Məhkəmə qərarları › İş №e-2(009)-390/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-390/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-390/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “ABC Telecom" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********79945 “Samsung Galaxy S23” markalı telefon almış və nəticədə 1140,95 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2403,9 manat (18 ay x 133,55 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********79945 “Samsung Galaxy S23” markalı telefon üçün ümumilikdə 1140,95 manat olmaqla, ondan 859,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkzinə ödənilən 23,6 manat, müştəriyə güzəşt olunaraq 257,85 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1544,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********79945 “Samsung Galaxy S23” markalı telefon üçün ödənilməmiş 859,5 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat, 257,85 manat cərimə borcu və 31,41 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Cavabdeh verilmiş iddia ilə əlaqədar məhkəməyə ünvanlandığı ərizəsində işdən çıxdığını, Dövlət Məşğulluq sistemində işsiz kimi qeydiyyata alındığını, borcu etiraf etdiyini, ödəməkdən yayınmadığını, lakin hazırda maddi imkanı olmadığı üçün ödənişləri edə bilməməsini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İmei kodu **********79945 “Samsung Galaxy S23” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 133,55 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2403,9 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 859,5 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat və 257,85 manat cərimə borcu olmaqla, cəmi 1140,95 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 2403,9 manat olan, İmei kodu **********79945 “Samsung Galaxy S23” markalı telefon üçün ödənilməli olan pulu hissəhissə ödənilməklə cavabdehə nisyə satılmışdır. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni mobil telefonu Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış alqı-satqı müqaviləsi üzrə alqı-satqı müqaviləsinin predmetini əldə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi yaranmış əsas borcunun (859,5 manat) və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin alqı-satqı müqaviləsi üzrə yaranmış 257,85 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun miqdarını, həmçinin tələb olunan cərimənin borca münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq cərimə borcunun (dəbbə borcu) miqdarı 66,9 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 068461 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 859,5 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat, 66,9 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar