Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-32/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli MP-P 09365 saylı saylı Daşınmaz əmlakın Siğorta Şəhadətnaməsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən, mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi kimi 1600 manat məbləğində nəğd pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 manat məbləğində nəğd pul, və həmin məbləğin bu günədək ödənilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsi 7,5% olmaqla 50 manat ümumilikdə 1650 manat nəğd pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küç., ev 7, 3153- cü məhəllə, 71 nömrəli mənzili ipoteka müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə almışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qaydalara uyğun olaraq həmin mənzil "xxxx" ASC tərəfindən şəhadətnamədə göstərilən siğorta risklərinə qarşı sığortalanmışdır. xx.xx.2021-ci il tarixdən etibarən bir neçə gün ərzində yağan leysan yağışları nəticəsində mətbəxin divarı su sızması nəticəsində islanmış və zərər dəymişdir. xx.xx.2021-ci il tarixdə o sığorta şirkətinə zəng vuraraq sığorta hadisəsi barədə məlumat verdi və sığorta şirkətinin əməkdaşı Xanbala Məcidov hadisə yerinə gələrək akt tərtib etdi. Bundan qabaq xx.xx.2021-ci il tarixdə o "xxxx" MMMC-də bu barədə məlumat verdi və onlar tərəfindən akt tərtib edildi. Sonra sığorta şirkəti ona AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometroloğiya Departamentinə sorğu verilib həmin günlərdə yağış yağmasını dəqiqləşdirmək üçün gözləməyini və əgər yağış yağması təsdiqlənərsə dəymiş zərəri qarşılayacaqlarını bildirdilər. Lakin sorğuya iki aydan sonra cavab verilərək yağış yağması təsdiqlənsə də sığorta şirkəti zərəri qarşılamaqdan rəsmi imtina etdi. O, hadisədən sonra mənzil 16-cı mərtəbədə yerləşdiyindən xüsusi alpinist kursları keçmiş şəxsi dəvət elədi və zərər dəymiş divarı (binanın fasadını) çöl tərəfindən binanın damından sallanaraq təmir elədi. Həyatı risk daşıdığı və bu işləri görəcək çox az sayda insan olduğu üçün həmin işlərin görülməsi üç qat xərc tələb edir, o həmin işlərin görülməsi üçün 800 manat pul xərclədi. Əlavə olaraq divarın içəri hissəsi də təmir olunmalıdır bu da təxmini 700-800 xərc tələb edir. Ümumilikdə ona 1600 manat zərər dəymişdir. Cavabdehlə aralarında olan xx.xx.2021-ci il tarixli MP-P 09365 saylı Daşınmaz əmlakın Siğorta Şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 nömrəli mənzil siğortalanmışdır və həmin zərər cavabdeh "xxxx" ASC tərəfindən ödənilməli idi. Tərəfindən çoxsaylı müraciətlər edilməsinə baxmayaraq Siğorta şirkətindən baş vermiş hadisə ilə bağlı zərərin ödənilməsinə imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək etiraz verərək bildirmişdir ki, İddiaçı 02.10,2021-ci il tarixində Cəmiyyətimizə şifahi müraciət edərək xx.xx.2021 -ci il tarixli, MP-P 09365 saylı “Əmlak sığortası şəhadətnaməsi üzrə sığortalanmış Bakı şəhəri, Zərdabi küçəsi, ev 7, 3135-ci məhəllə, 71 saylı mənzilin mətbəx otağına xx.xx.2021 -ci il tarixində yağan yağışlar nəticəsində zərər dəyməsini bildirmişdir. Elə həmin gün əməkdaşlarımız tərəfindən əmlaka baxış keçirilmiş və sığorta araşdırılması məqsədilə müvafiq dövlət orqanlarına sorğular ünvanlanmışdır. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin sorğumuza cavab olaraq Cəmiyyətimizə ünvanlanmış xx.xx.2021 -ci il tarixli, 20/1089 saylı hava şəraiti haqqında məlumat məktubunda xx.xx.2021-ci il tarixində Bakı şəhərində yağış yağması halı təsdiq edilmişdir. Həmçinin İddiaçı, həm daha əvvəl verdiyi məlumatlarda, həm də öz iddia ərizəsində xx.xx.2021-ci il tarixdə yağan yağışlar nəticəsində əmlakına zərər dəydiyini qeyd etmişdir. İddiaçıla aramızda bağlanılmış MP-P 09365 saylı “Əmlak sığortası şəhadətnaməsi”nin “Sığorta riskləri” bölməsində təminat verilən risklərin konkret siyahısı qeyd edilmiş və həmin risklər sırasında yağış halı qeyd olunmamışdır. Bu səbəbdən yağışın yaratdığı zərərlər sığorta təminatına daxil deyildir. Bununla da, yağış nəticəsində əmlaka zərər dəyməsi halı sığorta təminatına daxil olmadığından sığorta ödənişinin verilməsi üçün əsas olan hal, yəni sığorta hadisəsi baş verməmişdir. Beləliklə, R.İbadov və "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanılmış sığorta müqaviləsindən və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Şəhadətnaməsindən göründüyü kimi, tərəflər avtomobilin sığorta riskləri bölməsinə yalnız oğurluq, quldurluq, qaçırma və soyğunçuluq kimi cinayətləri daxil etmişlər. Lakin dələduzluq cinayəti tərəflər arasında bağlanmış sığorta müqaviləsinin sığorta riskləri dairəsinə salınmamışdır. Beləliklə, dələduzluq cinayətinin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə sığorta hadisəsi baş verməmişdir. Sığorta hadisəsinin baş verməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir. Göstərilən qərarın məzmunundan da aydın olduğu kimi, sığorta risklərinin dairəsi sığorta müqaviləsində göstərilməklə yüksək dəqiqliklə müəyyən olunur və hətta hadisənin oxşar kateqoriyaya aid edilməsi də ödənişin ödənilməsi üçün əsas hesab edilə bilməz. Baş vermiş hadisənin sığorta hadisəsi olmasının təsdiq olunması və tərəflərin imzaladığı müqavilədə müəyyən olunmuş risklərdən biri olması halında sığorta ödənişi həyata keçirilə bilərdi. Əlavə olaraq qeyd edək ki, tərəfimizdən iddiaçıya rəsmi qaydada imtina məktubu göndərilmişdir. 2(009)- 821/2022 saylı mülki iş üzrə İddiaçı "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi barədə iddia tələbini qanunsuz və əsassız olduğu üçün rədd edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MP-P 09365 nömrəli əmlak sığortası şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Əmlak sığortası şəhadətnaməsinin 4-cü bəndinə əsasən, yanğın, partlayış, ildırım vurması, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan, daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlərzəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı sığorta risklərinə aiddir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 19 noyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, cəmiyyətimizdə xx.xx.2021 ci il tarixli, MPP 09305 saylı “Əmlak sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 7, 3153-cü məhəllə 71 saylı mənzilin mətbəx otağına xx.xx.2021-ci il tarixində yağan yağış sularının sızması nəticəsində zərər dəyməsi ilə bağlı şifahi müraciətə baxılmış və bununla bağlı sığorta araşdırması aparılmışdır. Araşdırma zamanı xx.xx.2021cı il tarixində AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmentinə, AR Bakı şəhər Yasamal RİH və "xxxx" MMC-nə müvafiq sorğular göndərilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmentindən sorğuya cavab olaraq Cəmiyyətə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 20/1089 saylı hava şəraiti haqqında məlumat məktubunda xx.xx.2021-ci il tarixində Bakı şəhərində yağış yağması göstərilmişdir. Həmçinin Yasamal RİH-dən daxil olmuş məktubda Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 7, 3153-cü məhəllə 71 saylı mənzilin MKTB-nin balansında olmadığı üçün cavablandırmağın mümkün olmadığı qeyd edilmişdir. Müvafiq MTK-lara ünvanladıqları sorğular hələ də cavablandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 899.2-ci bəndində əsasən sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. Bağlanılmış MPP 09365 saylı "Əmlak sığortası şəhadətnaməsinin “Sığorta riskləri” bölməsində təminat verilən risklərin konkret siyahısı qeyd edilmiş və həmin risklər sırasında yağış suları qeyd olunmamışdır. Bu səbəbdən yağış sularının yaratdığı zərərlər sığorta təminatına daxil deyildir. AR Mülki Məcəlləsinin 922.1-ci bəndində əsasən sığorta hadisəsi icbari sığorta qanunla və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və va yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsində qeyd edilir ki, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yekun olaraq hal-hazırda mövcud sənədlər əsasında sığorta ödənişinin ödənilməsinin mümkün olmadığını, bununla belə müraciətlə bağlı ünvanladıqları sorğuya cavab və digər lazımı sənədlər təqdim edildikdən sonra araşdırmanın davam etdiriləcəyini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanladığı 10 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə görə “İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununda başqa cur nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və yə sığorta müqaviləsinə gorə sığorta hadisəsi hesab edilməməsi halında sığorta ödənişinin verilməsindən imtina edir, "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir kı, Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən və sığortaçı tərəfindən sığortalanmış əmlaka sığorta müddəti ərzmdə baş vermiş hadisə nəticəsində zərər dəyməsi tərəfinizdən bildirilmiş həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Mərkəzinin sığortaçının sorğusu üzrə verdiyi məlumata əsasən xx.xx.2021 -ci il tarixində müvafiq ərazidə yağış yağdığı müəyyən edilmiş, lakin əmlaka sığorta şəhadətnaməsinin “Sığorta riskləri'1 bölməsindən təminat verilən risklərdən hər hansı bırı uzrə zərər dəyməsi təsdiq olunmamışdır. Yuxanda qeyd olunanları nəzərə alaraq bildiririk ki, sığortalanmış əmlaka dəymiş zərər sığorta müqaviləsində göstərilən halların nəticəsində baş vermədiyi üçün hadisə Mulkı Məcəllənin 935 1 8-cı maddəsinə əsasən sığorta hadisəsi hesab edilmədiyinə gorə faydaianan şəxsə sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq sığortaçı tərəfindən müraciətinizdə qeyd edilən məsələ ilə bagıı müvafiq MTK-lara sorğular göndərilmişdir. Ünvanlanmış sorğular cavablandırıldıqdan və müvafiq sənədlər sığorta şirkətinə təqdim edildikdən sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılacaqdır. İş materiallarında olan əmlak sığortası üzrə dəyən zərərə baxış haqqında "xxxx" ASC-nin aktından görünür ki, sığorta şirkətinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında sığortalanmış mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzil sahibinin sözlərinə görə yağan yağış nəticəsində mənzilin mətbəx otağının bir divarı su sızmasından zərər görmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, İddiaçı "xxxx" ASC-nə xx.xx.2021-ci il tarixdə şifahi müraciət edərək özünə məxsus olan, şirkətimizdə “Əmlak Sığorta” şəhadətnaməsi üzrə sığortalanmış Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi ev7, 3153-cü məhəllə, 71 saylı mənzilə xx.xx.2021-ci il tarixində yağan yağış nəticəsində yağış sularının mənzilə axması nəticəsində maddi zərər dəydiyini bildirmişdir. Baş vermiş hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində yağış yağması (leysan olub-olmaması) faktının qeydə alınıb-alınmaması, qeydə alındığı təqdirdə yağışın miqdarı və xarakteri barədə Cəmiyyətə məlumat verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə hava tutqun buludlu (10/7), meteoroloji görünüş məsafəsi 10-20 km, havanın orta temperaturu 15,3°C, minimal temperaturu 13,9°C, maksimal temperaturu 17,0°C, Şərq istiqamətli küləyin maksimal sürəti 10 m/san (5 bal) olmuşdur. Ayın 29-u günorta saatlarından başlayan yağış sentyabrın 30-u gün ərzində davam etmiş, düşən yağıntının miqdarı 10,4 mm olmuşdur. İş materiallarında olan "xxxx" MMMC-nin icraçı direktoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 1-ci blok 16-cı mərtəbədə yerləşən İddiaçı məxsus 71 nömrəli mənzilə 30 sentyabr 2021-ci il tarixdə yağış yağması nəticəsində su axmışdır və mənzilin mətbəxinə ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixində Bakı və Abşeron yarımadasında müşahidə olunmuş yağıntı və onun növlərinə dair məlumat verilməsi barədə 25 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci tarixli, 1242/21 nömrəli müraciətə cavab olaraq həmin əraziyə (Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi ev 7) yaxın olan Bakı (Xırdalan) hidrometeoroloji stansiyasının xx.xx.2021ci il tarixinə olan müşahidə məlumatları təqdim edilmişdir. Məlumata əsasən xx.xx.2021-ci il tarixin də miqdarı 10.4 mm (aylıq normanın 60%-i) olan arabir güclənən yağış qeydə alınmışdır. Qeyd edək ki, yağıntılar əvvəlki günlərdə də qeydə alınmışdır. Belə ki, ayın 28də miqdarı 13.5 mm (aylıq normanın 78%-i), 29-da isə 23.6 mm (aylıq normanın 137%-i) olan güclü yağış qeydə alınmışdır. 28-30 sentyabr tarixlərində Bakı və Abşeron yarmadasında yerləşən digər hidrometeoroloji stansiyalarda leysan xarakterli güclü yağış yağmış, düşən yağıntının maksimal miqdarı 46.5 mm olmuşdur ki, bu da aylıq normanın 207%- i təşkil edir. Bu da sentyabrın 28-30-da Bakı şəhəri, Yasamal rayonunda da yağan yağışların leysan xarakterli olmasını istisna etmir. Yaranma şəraitindən asılı olaraq yağıntılar 3 qrupa bölünür; 1.aramsız 2.leysan 3.çiskin. Leysan yağıntıları konveksiyanın inkişafı ilə birbaşa əlaqədar olub topa-yağış buludlardan qar, dolu və yağış şəklində düşür. Bu cür yağıntılar qəfil başlanması və qurtarması, kəskin tərəddüdü, intensiv və nisbətən az davamiyyətli olması ilə fərqlənir. Adətən leysan yağıntılar çox böyük olmayan ərazini əhatə edir, lokal xarakterli olur. Leysan xarakterli yağıntıların damcılarının diametri 1,0 mm-dən çox olur, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Leysan yağış - qəflətən başlama və qurtarmaya malik, birdən güclənən maye yağışdır. Əsasən topa - yağış buludundan yağır, ildırım və dolu ilə müşayət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından çox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının çoxluğu üstünlük təşkil etməyinə baxmayaraq, bəzən lap az miqdarda da yağıntı verir. Yay leysan yağışları tez-tez ildırımlarla və güclü küləklərlə müşayət olunur. Leysan qar - qəflətən başlama və qurtarmaya malik, birdən güclənən az vaxt ərzində daha güclənən bərk yağıntıdır. Leysan qar topa-yağış buludundan yağır. Leysan sulu qar - güclü (şiddətli) ərimiş qar şəklində yer səthinə düşən yağıntıdır. Xüsusi təhlükəli yağıntılar və onların meyarları: Sel və leysan təhlükəli rayonlarda 12 saat və daha az vaxt ərzində 30 mm və daha çox miqdarda yağan yağış, qalan ərazilərdə 12 saat və daha az vaxt ərzində 50 mm və daha çox miqdarda yağan yağış və yağışla qar; 1 saat və daha az vaxta 30 mm və daha çox miqdarda leysan yağışı; 20 mm və daha böyük diametrli dolucuqdan ibarət olan dolu və həmçinin xalq təsərrüfatına böyük ziyan vuran kiçik ölçülü intensiv dolu; 12 saat və daha uzun müddət ərzində 20 mm və daha çox miqdarda yağan qar. Qeyd: Leysan yağıntıların meyarları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Hidrometeoroloji stansiya və məntəqələr üçün təlimat”ının 3-cü buraxılışının 1-ci hissəsinə əsasən, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 oktyabr 2007ci il tarixli 589/Ü N-İi əmri ilə təsdiq edilmiş “Təhlükəli və təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin təsnifatı, meyarları və xəbərdarlıqların verilməsi haqqında Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 nömrəli mənzil "xxxx" ASC tərəfindən şəhadətnamədə göstərilən sığorta risklərinə qarşı sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə bir neçə gün ərzində yağan yağışlar nəticəsində mənzilə su sızması nəticəsində zərər dəymişdir. İddiaçı hadisədən sonra cavabdehə sığorta ödənişinin ödənilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh tərəf aralarında bağlanmış MPP 09365 saylı Əmlak sığortası şəhadətnaməsinin “Sığorta riskləri” bölməsində təminat verilən risklərin konkret siyahısında yağış sularının qeyd olunmadığını, bu səbəbdən yağış sularının yaratdığı zərərlərin sığorta təminatına daxil edilmədiyini əsas gətirərək sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinin “zərərin əvəzi olaraq 1600 manat məbləğində sığorta ödənişinin ödənilməsinə” aid hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci bəndinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 36.1.8-ci bəndinə əsasən, daşınmaz əmlakın təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda (dəymiş zərər müəyyən edilməklə) sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə, eləcə də faydalanan şəxsə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən İddiaçı mülkiyyətində olan "xxxx" ASCdə sığortalanmış Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə xx.xx.2021-ci il tarixdə yağan yağış nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Mübahisə doğuran hal yağan yağışın leysan olub-olmamasından ibarətdir ki, cavabdeh tərəf məhz yağış sularının yaratdığı zərərlərin sığorta təminatına daxil edilmədiyini əsas gətirərək sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış əmlak sığortası şəhadətnaməsinin 4-cü bəndinə əsasən, digər hallarla yanaşı, təbii fəlakətlər, yəni zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi kimi hallar da sığorta risklərinə aid edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin (xx.xx.2021-ci il tarixində Bakı və Abşeron yarımadasında müşahidə olunmuş yağıntı və onun növlərinə dair məlumat verilməsi barədə) 25 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci tarixli, 1242/21 nömrəli müraciətə cavab olaraq həmin əraziyə (Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi ev 7) yaxın olan Bakı (Xırdalan) hidrometeoroloji stansiyasının xx.xx.2021-ci il tarixinə olan müşahidə məlumatları təqdim edilmişdir. Məlumata əsasən xx.xx.2021-ci il tarixində miqdarı 10.4 mm (aylıq normanın 60%-i) olan arabir güclənən yağış qeydə alınmışdır. Qeyd edək ki, yağıntılar əvvəlki günlərdə də qeydə alınmışdır. Belə ki, ayın 28-də miqdarı 13.5 mm (aylıq normanın 78%i), 29-da isə 23.6 mm (aylıq normanın 137%-i) olan güclü yağış qeydə alınmışdır. 28-30 sentyabr tarixlərində Bakı və Abşeron yarmadasında yerləşən digər hidrometeoroloji stansiyalarda leysan xarakterli güclü yağış yağmış, düşən yağıntının maksimal miqdarı 46.5 mm olmuşdur ki, bu da aylıq normanın 207%- i təşkil edir. Bu da sentyabrın 28-30-da Bakı şəhəri, Yasamal rayonunda da yağan yağışların leysan xarakterli olmasını istisna etmir. Milli Hidrometeorologiya Xidmətindən daxil olmuş məlumatda həmçinin göstərilmişdir ki, yaranma şəraitindən asılı olaraq yağıntılar 3 qrupa bölünür; 1.aramsız 2.leysan 3.çiskin. Leysan yağıntıları konveksiyanın inkişafı ilə birbaşa əlaqədar olub topa-yağış buludlardan qar, dolu və yağış şəklində düşür. Bu cür yağıntılar qəfil başlanması və qurtarması, kəskin tərəddüdü, intensiv və nisbətən az davamiyyətli olması ilə fərqlənir. Adətən leysan yağıntılar çox böyük olmayan ərazini əhatə edir, lokal xarakterli olur. Leysan xarakterli yağıntıların damcılarının diametri 1,0 mm-dən çox olur, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Leysan yağış - qəflətən başlama və qurtarmaya malik, birdən güclənən maye yağışdır. Əsasən topa - yağış buludundan yağır, ildırım və dolu ilə müşayət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından çox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının çoxluğu üstünlük təşkil etməyinə baxmayaraq, bəzən lap az miqdarda da yağıntı verir. Verilən məlumatdan da göründüyü kimi, 2021-ci ilin sentyabr ayının 28-30-da Bakı və Abşeron yarmadasında yerləşən digər hidrometeoroloji stansiyalarda leysan xarakterli güclü yağışın yağması qeyd edilmiş və əldə edilmiş məlumatlar nəzərə alınaraq həmin tarixlərdə Bakı şəhəri, Yasamal rayonunda da yağan yağışların leysan xarakterli olması istisna edilməmişdir. Bundan başqa məlumatdan aydın olur ki, leysan yağıntılar qrupuna daxil olmaqla konveksiyanın inkişafı ilə birbaşa əlaqədar olub topa-yağış buludlardan qar, dolu, həmçinin yağış şəklində də düşür. Leysan yağış - qəflətən başlama və qurtarmaya malik, birdən güclənən maye yağışdır. Əsasən topa - yağış buludundan yağır, ildırım və dolu ilə müşayət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından çox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının çoxluğunun üstünlük təşkil etməsinə baxmayaraq, bəzən lap az miqdarda da yağıntı verir. Bundan başqa, məhkəmə Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş zərərlə bağlı mübahisənin obyektiv həlli baxımından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-821/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4635 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Cavabdeh ASC-də siğortalanmış Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə yağıntı (yağış və s.) nəticəsində zərər dəymişdir. Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1234,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4635 saylı, xx.xx.2022-ci il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə 2021-ci ilin sentyabr ayının 28-30 tarixlərində yağan yağıntıya dair verilmiş məlumatda göstərilənlərlə leysan yağışa xas xüsusiyyətləri müqayisə edib, qeyd edilənləri və ekspert rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 nömrəli mənzilə zərər məhz tərəflər arasında bağlanmış əmlak sığortası şəhadətnaməsinə əsasən sığorta risklərinə aid edilən və sığorta hadisəsi hesab edilən yağan leysan yağışı nəticəsində dəymişdir. İddiaçı cavabdehdən dəymiş zərərin əvəzi olaraq 1600 manat tutulmasını tələb etsə də, məhkəmə dəymiş zərərin həcmini ekspert rəyində göstərilən həcmdə müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 1234 (bir min iki yüz otuz dörd) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın “məbləğin bu günədək ödənilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsi 7,5% olmaqla 50 manat tutulması” hissəsinin iddiaçı tərəfindən əsaslandırılmamasını, həmçinin hadisədən sonra cavabdehlə razılıq əldə edilmədiyindən məhkəmə mübahisəsinin başladığını nəzərə alaraq iddianı bu hissədə əsassız hesab etməklə rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 37 (otuz yeddi) AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun 25 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 12 (on iki) manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 35 (otuz beş) manat hissəsi cavabdehdən, 15 (on beş) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1234 (bir min iki yüz otuz dörd) manat məbləğində sığorta ödənişivə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun 25 (iyirmi) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 12 (on iki) manat hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 35 (otuz beş) manat hissəsi cavabdehdən, 15 (on beş) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1234 (bir min iki yüz otuz dörd) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun 25 (iyirmi) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 35 (otuz beş) manat hissəsi cavabdehdən, 15 (on beş) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-32/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-32/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver