Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-39/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 17 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9178 manat dəymiş zərərin və 112 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Masallı rayonu, Qəriblər kəndində 0,0215 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-2-ci mərtəbələrdə yerləşən 120,8 kv.metr ümumi, 57,6 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzili vardır. Mənzil cavabdeh şirkətdə xx.xx.2022-ci il tarixdə sığortalanmışdır. Ötən ilin dekabr ayında güclü yağışlar yağmış və bunun nəticəsində dekabr ayının 23-də evin divarında dərin çatlar əmələ gəlmişdir. Elə bir vəziyyət yaranmışdır ki, evdə yaşamaq təhlükəli həddə çatmışdır. Bununla bağlı dərhal cavabdeh şirkətin telefon nömrəsinə zəng edərək məlumat verilmişdir. Cavabdehin 23 yanvar 2023cü il tarixli məktubunda hadisə baş verdiyindən ən qısa zamanda məlumat verilmədiyi göstərilmiş və sığorta ödənişi verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, hadisə dekabr ayı ərzində olan yağıntılar nəticəsində yaranmışdır. Özü Bakı şəhərində yaşayır, hadisədən 23 dekabr 2022-ci il tarixdə xəbərdar olan vaxt Masallı rayonunda yerləşən sözügedən evə getmişdir. Bu səbəbdən də FHN tərəfindən tərtib olunmuş rəydə 23 dekabr 2022-ci il tarix qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, baş vermiş hadisə ümumiyyətlə sığorta hadisəsi sayılmadığında iddiaçıya cavabdeh tərəfindən heç bir ödəniş edilməməlidir. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin sığorta şirkətinə ünvanladığı məktubdan da görünür ki, 23 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağıntı qeydə alınmamışdır. Məhkəmə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından olan: "xxxx" ASC-nin məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlakın divarında müxtəlif hissələrdəki çatlar şirkətə məlumat verilən hadisə tarixindən daha əvvəl də mövcud olmuşdur. Belə ki, sözügedən mənzilin divarındakı çatlar yarandıqdan sonra ən qısa müddət ərzində şirkətə məlumat verilməmişdir. MH seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Masallı rayonu, Qəriblər kəndində 0,0215 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-2-ci mərtəbələrdə yerləşən 120,8 kv.metr ümumi, 57,6 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. BB seriyalı 403463 nömrəli icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak təbii fəlakətlər-zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, leysan, sel, daşqın, yer sürüşməsi risklərindən "xxxx" ASC tərəfindən 15,000 manat məbləğində sığortalanmışdır. Azadolma məbləği isə 150 manat məbləğindədir. İddiaçı məxsus izahlı fakturanın surətindən görünür ki, 23 dekabr 2022, 05 yanvar 2023, 06 yanvar 2023, 08 yanvar 2023 və 01 fevral 2023-cü il tarixlərdə İddiaçı tərəfindən Atəşgah Sığorta Şirkətinin qaynar xəttinə (940 nömrəsi) zənglər edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cavabdeh sığorta şirkətinə ünvanladığı məktubda qeyd olunur ki, 23 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağıntı qeydə alınmamışdır. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin İddiaçı ünvanladığı arayışda qeyd olunur ki, 01-07 dekabr aralıqlarında və 09 dekabr tarixində Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağış, sulu qar, qar müşahidə olunmuşdur. Məhkəmə ilk öncə sığorta hadisənin mövcudluğuna münasibətdə qeyd edir ki, hazırki işdə sığorta hadisəsi baş vermiş hesab edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı ərizəsində məhz 23 dekabr 2022-ci il tarixdə olan yağıntı nəticəsində deyil, ümumiyyətlə 2022-ci ilin dekabr ayında olan güclü yağıntılar nəticəsində ona məxsus əmlakın zərər gördüyünü göstərir. İş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin tərəflərə ünvanladığı arayışlardan da görünür ki, 23 dekabr tarixinə kimi dekabr ayının təqribən 10 günü müddətində Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağış, sulu qar, qar müşahidə olunmuşdur. Bu səbəbdən sözügedən əmlaka dəymiş zərər məhz 23 dekabr 2022-ci il tarixdə baş vermiş yağıntı nəticəsində deyil, həmin tarixə kimi 10 gün müddətində davam edən yağıntı nəticəsində yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin məhz 23 dekabr 2022-ci il tarixdə yağıntının olmamasına istinad edərək sığorta hadisəsinin olmamasına dair irəli sürdüyü dəlil əsassızdır. AR Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. 889.1-ci madəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi iləhər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7258 №-li məhkəmə ekspertizasının rəyində qeyd olunur ki, 23 dekabr 2022-ci il tarixdə baş vermiş yağıntı nəticəsində Masallı rayonu, Qəriblər kəndində yerləşən 3 saylı evin, 2 mərtəbəli binanın 1 saylı mənzilinin bünövrəsi ətrafında yığılmış atmosfer sularının təsiri nəticəsində mənzilin bünövrəsində çökmə əmələ gəlmiş və bunun nəticəsində mənzilin xaric və daxili divarlarında şaquli keçici çatlar əmələ gəlmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/825 №-li məhkəmə ekspertizasının rəyində qeyd olunur ki,Masallı rayonu, Qəriblər kəndində yerləşən 3 saylı evin 1 nömrəli mənzilindəyaranmış qüsurların aradan qaldırılması üçün görülmüş işlərə 8,755 manat məbləğində vəsaitinin sərf edilməsi müəyyən olunmuşdur. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi məhz sığorta hadisəsi nəticəsində əmlaka dəymiş 8,755 manat məbləğində təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) cavabdehə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 112 manat dövlət rüsumundan, iddiaçı tərəfindən 1073,20 manat mütəxəssis rəyi üçün ödənilmiş rüsumdan və 200 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-də sığortalanmış və İddiaçı məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlakın təmir-bərpa xərci kimi 8,755 (səkkiz min yeddi yüz əlli beş) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş manat dövlət rüsumunun 60 manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı ödənilsin. Mütəxəssis rəyinin dəyərini təşkil edən və iddiaçı tərəfindən ödənilmiş 1073,20 manat pul vəsaitinin 500 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat pul vəsaitinin 100 manat hissəsi İddiaçı, 100 manat hissəsi isə cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-39/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-39/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver