Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-32/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehə kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 48, 42 saylı mənzildəki istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 48, 42 saylı mənzilin mülkiyyətçisiyəm. Həmin mənzildə bir necə nəfər şəxs qeydiyyatdadır, o cümlədən cavabdeh. Həmin mənzilə mənim mülkiyyət hüquqlarım cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir və nəticə etibarı ilə cavabdehin iddiası hər üç instansiyada əsassız hesab edilmişdir. Buna görə mənimlə cavabdeh arasında çətin münasibətlərimiz var. Həmin mənzil mənim mülkiyyətimdə olmasına baxmayaraq, cavabdeh məni mənzilə buraxmır. Ona görə, mən cavabdehə kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Cavabdeh etirazda qeyd etmişdir ki, həmin evdə mən 1983-cü ildə anadan olmuş və bu günə qədər ailəmlə birlikdə yaşamaqla həmin ünvanda pasport qeydiyyatındayam. Ev mərhum Nənəmə məxsus olmuşdur. Bildirmək istəyirəm ki, mərhum X3 hələ sağ ikən evi özəlləşdirəndə biz razılıq ərizələri yazıb onun xeyrinə imtina etmişdik. Bildirmək istəyirəm ki, bibim iş üzrə İddiaçı vəfat etmiş Nənəmdən Sovet dönəmindən Bankda qalan pullarının götürülməsi üçün notariusa müraciət etmiş və adına şəhadətnamə almışdır. Yəni bibim nənəmdən qalan pulların Bankdan götürülməsi üçün notariusa müraciət etmiş və Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Atam 1 qrup əlil,pensiya təqaüdçü idi, Mənzilin yarısının varisi idi.Atam ona pulların götürülməsi üçün razılıq vermişdir yoxsa yox o böyük sualdır. Nənəmdən qalan evə dair mirası keçirməsi üçün razılıq verməmişdir. Bibim notariusla əlbir olub Atamdan gizli evə dair vərəsəlik haqqında şəhadətnamə almışdır. Notarius tərəfindən çoxlu sayda uyğunsuzluq və mühüm səhvlərə qanuni varisin atamdan gizli olaraq mirası qanunsuz icra etmişdir. Görünür o, mərhum atamı da aldatmışdır. Atamın ölümündən sonra biz məhkəməyə müraciət etdik. Məhkəmə iclasında bibim Tamilla bildirdi ki, qardaşım Tofiq hələ sağ ikən ona düşən payı uşaqlarına və həyat yoldaşına ölümdən sonra verməyi xahiş etdi. Biz xəbər tutanda bizə söz vermişdir ki Atamın ölümündən sonra, əmlakın yarısını Sizin adınıza yəni mənim,anamın və bacımın adına rəsmiləşdirəcək. Üstündən xeyli müddət keçəndən sonra bibim sözünün üstündə durmamışdır. Atamın ölümündən sonra biz məhkəməyə müraciət etdik.Sənədlər və qanun biz tərəfə ola-ola məhkəmə qanuna,sənədlərə və faktlara baxmayaraq qanunsuz qətnamə qəbul etmişdir. Görümnür bibim atamı aldatdığı kimi bizi də aldatmışdır. Bir daha bildirirəm ki, atam X2 öləndən sonra da həmin evdə mən Anamla yaşayaraq, mirası faktikti olaraq mən qəbul etmişəm qeydiyyatdayam 1983-ci ildən , miras açılan gündən bu günədək, yəni hal-hazıradək miras əmlakı öz mülkiyyətim kimi qoruyub saxlamışam. Cavabdeh mənə 11.000 manat pul verməklə evdən çıxarmaq istəyir. Mənim bu evdən başqa yaşayış yerim yoxdur. Cavabdeh arzəsində göstəriri ki, guya bizim yaşadığımız ərasidə 1 otaqlı evin kirayə haqqı 200-300 manatdır. Lakin nən bilirəm ki,sadəcə məlumat üçün bizim evin yerləşdiyi ərazidə evin kirayə haqqı 1500-2000 manatdır və bizdə 1 otaqli mənzil deyil. Evin 4 otağli 115m Torgovayada Arxitektur binada 600.000manat dəyəri olduğu halda mən 11.000 manata azyaşlı uşağımla harada ev ala bilərəm. Onu da qeyd edim ki, mənim Övladım 9 yaşlı Uşaq həmin qeydiyyatdadır. Bizi yaşadığımız evdən çıxarmaları mənim azyaşlı uşağımı da evsiz eşiksiz qoymaqdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 48, 42 saylı mənzildəki istifadə hüququna 16,200 manat kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsini müdafiə edib və iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, mənzil 3 otaqlıdır və cavabdeh sözügedən mənzildə qeydiyyatda olan 4 şəxsdən biridir və yalnız 1 otaqdan istifadə hüququ vardır. Eə bu səbəbdən də ekspert qarşısında məhkəmə tərəfindən 1 otaqlı mənzil üçün sual qoyulmuşdur. Belə ki, digər istifadə hüququ olan şəxslərin də gələcəkdə kompensasiya ödənilməklə isitfadə hüququna xitam verilməsi kimi bir ehtiyac yaranarsa və hər şəxs üçün cavabdehin tələb etdiyi qədər kompensasiya məbləği tutularsa, bu zaman iddiaçının hüquqları kobud surətdə pozulmuş olacaq və iddiaçı xeyli miqdarda zərərə məruz qalacaqdır. Ekspert rəyi ilə müəyyən edilmiş qiymət real bazar dəyərini özündə əks etdirir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili bildirmişdir ki, ekspertizada qeyd olunan məbləğ reallığı əks etdirmir. Cavabdeh uzun müddətdir həmin mənzildə yaşayır və onun həmin yaşayış sahəsindən istifadə hüququ vardır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan: RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. 6113189 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3827/2022 saylı, 03 oktyabr 2022ci il tarixli Qərarı ilə iddiaçı Cavabdeh – cavabdehlər İddiaçı və 46 saylı Notariat Ofisinə qarşı «vərəsəlik hüququnun tanınması» tələbinə dair iddiasının təmin olunmaması barədə Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İşdə olan X1 14 iyul 2025-ci il tarixli rəyində qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən köhnə tikilidə 1 otaqlı, orta təmirli mənzilin təqribi aylıq kirayə (icarə) haqqı 450 manat məbləğində müəyyən edilir. Məhkəmə mütəxəssis rəyini də nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən kompensasiya qaydasında təklif olunan 16,200 (450 x 36 ay) manat məbləğində pul vəsaiti cavabdehə davamlı surətdə və azı 3 il müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə oxşar şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 16,200 manat məbləğində kompensasiya verilməklə, cavabdehin ünvan 1 ünvanından istifadə hüququna xitam verilməli, o mənzildən çıxarılmalı və kompensasiya məbləğinin verilməsi ilə mənzildən istifadə hüququna xitam verilmə eyni vaxtda icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 16,200 manat məbləğində kompensasiya verilməklə, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 42 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 42 nömrəli mənzildən çıxarılsın. Cavabdeh kompensasiya ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-32/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-32/2025
18.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver