Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-356/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “ümumi yığıncağın qərarının və digər sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında olan hündürmərtəbəli 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 26 saylı mənzillə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “MTK” üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “MARS-A" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən binanın ümumi sahəsi 140,03 kv.m. olan 10-cu mərtəbə 26-cı mənzili satın almışdır. Həmçinin bildirir ki, “MARS-A" MTK tərəfindən ona təqdim olunmuş maliyyə arayışına əsasən o, ümumi sahəsi 140,03 kv.m. olan mənzilin pay dəyərini tam ödəmişdir və onun Cavabdeh MTK-ya borcum yoxdur. Qeyd etmək istəyir ki, "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" AR Prezidentinin xx.xx.2019-cuı il Fərmanı son illərdə mülkiyyət hüquqlarının təmin olunması və qeydiyyat problemlərinin həlli istiqamətində inqilabi bir dəyişiklik və mühüm islahat kimi tarixə düşdü. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanmışdır. Həmin Fərmanın icrası çərçivəsində Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmənzilli binanın istismarına icazə verilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh MTK ilkin qeydiyyat üçün zəruri olan “Protokoldan çıxarış”ı və "İstismara qəbul Aktı”nı ona təqdim etməkdən boyun qaçırır. O, “MARS-A" MTK-nin ofisinə gedərək həmin sözügedən sənədi tələb etsə də, MTK-nın rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi ona verməkdən imtina etmişlər. Bakı şəhəri, Səbail rayonu A.Abbaszadə 17 ünvanında yerləşən mənzilinin ilkin qeydiyyat üçün zəruri olan "Protokoldan çıxarışı" və "İstismara qəbul Aktı”nı 10 gün müddətindən çoxdur ki, "xxxx" MTK-ya ünvanlamaqlarına baxmayaraq, heç bir rəsmi cavab verilməmişdir. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki qeyd olunan ünvana dəfələrlə getsələr də, “Mars-A" MTK-nın rəhbər heyyətini və ya nümayyəndələrini tapa bilməmişlər. Qeyd etmək istəyir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci əsasən “Mənzil Tikinti Kooperativi” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür; Müqavilənin 3.1-cü bəndinə əsasən mənzin tikinti və hesablaşma sahəsi 140.3 kv.m müqavilənin 3.1-ci bəndinə əsasən payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. Yuxanda qeyd olunanlardan da göründüyü kimi, müqavilə tərəflər üçün konkret hüquq və vəzifələr, öhdəliklər yaratmışdır, yəni tikinti kooperativi müqavilədə nəzərdə tutulmuş yaşayış binasını inşa etməyi, hazırkı halda mənzili tikməyi, payçı isə kooperativə razılaşdırılmış pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilənin şərtləri barədə razılığa gələrək imza və möhürlə təsdiq edərək müqaviləni bağlamışlar. Belə ki, müqavilədə yaşayış sahəsinin tikinti və ümumi sahəsi 140,3 m2 qeyd olunmuşdur. O, payçı olaraq müqavilədə qeyd olunmuş 140,3 kv.m sahəyə görə hesablanmış pay haqqını tam ödəyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “MARS-A" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmetini kooperativə ayrılmış Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının ümumi sahəsi 140,03 kv.m. olan 10-cu mərtəbə 26-cı mənzil təşkil edir. Kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür. Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş müvafiq maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 3 ünvanında inşa edilən kooperativ yaşayış binası Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 10-cu mərtəbəsində, yaşayış sahəsi 140.3 kv.m.olan mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun kooperativə borcu yoxdur; İş materiallarında olan İddiaçı nümayəndə və vəkili X2 tərəfindən Cavabdeh MTKnın rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” AR Prezidentinin xx.xx.2019-cu il Fərmanının icrası çərçivəsində Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmənzilli binanın istismarına icazə verilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh MTK ilkin qeydiyyat üçün zəruri olan "Protokoldan çıxarış”ı və “İstismara qəbul Aktı”nı ona təqdim etməkdən boyun qaçırır. O, Cavabdeh MTK-nin ofisinə gedərək həmin sözü gedən sənədi tələb etsə də, MTKnın rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi ona verməkdən imtina etmiştər. Yuxarıda göstərilənləri nəzərə almağı və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən mənzilinin ilkin qeydiyyat üçün zəruri olan “Protokoldan çıxarış”ı və “İstismara qəbul Aktı”nı 10 gün müddətində ona təqdim edilməsi xahiş olunmuşdur. Bununla bağlı hər hansı bir hərəkət icra etdilmədiyi təqdirdə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı barədə cavabdeh kooperativ xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MARS-A" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmetini kooperativə ayrılmış Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının ümumi sahəsi 140,03 kv.m. olan 10-cu mərtəbə 26-cı mənzil təşkil edir. Kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür. Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə 27 iyun 2023-cü il tarixli məktubla müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən mənzilinin ilkin qeydiyyat üçün zəruri olan “Protokoldan çıxarış”ın və “İstismara qəbul Aktı”nın 10 gün müddətində ona təqdim edilməsini xahiş etmiş, icra edilməyəcəyi təqdirdə onun tərəfindən bununla bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdeh kooperativ xəbərdar edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında inşa edilən kooperativ yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 26 nömrəli mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarında izah etmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Mənzil Məcəlləsinin 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər tam şəkildə icra edilmiş, ünvan 5 ünvanında olan binanın 10-cu mərtəbəsində yerləşən yaşayış sahəsi 140.3 kv.metr olan mənzilə dair tam ödəniş edilmiş, lakin cavabdeh MTK müqavilə üzrə dəyəri tam ödənilmiş mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nı və digər sənədləri (plan-sxem və s.) verməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən iddiaçının bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağı”nın qərarının və digər sənədlərin (plan-sxem və s.) iddiaçıya verilməsi öhdəliyi cavabdeh kooperativin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında olan hündürmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 26 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan Mənzil- Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-356/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-356/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver