Məhkəmə qərarları › İş №e-2(009)-43/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-43/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-43/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində 2 otaqdan ibarət (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ratropoviçlər küçəsi 15, m8, m 3 saylı) mənzilin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 46.092.39 (qırx altı min min doxsan iki manat otuz doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 228.27 manatı Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh şirkətlə 16 may 2023-cü il tarixli, 16/05-01 saylıçoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5ci girişinin 8-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 130 kv.m-dən ibarət mənzilin tikilib təhvil verilməsi üçün razılığa gəlmişdir. Həmin mənzilin müqavilə üzrə bir kv.m qiymətinin dəyəri 2153.85 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixili maliyyə arayışına əsasən sözügüdən 130 kv.m göstərilmiş mənzilin tam dəyərini ödəyərək heç bir borcu qalmamışdır. 16 may 2023-cü il tarixli, 16/05-01 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədə göstərilən 130 kv.m mənzilə dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığı zaman məlum olmuşdur ki, mənzilin sahəsi müqavilədə göstərilən sahədən 21.40 kv.m əksik yəni 108.60 kv.m göstərilmişdir. Göründüyü kimi tərəflərindən müqavilə üzrə ondan 46.092.39 manat artıq pul alınmışdır. Hesab edir ki, Cavabdeh ondan mənzilin hər kv.m-nə görə aldığı artıq məbləği geri qaytarmalıdır. Bununla bağlı Cavabdehnə pretenziya məktubu yollamış pulun geri qaytarılmasını tələb etsə də cavabdeh heç bir hərəkət etməmişdir. Məcburiyyət qarşısında qalaraq pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliyi pozmuş və ondan artıq pul almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16/05-01 nömrəli, 16 may 2023-cü il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 2 otaqlı, h3 nömrəli ümumi sahəsi 130 m2-dən ibarət mənzili «Alıcı»nın mülkiyyətinə verməyi, «Alıcı» isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. - Cavabdeh tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən 16 may 2023-cü il № 16/05-01 saylı müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində yerləşən, 2 otaqlı, h3 nömrəli, ümumi sahəsi 130 m2 ibarət olan mənzil hissəsi üçün 280000 (iki yüz səksən min) manat məbləğində kooperativin xəzinəsinə 16 may 2023-cü il tarixində ödəniş etmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi, ev 7, 9, 11, 13, 15, ümumi sahəsi 108.60 kv.m olan mənzil 3 (yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, 15, M8, m3) xx.xx.2023-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 16 may 2023cü il tarixdə 16/05-01 nömrəli mənzilin alqı-satqı müqaviləsi bağlayaraq, müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 130 m2-dən ibarət mənzili əldə etmişdir. xx.xx.2023-cü il tarixdə mənzilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən mülkiyyət haqqında çıxarış veriləndən sonra iddiaçı çıxarışda mənzilin ümumi sahəsi 108.60 kv.m göstərilməsi ilə iddiaçı göstərilmiş sahənin müqavilədə göstərilən sahəyə uyğun olmamasına əsaslanaraq cavabdeh tərəfindən onun öhdəliyin tam icra edilməməsini və həmin sahənin pulunu ondan almasını iddia edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçı mülkiyyət haqqında çıxarışda göstərilən sahəylə 16 may 2023-cü il tarixli 16/05-01 nömrəli mənzilin alqı-satqı müqaviləsində göstərilən sahənin fərqli olmasına görə müqavilə üzrə ödənilmiş pul vəsaitindəki qiymət fərqini, yəni 46092.39 manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddiaçıya verilmiş çıxarışla bağlı dəlillərə münasibət bildirərək qeyd edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, başqa sözlə iddiaçıyla cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə şamil edildiyi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrinin adlarının alqı-satqı müqaviləsi göstərilməsinə baxmayaraq, müqavilələrin məzmunundan aydın görünür ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə podrat müqaviləsi kontekstində baxılıb, hüquqi qiymət verilməlidir. Belə ki, müqavilələrdən görünür ki, Cavabdeh müqavilədə özünü satıcı kimi qeyd edərək mənzillərin iddiaçılara, yəni alıcılara satılması barədə razılığa gəldiklərini göstərsələr də, satılan mənzillərin binanın tikintisindən sonra alıcılara təhvil verilməsi şərtləndirilmişdir. (müqavilələrin 1.1ci bəndləri) Göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri faktiki olaraq bir növ podrat müqaviləsi üzrə qurulmuş münasibətləri tənzimləyir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 578.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 59.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. - 59.3-cü bəndinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhərrəclərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli 3-16-16/2-10/826 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 3 nömrəli mənzilin ümumi sahəsinin 108,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsi (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ratropoviçlər küçəsi 15, m8, m 3 saylı) çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində 2 otaqdan ibarət mənzilin sahəsinin (108,6 kv.metr) müqavilədə göstərilən sahə (130,0 kv.metr) ilə üst-üstə düşmədiyi, belə ki, mənzilin sahəsi ilə müqavilədə göstərilən sahə arasında 21,4 kv.metr fərq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2025-ci il tarixli 3-16-16/2-10/7091 nömrəli rəyindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 16 may 2023-cü il tarixli, 16/05-01 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 3 nömrəli mənzilin faktiki sahəsinin (114,3 kv.metr) müqavilədə göstərilən sahə (130,0 kv.metr) ilə üst-üstə düşmədiyi, belə ki, mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə arasında 15,7 kv.metr fərq olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 3 nömrəli mənzilin yerləşdiyi binanın eskiz layihəsində göstərilmiş məhəccərlər, bayır və ara divarlarının yerləşdiyi sahələr və əmsallar nəzərə alınmadan içdən-içə sahəsinin 114,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 3 nömrəli mənzilin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də hesablanmaqla (oxdan-oxa) sahəsinin 130,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, nəticəyə gələrkən məhkəmə ekspertizası rəylərini mötəbər sübut kimi qiymətləndirir və rəydə göstərilənləri nəzərə alır. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, iddiaçı ilə bağlanmış 16/05-01 nömrəli, 16 may 2023cü il tarixli mənzilin alqı-satqı müqaviləsində aldığı 2 otaqlı mənzilin sahəsinin 130 kv.m olması qeyd edilmişdir. Məhkəmə ekspertizasının rəyi ilə, ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 8-ci mərtəbədə yerləşən 3 nömrəli mənzilin binanın eskiz layihəsində göstərilmiş məhəccərlər, bayır və ara divarlarının yerləşdiyi sahələr və əmsallar nəzərə alınmadan içdən-içə sahəsinin 114,3 kv.metr, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də hesablanmaqla (oxdan-oxa) sahəsinin isə müqavilədə nəzərdə tutulduğu kimi 130 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilir ki, mənzilin sahəsi iddiaçıya müqavilədə göstərildiyi kimi çöl divarlarının ortasından hesablanmaqla təhvil verilmişdir. Lakin, məhkəmə həmin müqavilə şərtini qanunvericiliyin tələbinə uyğun hesab etmir və aşağıdakıları qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbindən aydın görünür ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və məhz qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bundan başqa, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələri imperativ normalardır və həmin normalara əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhərrəclərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəf İddiaçı ilə 16/05-01 nömrəli, 16 may 2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsini bağlayarkən satılan mənzilin sahəsi 130 kv.m müəyyən edilməklə ondan həmin sahənin dəyəri olan 280.000 (130 kv.m x 2153.85 manat) manat məbləğində pul vəsaiti alınmışdır. Bu isə mənzilin ümumi sahəsi üçün hesablanmalı olan (130 kv.m – 114,3 = 15,7 x 2153.85 manat) məbləğdən artıq 33.815,40 manat vəsaitin cavabdeh tərəfindən iddiaçıdan alınmasını təsdiq edən haldır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh MTK-dan 33.815,40 (otuz üç min səkkiz yüz on beş manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri ümumilikdə 150 (bir yüz əlli) manatdır. İş materiallarına əlavə edilmiş “hökumət” ödəniş portalından görünür ki, 228,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət büdcəsinə ödənilmiş 228.27 manat dövlət rüsumunun 191 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 150 manatın 100 manat hissəsi Cavabdeh Mənzil-Tikinti Kooperatindən, 50 manat hissəsi İddiaçı tutulmaqla Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 33.815,40 (otuz üç min səkkiz yüz on beş manat qırx qəpik) manat pul vəsaiti və dövlət rüsumunun 191 (bir yüz doxsan bir) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh MTKdan, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar