Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-366/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı - cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi və mənəvi zərər” tələbinə dair mülki işə 28 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən öz xeyrinə 1050 manat zərərin, 400 manat mənəvi zərərin və 34,50 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 14 iyul 2023-cü il tarixində mənimlə Atəşgah sığorta şirkəti arasında mülkiyyətimdə olan X12 markalı avtomobil barəsində nəqliyyat vasitələrinin tam sığortası müqaviləsi (KASKO Bölgəm) bağlanmışdır (sığorta şəhadətnaməsi **********719). Müqavilənin şərtlərinə əsasən sığorta riskləri baş verdiyi halda sığortaçı tərəfindən sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. Sığorta risklərinə avtonəqliyyat hadisəsi - avtomobilin istifadəsi nəticəsində baş verən; ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr aiddir. 29 sentyabr 2023-cü il tarixində sığorta risklərinə aid hadisə baş vermişdir. Belə ki, mənim arvadım X1 hüququ olmaqla, idarə etdiyi “X11” minik markalı **-HN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Gülüstan qəsəbəsi Bülbül küçəsində hərəkətdə olarkən, “VAZ- 2106” markalı **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmamaq üçün anidən tormoz sistemindən istifadə etmiş və bu zaman azyaşlı övladımız Ramal İsgəndərin başı avtomobilin ön şüşəsinə dəymişdir. Nəticədə avtomobilin ön şüşəsi çatlamışdır. Hadisədən dərhal sonra DİN 102 xidmətinə müraciət edilmiş, hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin təhqiqatçısı gəlmişdir. Aparılmış araşdırma nəticəsində qəbul edilmiş 08 oktyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, X3 “Yol Hərəkət haqqında” AR Qanununun tələblərini pozduğundan barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qəbul edimiş qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Hadisədən sonra mən sığorta ödənişini almaq üçün sığorta şirkətinə müraciət etmişəm, lakin sığortaçı sığorta ödənişini ödəməkdən əsassız olaraq imtina etmişdir. Mənə göndərilmiş 27 noyabr 2023-cü il tarixli məktubda qeyd edilir ki, “cinayət işinin rədd edilməsi haqqında Qərardan, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1527 saylı rəyindən və digər iş materiallarından görünür ki, sığortalanmış avtonəqliyyat vasitəsinin istismarı gedişində ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisə müəyyən olunmamışdır. Bu səbəbdən qeyd olunmuş hadisə sığorta hadisəsi hesab edilmir, dəymiş zərər avtonəqliyyat hadisəsi riski ilə əhatə olunmur və buna görə sığorta ödənişinin ödənilməsindən imtina edilir”. Sığortaçının imtinası qanunsuz və əsassızdır. Baş vermiş hadisə sığorta risklərinə aid avtonəqliyyat hadisəsidir. Avtonəqliyyat hadisəsi yalnız ölüm və bədən xəsarətinin olması, heyvanların və ya hərəkətsiz maneənin vurulması, habelə hər hansı digər əmlakın zədələnməsi ilə nəticələnən hadisə deyil. Belə ki, “Yol Hərəkət haqqında” AR Qanuna əsasən, yolnəqliyyat hadisəsi – yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Baş vermiş hadisə nəqliyyat vasitəsinin hərəkəti prosesində baş verən nəqliyyat vasitəsinin zədələnməsinə səbəb olan avtonəqliyyat hadisəsidir və buna görə sığortaçının imtinası tamamilə qanunsuzdur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, iddiaçıya məxsus Kia Rio markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil **********719 nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx"ndə “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, 29 sentyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Bülbülə küçəsində baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus avtomobilin ön şüşəsi zədələnmişdir. Belə ki, iddiaçının qeyd etdiklərinə görə, avtomobili iddiaçının həyat yoldaşı idarə edən zaman qarşıdan gələn avtomobillə toqquşmamaq üçün əyləc sistemindən istifadə etmiş, bu zaman avtomobilin salonunda əyləşmiş sərnişinin alın nahiyəsi ön şüşəyə dəyərək şüşəni zədələmişdir, ancaq uşaq heç bir xəsarət almamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 8 oktyabr 2023-cü il tarixli qərarda göstərilmişdir ki, hadisə yerində heç bir tormoz izi müəyyən edilməmişdir. Məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, avtonəqliyyat vasitəsinin istismarı gedişində ölüm və bədbəxt hadisə ilə nəticələnən, heyvanların və hərəkətsiz maneələrin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisə müəyyən edilməmişdir. **********719 nömrəli sığorta şəhadətnaməsində avtonəqliyyat hadisəsi riskinə təminat verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: **********719 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, Kia Rio markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx"ndə “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. Şəhadətnamənin surətindən eyni zamanda görünür ki, avtomobil avtonəqliyyat hadisəsi riskindən sığortalanmışdır. 08 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir ki, hadisə yerində heç bir tormoz izi müəyyən edilməmişdir. Məhkəmə tibbi eskpertizasının xx.xx.2023-cü il tarixdə 1527 saylı rəyində məlum olmuşdur ki, azyaşlı X8 bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Kia Rio markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx"ndə “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə avtonəqliyyat hadisəsi riskindən sığortalanmışdır. İddiaçı məhkəməyə müraciət edərək bildirir ki, yol-nəqliyyat hadisəsi zamanı onun əmlakına zərər dəymişdir və sığorta şirkəti həmin zərəri ödəməkdən imtina etmişdir. Məhkəmə iddiaçının avtomobilinin sığorta şirkətində fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə avtonəqliyyat hadisəsi riskindən sığortalandığını nəzərə alaraq, ilk öncə avtonəqliyyat hadisəsinin anlayışını aydınlaşdırmağı uyğun görür. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 28.1.1-ci bəndinə əsasən sığorta avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələrdir. Məhkəmə qeyd edir ki, hazırki işdə sözügedən avtomobilin sığorta təminatı təsiri altına düşməsi və sahibinin ona dəymiş zərəri tələb etməsi üçün həmin zərər əmlaka məhz avtonəqliyyat hadisəsi nəticəsində dəyməlidir. Bunun üçün əvvəla həmin zaman avtomobil istifadə edilməlidir, bu istifadə zamanı hadisə baş verməlidir və hadisə nəticəsində ölüm, bədən xəsarəti ilə nəticələnən yaxud əmlakın zədələnməsinə səbəb olan hərəkət baş tutmalıdır. İddiaçı ərizəsində qeyd edir ki, onun həyat yoldaşı avtomobili idarə edərkən baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün hərəkətdə olarkən qəfil avtomobilin tormoz (dayanma) əyləcindən istifadə etmiş və bunun nəticəsində avtomobildə olan azyaşlı oğlunun alın nahiyəsinin avtomobilin ön şüşəsinə çırpılması nəticəsində avtomobilin şüşəsi zərər görmüşdür. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”a nəzər yetirərkən məlum olur ki, iddiaçının iddia etdiyi hadisə baş verən yerə baxış keçirilmiş və hadisə yerində heç bir tormoz izinin mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa araşdırma zamanı məhkəmə-tibbi ekspertizası keçirilmiş və alın nahiyəsinin avtomobilin ön şüşəsinə dəydiyi iddia edilən azyaşlı X8 bədənində heç bir xəsarət müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sığorta ödənişi tələb etməkdə istinad etdiyi hadisə 2 mühüm hissədən ibarətdir: sürücünün qəfil tormoz (dayanma) əyləcindən istifadə etməsi və azyaşlının alın nahiyəsinin avtomobilin ön şüşəsinə çırpılması nəticəsində ön şüşənin zərər görməsi. Lakin qeyd olunan bu 2 halın heç biri iş materialları ilə öz təsdiqini tapmır, əksinə işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”da göstərilənlərə istinad olunarsa, təkzib olunur. Belə ki, həm hadisə yerində tormoz izinə rast gəlinmir, həmçinin də azyaşlının bədənində heç bir xəsarət izi görünmür. İddiaçının həyat yoldaşı X2 polisə vermiş olduğu izahatında hadisə zamanı avtomobilin sürətinin təxminən saatda 30-40 km/saat olduğunu bildirmişdir. Göründüyü kimi avtomobilin sürəti yüksək olmamışdır. Nəzəri yanaşdıqda demək mümkündür ki, saatda 30-40 km/saat sürətlə hərəkət edən avtomobilin sürücüsünün qəfil tormoz (dayanma) əyləcindən istifadə etməsinin avtomobildə əyləşən sərnişinin yüksək təzyiqlə avtomobilin ön şüşəsinə çırpılmasına səbəb ola bilməsi az hallarda mümkündür. Hətta belə hal olduqda belə sərnişinin (hələ azyaşlı bir sərnişinin) yüngül bir təkanla avtomobilin ön şüşəsinə çırpılması nəticəsində şüşənin yararsız hala düşməsi məhkəmə tərəfindən inandırıcı qəbul olunmur. Məhkəmənin bu qeyd olunanları vurğulamaqda məqsədi baş vermiş hadisənin həqiqətən sığorta riskinə daxil olub-olmamasını aydınlaşdırmaqdır. Belə ki, iddiaçının istinad etdiyi hadisə yalnız o halda sığorta təminatına düşə bilər ki, həmin hadisə məhz avtonəqliyyat hadisəsi olsun. Lakin hazırki işdə bu öz təsdiqini tapmır. Avtomobilin ön şüşəsinin məhz baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində zərər görməsi hazırki işdən görünmür. Bu səbəbdən hadisə avtonəqliyyat hadisəsi fonunda sığorta hadisəsi edilə bilməz və belə olan halda sığortaçının sığortalı qarşısında hazırki vəziyyətdə heç bir öhdəliyi yaranmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduqda sığorta ödənişi həyata keçirilir. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.1-ci bəndinə əsasən zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İşdə olan xx.xx.2024-cü il tarixli 9/1617 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qeyd olunur ki, 2021-ci il buraxılışlı “X12” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 700 manat müəyyən edilmişdir. Məhkəmə ekspertiza rəyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, rəydə sadəcə avtomobilin şüşəsinin zədələnməsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği müəyyən edilir. Yəni ki rəy şüşənin hansı hadisə nəticəsində zədələnməsini özündə əks etdirmir. Avtomobilin ön şüşəsinin zədələnməsi özlüyündə hazırki işin mübahisə predmeti deyildir. Hazırki işin əsas məramı avtomobilin ön şüşəsinin avtonəqliyyat hadisəsi nəticəsində zərər görüb-görməməsidir. İşdə olan sübutlarla isə avtomobilin ön şüşəsinin avtonəqliyyat hadisəsi nəticəsində zərər görməsi öz təsdiqini tapmadığından sözügedən ekspert rəyinin hazırki işin həlli üçün əhəmiyyəti yoxdur. AR MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin “400 manat mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb maddi ziyanın tutulması hissəsində əsassız olduğundan həmin tələbdən irəli gələn mənəvi zərərin tələb olunması da özlüyündə əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 34,50 AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** X4 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ********************, hesab AZ34CTRE********************, S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-366/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-366/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver