Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-419/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı (X37, X1, X8, X38, X39, X49, X20, X14, X50, X21, X43, X51, X18 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehna qarşı "vərəsəlik payların müəyyən edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Cavabdehna qarşı "vərəsəlik payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 qalmış ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) mirasa dair payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 1962-ci ildə keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) atası X4 mülkiyyətinə verilmişdir. Həmin əmlaka dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılmasına və qiymətləndirilməsinə dair pasport onlara təqdim edilmişdir. Atası X13 xx.xx.1986-cı il tarixində dünyasını dəyişmişdir. Buna dair ölüm haqqında şəhadətnamə verilmişdir. Atasının vəfatından sonra xx.xx.1986-cı ildə 1799/86 nömrəli vərəsəlik işi açılmış və mərhum atasından qalan digər əmlaklara dair vərəsəlik işi açılmış, lakin miras əmlak ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) ilə bağlı vərəsəlik işi açılmamışdır. Məhz bu səbəbdən də qeyd edilən əmlak mərhum atasından qalmış hesab olunur. Onu da qeyd edir ki, atası X13 vəfat etdikdən sonra dəfnlə bağlı bütün xərclər də onun tərəfindən həyata keçirilmişdir. Onu da qeyd edir ki, onlar altı bacı-qardaş olmaqla faktiki olaraq vərəsəliyi qəbul etmişlər. Həmin vaxtdan onlar orada yaşamış, sərf olunmuş kommunal sərfiyyatına görə də kommunal ödənişlərini ödəmişlər. Göründüyü kimi, mərhum valideynləri dünyasını dəyişdikdən sonra onlar vərəsəliyi qəbul edərək həyatlarına davam etmişlər. Mərhum atası X2 qalan miras əmlakın qəbul edilməsi üçün o rəsmi olaraq aidiyyatı qurumlara müraciət etməmişdir. Belə ki, kənd yeri olduğundan o faktiki vərəsəliyi qəbul edəcəyini zənn etmiş, miras əmlakın onun mülkiyyətinə verildiyini hesab etmişdir. Hal-hazırda vərəsəlik şəhadətnaməsi olmadığından o bir sıra maneələrlə rastlaşır. Bunun üçün də vərəsəliyin qəbul edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinə yaxınlaşmışdır. Bildirmək istəyir ki, mərhum atası X2 qalmış miras əmlaka dair vərəsəliyi qəbul edib vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinə müraciət etsə də, orada ona mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirdiyini bildirərək imtina edilmişdir. Belə ki, sözü gedən vərəsəlik işi notariat ofisində tapılmamışdır. Bununla bağlı olaraq isə ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalır. Odur ki, məhkəmə qaydasında miras əmlaka dair vərəsəlik payların müəyyən edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil, vərəsəlik işinin açılıb bağlanılmasını, yenidən atanın adına vərəsəlik işinin açılmasının mümkün olmamasını, ananın rəhmətə getməsini, uşaqlarının adına vərəsəlik işinin açılmamasını bildirərək iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddianın təmin edilməsinə etirazlarının olmamasını göstərmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X51 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, onların izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də məhkəməyə təqdim edilmiş, surətləri təsdiq edilmiş X4 vərəsəlik işi ilə bağlı notariat icraatının sənədlərinə baxış keçirərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - 091753 saylı, 18 dekabr 1953-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1953-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X44 qeyd edilmişdir. - Ədliyyə Nazirliyi Bakı Şəhəri 1 saylı notariat ofisinin 06 iyul 2022-ci il tarixli, 498 saylı İddiaçı ünvanladığı məktubdan görünür ki, xx.xx.1986-cı il tarixində vəfat etmiş X2 miras qalmış əmlakı qəbul etmək və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı vərəsəsi oğlu İddiaçı Bakı şəhəri 1 saylı notariat ofisinə müraciəti daxil olmuşdur. Bildirilir ki, miras qoyan X4 adına Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda xx.xx.1986-cı il tarixində 1799/86 nömrəsi ilə vərəsəlik işi açılmışdır və onun vərəsəsi arvadı X44 (xx.xx.1999-cu il tarixində ölmüş) olmuşdur. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, hüquqmüəyyənedici və digər sənədləri təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Qeyd edilir ki, həmin Məcəllənin 1248.1-ci maddəsi İddiaçı izah edilmişdir. Belə ki, qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 40-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bununla əlaqədar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və miras əmlakdakı vərəsələrə çatası payları müəyyən etmək üçün məhkəməyə müraciət etməyi zəruri olması qeyd edilmişdir. - 26 iyun 1951-ci il tarixli, 643021 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 15 iyun 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X44 qeyd edilmişdir. - 439208 saylı, 03 avqust 1977-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 03 avqust 1977-ci il tarixində nikah bağlamışlar. Nikahdan sonra arvada “Məmmədxanova” soyadı verilmişdir. - 09 mart 1959-cu il tarixli, 295291 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 mart 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X44 qeyd edilmişdir. - 14 fevral 1948-cü il tarixli, 004630 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X41 05 yanvar 1948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X44 qeyd edilmişdir. - 279876 saylı, 06 avqust 1974-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X38 06 avqust 1974-cü il tarixində nikah bağlamışlar. Nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. - 31 yanvar 1978-cu il tarixli, 338218 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 31 yanvar 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X24, ana qrafasında X38 qeyd edilmişdir. - Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 234233 saylı, 02 mart 2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2022-ci il tarixində ölmüşdür. - 22 sentyabr 1975-ci il tarixli, 463637 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X52 03 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X24, ana qrafasında X38 qeyd edilmişdir. - 20 iyun 1983-cü il tarixli, 321928 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 15 aprel 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X24, ana qrafasında X38 qeyd edilmişdir. - 24 iyun 1994-cü il tarixli, 363307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 24 iyun 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X24, ana qrafasında X38 qeyd edilmişdir. - 04 aprel 1977-ci il tarixli, 485781 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X50 28 yanvar 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X24, ana qrafasında X38 qeyd edilmişdir. - Əzizbəyov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 306493 saylı, 24 iyun 2008ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2008-ci il tarixində ölmüşdür. - 06 oktyabr 1972-ci il tarixli, 418696 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X43 17 sentyabr 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X33, ana qrafasında X7 qeyd edilmişdir. - 29 aprel 1940-cı il tarixli, 579054 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13 aprel 1940-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X44 qeyd edilmişdir. - 08 iyul 1968-ci il tarixli, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 07 iyun 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X33, ana qrafasında X7 qeyd edilmişdir. - 360872 saylı, 29 may 1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X3 18 oktyabr 1958-ci il tarixində nikah bağlamışlar. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. - Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 264060 saylı, 07 iyun 2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2022-ci il tarixində ölmüşdür. - 21 iyun 2022-ci il tarixli, AZ-T 202939 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 26 avqust 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X33, ana qrafasında X3 qeyd edilmişdir. - 20 mart 1964-cü il tarixli, AZ 583957 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 05 yanvar 1938-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X44 qeyd edilmişdir. - Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1536 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mərhum X15 vəfat etdiyi xx.xx.1986-cı ilə kimi ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. - Ədliyyə Nazirliyi ünvan 3 dekabr 2022-ci il tarixli, 1203 saylı İddiaçı ünvanladığı məktubdan görünür ki, miras qoyan X4 adına Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda xx.xx.1986-cı il tarixində 1799/86 nömrəsi ilə vərəsəlik işi açılmış və onun vərəsəsi arvadı X26 adına miras qoyana məxsus nəqliyyat vasitəsinə dair xx.xx.1986-cı il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) ünvanında yerləşən daşınmaz əmlakın kimə məxsus olması barədə hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi (keçmiş Karqanov küçəsi), dalan 2, 11 saylı fərdi yaşayış evinə dair X4 adına tərtib edilmiş 1962-ci il tarixli texniki pasport İdarənin arxivində mövcuddur. Vərəsələr dairəsinin müəyyən edilməsi ilə bağlı məktub müraciətə əlavə edildiyi təqdirdə müvafiq sənədin surəti təqdim edilə bilər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X4 adına Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda xx.xx.1986-cı il tarixində 1799/86 nömrəsi ilə vərəsəlik işi açılmış və onun vərəsəsi arvadı X26 adına miras qoyana məxsus nəqliyyat vasitəsinə dair xx.xx.1986-cı il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) ünvanında yerləşən daşınmaz əmlakın kimə məxsus olması barədə hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı mirasın qəbulu ilə bağlı Ədliyyə Nazirliyi Bakı Şəhəri 1 saylı notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi tərəfindən müvafiq məktubla qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxması, hüquqmüəyyənedici və digər sənədləri təqdim etməməsi əsası ilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və miras əmlakdakı vərəsələrə çatası payları müəyyən etmək üçün məhkəməyə müraciət edilməsinin zəruri olması qeyd edilmişdir. İşin materiallarından görünür ki, iddiaçının atası X13 xx.xx.1986-cı il tarixində vəfatından sonra xx.xx.1986-cı ildə 1799/86 nömrəli vərəsəlik işi onun həyat yoldaşı X26 1986-cı ili iyul ayında verdiyi ərizəsi əsasında açılmış, sonuncu vərəsələrin dairəsinə özünün və 6 övladının, (o cümlədən iddiaçının) daxil olmasını göstərərək mərhumdan qalan miras əmlakın yalnız VAZ-21063 markalı avtomaşının olmasını göstərmiş, digər heç bir əmlak olmasını qeyd etməmiş, övladları miras əmlak olan avtomaşından onlara düşən paylarından analarının xeyrinə imtina etmiş və beləliklə də, onun adına miras qoyana məxsus nəqliyyat vasitəsinə dair xx.xx.1986-cı il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat orqanının cavab məktublarından da göründüyü kimi ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) ünvanında yerləşən daşınmaz əmlakın kimə məxsus olması barədə hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən onunla bağlı notariat əməliyyatı aparılmamışdır. İşin materiallarından görünür ki, xx.xx.1986-cı il tarixində vəfat etmiş X2 miras qalmış əmlakı qəbul etmək və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı vərəsəsi-oğlu İddiaçı Bakı şəhəri 1 saylı notariat ofisinə müraciəti əsasında 1 saylı notariat ofisinin 06 iyul 2022-ci il tarixli, 498 saylı cavab məktubunda mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxması, hüquqmüəyyənedici və digər sənədləri təqdim etməməsi göstərilmişdir. İddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi (keçmiş Karqanov küçəsi), dalan 2, 11 saylı fərdi yaşayış evinə dair X4 adına tərtib edilmiş 1962-ci il tarixli texniki pasportun mövcudluğuna, eləcə də həmin əmlakı faktiki olaraq qəbul etdiyinə istinad edərək onun sözügedən evdə mirasa dair payının olmasını iddia edərək onun müəyyən edilməsini mübahisələndirir və tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə istinad edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və imperativ xarakter daşıyan normalarla müəyyən olunur. Bu qaydalardan kənara çıxılması yolverilməzdir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzmləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsiə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə hesab edir ki, iddiaçı X4 xx.xx.1986-cı il tarixində vəfatı məqamında onun malik olduğu yeganə daşınar əmlak yalnız VAZ-21063 markalı avtomobil olmuşdur ki, ona dair müvafiq şəhadətnamə verilmişdir. İddiaçı 1962-ci ildə keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) atası X4 mülkiyyətinə verilməsini göstərsə də, həmin mülkiyyət hüququnun onun adına qeydə alınmasına dair heç bir sübut təqdim edilməmişdir. Araşdırma zamanı yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin arxivində fərdi yaşayış evinə dair X4 adına tərtib edilmiş 1962-ci il tarixli texniki pasport olması aşkar edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli evin texniki pasportunun mövcud olmasına baxmayaraq bu iddiaçının atasının həmin evə hər hansı hüquq əldə etməsinə əsas vermir. Belə ki, texniki pasport evin və digər tikilinin texniki göstəricilərini əks etsə də, hüquqmüəyyənedici sənəd qüvvəsinə malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə, daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, iddiaçının payının müəyyən edilməsini tələb etdiyi ünvanın atasına məxsus olması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir və buna görə də ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) ünvanında yerləşən daşınmaz əmlak miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusuna daxil olan əmlak kimi qiymətləndirilmir. Məhkəmə hazırki iddia ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmənin qənaətinə görə, iddiaçının hazırki tələb üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) ünvanında yerləşən daşınmaz əmlak miras əmlak kimi qiymətləndirilmədiyindən iddiaçının vərəsə olaraq həmin əmlak üzərində payının müəyyən edilməsinə dair iddiası da əsaslı sayıla bilməz. Odur ki, iddia təmin edilməməlidir. Buna baxmayaraq məhkəmə qeyd edilən evin faktiki mövcudluğunu və iddiaçının da (digər vərəsələrin də) orada yaşamasını və qeydiyyatda olmasını, eləcə də gözlənilən mülkiyyət hüququnun olmasını nəzərə alaraq qeyd edir ki, iddiaçı özü (və ya digər vəsələrlərlə birlikdə) daşınmaz əmlak üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək üçün aidiyyatı orqana müraciət etmək hüququ vardır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmənin qənaətinə görə, iddiaçının mərhum atasının adına qanunvericiliklə müəyyən edilmiş qaydalar üzrə müvafiq çıxarış alındığı təqdirdə bu ünvan 2 (keçmiş Karqanov küçəsi, ev 11) ünvanında yerləşən daşınmaz əmlakın konkret kimə məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd olacaqdır ki, həmin çıxarışın əsasında iddiaçı (və ya digər vərəsələrlə birlikdə) qanunvericiliklə müəyyən edilmiş qaydada payın (və ya payların) müəyyən edilməsi, müvafiq şəhadətnamənin verilməsi (və ya bunlardan imtina) ilə bağlı məsələni mübahisələndirə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki halda vərəsəlik payının (və ya payların) müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi (və ya bunlardan imtina) ilə bağlı məsələlər yuxarıda qeyd olunan qaydaya riayət edilməklə notariat orqanın səlahiyyətinə aiddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehna qarşı "vərəsəlik payının müəyyən edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-419/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-419/2023
22.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver