərər zərər dəyib. Cavabdehin onun iradlarına məhəl qoymaması mənəvi sarsıntılar keçirməsinə səbəb olub ki, nəticədə 5000 manat zərər dəyib. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh üzərinə ona məxsus torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması, 2018-ci ildən başlayaraq torpaq sahəsinin zəbt edilməsinə görə vurulan zərərə görə 5000 manat, ağacların məhv edilməsinə görə 14.880 manat və 1.380 manat, mənəvi zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat, dövlət rüsumu üçün ödədiyi 176 manat və vəkil xidmətlərinə görə ödədiyi 2500 manat, cəmi 30.936 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında iddiaçının belə tələblə çıxış etməyə subyektiv hüququnun olmamasını qeyd etmişdir. O, bildirir ki, iddiaçının subyektiv hüquqlarının pozulduğu cavabdehin 2020-ci ildə İddiaçı qarşı qaldırdığı iddia ilə və həmin iddia üzrə çıxarılmış Səbail rayon Məhkəməsinin 2(009)-94/2021 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. Həmin iş üzrə iddiaçı X1 İddiaçı qarşı iddia qaldıraraq öz mülkiyyətində olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsindən hündürlə yerləşdiyini, torpaq sahəsinin sürüşməyə məruz qaldığını, qonşusu İddiaçı istinad divarı çəkməyə mane olduğunu göstərmişdir. Başqa sözlə X1 qonşuluqda yerləşən torpaq sahəsinin İddiaçı istifadəsində olduğunu qəbul etmişdir. Hazırki iddianın əsaslı olması məsələsinə gəldikdə isə qeyd edir ki, cavabdehin qanunsuz tikili aparması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1820/2022 saylı qətnaməsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 0079 nömrəli qərarı və həmin iş üzrə tikinti-texniki ekspertizasının 10/2736 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə təsdiq olunmuşdur. Göstərilənlər işin mübahisəsiz halıdır. Vurulmuş zərərin miqdarında gəldikdə isə qeyd edir ki, zərərin məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əmlaka vurulan zərərin məbləği Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 51M-213-09 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə təsdiq olunub. Sağlamlığa vurulan zərərlə və mənəvi ziyanla bağlı qeyd edir ki, artıq 5ci ildir ki, İddiaçı davamlı olaraq FHN-nə, Bakı ŞİH-nə, Səbail RİH-nə və digər orqanlara çoxsaylı şikayətlər etmək məcburiyyətində qalmışdır. Bütün bu davamlı şikayətlərə kifayət qədər vaxt və əsəb sərf olunub. Bunlar azmış kimi cavabdeh qonşular İddiaçı əsassız məhkəmə mübahisələrinə cəlb etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və onun nümayəndəsi və vəkilin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar döngəsi, 0,0897 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1017,4 kv.m. olan 40 saylı (Yeni ünvan: ünvan 1 67) fərdi yaşayış evi və torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh (ev (xx.xx.2018-ci il tarixdən)) və X4 (torpaq sahəsi) adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında “Ağır texnika ilə ağacların məhv edilməsi” barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş müraciətini İddiaçı iştirakı ilə əməkdaşları tərəfindən yerində araşdırılmışdır. əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 22 ədəd müxtəlif cinsli, müxtəlif diametrli meyvə ağacının məhv edildiyi və 2 ədəd meyvə ağacının zədələndiyi aşkar edilmişdir. Araşdırma müddətində ağacların qanunsuz olaraq məhv edilməsinə təqsirkar şəxs və ya şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır. Təbiətə dəymiş ziyan hesablanmış, yaşıllıqların qanunsuz kəsilməsində təqsirkar olan şəxs və ya şəxslərin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, şikayətlə bağlı xx.xx.2018-ci il tarixində İddiaçı və Bələdiyyə nümayəndəsinin iştirakı ilə əməkdaşları tərəfindən əraziyə təkrar baxış keçirilmiş, ərazidə mövcud olan yaşıllıqları qeydiyyata alınaraq müvafiq qaydada sənədləşdirilmişdir. Lakin 8 ədəd Aylan ağacının məhv olunması və əvvəlki aktda öz əksini tapmaması barədə verdiyi məlumatla bağlı bildirirlər ki, İddiaçı dediyinə görə həmin ağaclar istinad divarının tikintisi zamanı məhv olmuş və ağacların kökləri torpaq altında qalmışdır. Ona görə də bu məlumatın dəqiqliyini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı əlavə olaraq müvafiq təhqiqat aparılması üçün Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Sözügedən ərazidə mövcud olan yaşıllıqların mühafizəsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Səbail rayon İcra Hakimiyyətinə və Səbail rayon Badamdar qəsəbə Bələdiyyəsinə məktubla müraciət olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı “Abdulqadir adlı şəxs tərəfindən 23 ədəd meyvə ağacının məhv edilməsi ilə əlaqədar” müraciəti araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, eyni məzmunlu şikayət ilə bağlı 2018-ci il 07 iyun tarixində İddiaçı iştirakı ilə ərazidə araşdırma aparılmışdır. Belə ki, 2018-ci il 11 iyun tarixində Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları X3, X5 və X9 və Badamdar bələdiyyəsinin yerli ekologiya məsələləri üzrə daimi komissiyanın üzvü X6 tərəfindən İddiaçı ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilmişdir. Baxış zamanı 3 ədəd diametri 12 sm olan heyva, 6 ədəd diametri 8 sm olan nar, 3 ədəd diametri 12 sm olan albalı, 3 ədəd diametri 12 sm olan alma, 2 ədəd diametri 12 sm olan ərik, 3 ədəd diametri 12 sm olan əncir, 2 ədəd fındıq kolu ağacının, ümumilikdə isə 22 ədəd ağacın köküstə yaş halda məhv edildiyi, bundan başqa 1 ədəd alça və 1 ədəd əzgil ağacının zədələndiyi müəyyən edilmişdir. Araşdırma müddətində ağacların qanunsuz olaraq məhv edilməsində təqsirkar olan şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır. Faktla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na uyğun olaraq 14.880 manat məbləğində ziyan hesablanmış və təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə 2018-ci il 14 iyun tarixli 26/1453 nömrəli və 2019-cu il 24 iyul tarixli 26/1938 nömrəli məktubla Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Lakin Səbail rayon Polis İdarəsindən işin son icra vəziyyəti və nəticəsi barədə müraciət edənə heç bir məlumat verilməmişdir. Təkrar İddiaçı müraciətinin araşdırılması zamanı sözügedən məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, iş üzrə cinayət işinin başlanılması 2018-ci il 14 avqust tarixində rədd edilmişdir. Qərarda işin rədd edilməsinə səbəb kimi qeyd edilən ərazinin xüsusi mülkiyyətdə olduğu, araşdırma materiallarının yetərli olmadığı göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Nazirliyin “Qaynar xətt” məlumat xidmətinə xx.xx.2020-ci il tarixdə “Əfqanıstan vətəndaşı Abdulkadir adlı şəxs vətəndaşın şəxsi mülkiyyətində yerləşən 5-6 ədəd Ayland ağacını qanunsuz şəkildə kəsib və öz ərazisində yandırıb” məzmunlu daxil olmuş müraciət məktubu tərəflərdən şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı İddiaçı yazılı izahat verərək, özünə aid torpaq sahəsində olan 5 ədəd ayland ağacının tanımadıqları şəxslər tərəfindən kəsilərək məhv edildiyini, bununla bağlı olaraq təqsirkar şəxslərin müəyyənləşdirilərək barələrində tədbir görülməsini xahiş etmişdir. Araşdırma ilə əlaqədar Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi, ev 49 ünvanına baxış keçirilən zaman sözügedən ünvanda köküstə yaş 5 ədəd ayland ağacının kəsilərək məhv edildiyi və nəticədə təbiətə 1380 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Araşdırma müddətində ağacların kim və ya kimlər tərəfindən məhv edildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq tərəflərdən akt tərtib olunmuş, sözügedən ərazidə yaşıllıqların məhv edilməsi nəticəsində təbiyətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından təqsirkar olan şəxs və ya şəxsləri müəyyən edərək barələrində qanunamüvafiq tədbir görülməsi üçün Səbail rayon Polis İdarəsinə rəsmi məktubla müraciət olunmuşdur. İş üzrə Səbail rayon Məhkəməsi tərəfindən (2(009)-94/2021 saylı mülki iş, hakim Mədinə Bağırova) təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2736 nömrəli ekspert rəyinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyai Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli **********58 saylı mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsinin **********57 Reyestr nömrəli çıxarışla X7 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, bir hissəsinin isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən tərtib edilmiş (Səbail rayon Məhkəməsinin 2(009)- 94/2021 saylı mülki iş, hakim Mədinə Bağırova) mütəxəssis rəyinin surətindən görünür ki, mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsi **********57 reyestr nömrəli çıxarışla X7 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. **********27-10302 Reyestri nömrəli çıxarışın yerləşmə koordinatları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasar sorğuya cavab olaraq təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar X7 və Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkməsinə mane olmamaq vəzifəsinin İddiaçı üzərinə qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126,14 manatın cavabdeh İddiaçı tutularaq AR ƏMDK-nın Yanında Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfinlən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(004)-94/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4826/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1820/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Nazirliyin “Qaynar xətt” məlumat xidmətinə “Badamdar qəsəbəsi Badamdar şossesində Əfqanıstan vətəndaşı Abdulkadir adlı şəxs 3 ədəd ağac kəsdirib” məzmunlu daxil olmuş müraciət məktubu tərəflərdən şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı İddiaçı yazılı izahat verərək əfqanıstanlı X21 adlı şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində istinad divarının qəzalı vəziyyətə düşməsi səbəbindən öz ərazisində bir neçə ağacın məhvolma təhlükəsində olduğunu və həmin istinad divarının sökülməsində aidiyyəti qurumların iştirakının təmin olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin həmin şəxs tərəfindən yaradılan çətinliklərlə əlaqədar olaraq öz ərazisində də bir neçə ağacın köküstə quruyaraq inkişafdan dayandığını bildirmişdir. Tərəflərdən keçirilən baxış zamanı ərazidə olan istinad divarının qəzalı vəziyyətdə olması, həmçinin şikayətçi İddiaçı təqdim etdiyi video materiallara əsasən X21 adlı şəxsin fərdi yaşayış evinin həyətində bir neçə ağacın məhv edildiyi müşahidə olunmuşdur. Məlumat üçün bildirirlər ki, “Tikinti obyektlərinin sökülməsi Qaydaları” Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır ki, bu qaydaların həyata keçirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə daxildir. Həmçinin Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı qərarına əsasən fərdi həyətyanı sahə kimi çıxarış əsasında xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinə münasibətdə ərazidəki yaşıllıqların mühafizəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət nəzarəti həyata keçirilmir. Odur ki, sözügedən müraciətin aidiyyəti üzrə baxılması və araşdırmanın nəticəsi barədə vətəndaşa cavab verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsində yerləşən 49 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qonşuluqla yerləşdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh 2018-ci ilin aprel ayından başlayaraq istinad divarı tikmiş və həmin divarın bir hissəsi onun yaşadığı əraziyə düşmüşdr. Cavabdeh istinad divarını inşa etmək üçün onun həyətinə traktor gətirmiş, nəticədə ona məxsus torpaq sahəsini zəbt etməklə ağacları məhv etmişdir. Bu səbəbdən iddiaçı cavabdehin üzərinə ona məxsus torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması, 2018-ci ildən başlayaraq torpaq sahəsinin zəbt edilməsinə görə vurulan zərərə görə 5000 manat, ağacların məhv edilməsinə görə 14.880 manat və 1.380 manat, mənəvi zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat, dövlət rüsumu üçün ödədiyi 176 manat və vəkil xidmətlərinə görə ödədiyi 2500 manat, cəmi 30.936 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” xx.xx.2008-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarlarında qeyd edildiyi kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasının araşdırılması işə baxan məhkəmələrin vəzifəsidir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. AR Mülki Məcəllənin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. AR MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən inşa edilən özbaşına tikilinin – istinad divarının, onun hüquqlarına xələl gətirdiyi üçün hesab etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. Belə bir hüququn mövcudluğu həmçinin tərəflər arasında hazırki mübahisə predmeti olan istinad divarı ilə bağlı yaranmış mübahisə ilə əlaqədar məhkəmə araşdırması zamanı qəbul edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 və Cavabdeh İddiaçı qarşı törədilən maneənin aradan qaldırılması vəzifəsinin qoyulması tələbi barədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-94/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçılara məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahə qonşuluqda yerləşdir. Həmin ərazinin relyefi yamac tiplidir, iddiaçılara məxsus torpaq sahəsi yamacın yuxarı hissəsində, cavabdehin istifadəsində olan torpaq sahəsi isə aşağı hissədə yerləşir. İddiaçılara məxsus torpaq sahəsinin üst qatı tökmə torpaq sahəsindən ibarət olduğundan orada torpaq sürüşməsi təhlükəsi vardır və bu məqsədlə həmin torpaq sahəsində bərkitmə işlərinin aparılması zəruriliyi mövcuddur. Həmçinin müəyyən edilmişdir ki, bu məqsədlə inşa edilməli olan istinad divarının bir hissəsi iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə düşsə də, digər hissəsi həmin sahədən kənarda, yəni cavabdehin istifadəsində olan əraziyə düşür. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi artıq inşa edilmiş, lakin həmin divarın bəzi hissələri cavabdehin istifadəsində olan torpaq sahəsinə tərəf əyilərək uçma təhlükəsi yaranmışdır. Nəhayət, araşdırılan sübutlarla müəyyən edilmişdir ki, iddiaçıların tikmək istədikləri istinad divarının inşa edilməsi üçün səlahiyyətli dövlət orqanları tərəfindən zəruri icazələr alınmamış, həmin tikilinin layihəsi bu orqanlar tərəfindən təsdiq edilməmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi onların mülkiyyətində olan torpaq sahəsinə düşsə də, qalan tikinti işləri cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi torpaq sahəsində aparılmalıdır. Həmçinin istinad divarının tikilməsi yalnız cavabdehin istifadəsinə olan torpaq sahəsinə daxil olmaqla mümkündür. Lakin müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının tikintisinə səlahiyətli dövlət orqanları tərəfindən icazə verilməmiş, əksinə həmin tikintinin dayandırılması qərara alınmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, iddia edilən istinad divarının uçma təhlükəsi mövcud olduğundan cavabdehin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Məhkəmə məhkəmə aktlarının preyudisiallığı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə nəzər salmasını vacib hesab edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Konstitusiya Məhkəməsinin formalaşan hüquqi mövqeyindən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisəyə dair çıxarılmış qərarın preyudisial əhəmiyyətə malik olduğu müəyyən edir. Eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar isə başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1820/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən istinad divarının tikintisinə səlahiyətli dövlət orqanları tərəfindən icazə verilməməsi, əksinə həmin tikintinin dayandırılmasının qərara alınması, istinad divarının uçma təhlükəsi mövcud olduğundan cavabdehin həyatı və sağlamlığı üçün təhlükə yaradılması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2018-ci ildən başlayaraq torpaq sahəsinin zəbt edilməsinə görə vurulan zərərə görə 5000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə tələb əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə iddia tələbinin ağacların məhv edilməsinə görə 14880 manat və 1380 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda 5 ədəd ayland ağacının kəsilərək məhv edildiyi nəticəsində 1380 manat, həmçinin 22 ədəd ağacın köküstə yaş halda məhv edildiyi, bundan başqa 1 ədəd alça və 1 ədəd əzgil ağacının zədələndiyi müəyyən edilmiş və nəticədə 14880 manat məbləğində ziyan dəymişdir. Lakin ağacların kim və ya kimlər tərəfindən məhv edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd qeyd edir ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsindəki ağacların məhv edilməsi öz təsdiqini tapmadığından,bununla da onun həmin tələb üzrə subyektiv cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilmədiyi üçün, iddia tələbi ağacların məhv edilməsinə görə pulun tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə vurulmuş mənəvi ziyana görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat məbləğində pulun tutulması hissələri üzrə qeyd edir ki, həmin hissələrdə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5.000 manat mənəvi ziyanın, 2.000 manat sağlamlığa vurulan zərərin tutulması hissələrində tələblər təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 2500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin nümayəndəyə göstərilmiş yardıma görə 2500 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını, iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 1000 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş dövlət rüsumunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır. Məhkəmə iddia tələbinin qiymətləndirilməyən iddia tələbi, yəni istinad divarın sökülməsi hissəsində əsaslı hesab olmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun 100 manatı cavabdehdən tutulmalı, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarı sökülməli və söküntü materialları torpaq sahəsindən çıxarılmalı, Cavabdeh İddiaçı xeyrinə vəkilin göstərdiyi yardıma görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 1100 (bir min yüz) manat məbləğində pul tutulmalı, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. AR MPM-nin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcələlnin 223.2-ci maddəsinə əsasən cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Qeyd edilən Məcəllənin 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Məhkəmə həmçinin hesаb edir ki, mübahisəli istinad divarı qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin vəsaiti hesabına 3 ay ərzində sökülməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş 52 metr uzunluğunda istinad divarı Cavabdeh vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 3 ay ərzində sökülsün və söküntü materialları torpaq sahəsindən çıxarılsın. Cavabdeh müəyyən edilmiş 3 ay müddət ərzində qətnaməni icra etməsə, İddiaçı cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməsi haqlı hesab edilsin. Cavabdeh İddiaçı xeyrinə vəkilin göstərdiyi yardıma görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 1100 (bir min yüz) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-302/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-302/2023
13.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver