Məhkəmə qərarları › İş №e-2(009)-48/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-48/2023

27.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-48/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı özbaşına qanunsuz olan tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı özbaşına qanunsuz olan tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev (Buxta) küçəsində, 3-cü dalanda yerləşən 17 saylı fərdi yaşayış evdə 2019-cu il tarixdən başlayaraq yaşayır. Cavabdeh onun divar qoşusudur. 2021-ci ilin yay aylarında cavabdeh tərəfindən özünə məxsus fərdi yaşayış evdə ikinci mərtəbənin tikilməsi başlanmışdır. Tikinti başlayarkən onun tərəfindən cavabdehə bildirilmişdir ki, onun tikdiyi 2-ci mərtəbəsi onun fərdi yaşayış evinin divarına çox yaxın məsafədə olacaqdır. Bu kimi halda ilk olaraq tikinti təhlükəsizlik qaydaları pozur. Bundan başqa ikinci mərtəbənin belə yaxın məsafədə tikilməklə, düz onun fərdi yaşayış evinin pəncərəsinə bitişərək, evinin otaqlarında baş verənlərin hamısı açıq aşkar görsənir. Bu kimi halda insan hüquqlarına, onun və ailəsinin şəxsi həyata toxunmaq deməkdir. Ona baxmayaraq ki, tərəfindən cavabdehə bir neçə dəfə bu barədə iradlar bildirilərək narazıçılığını bildirmiş, lakin cavabdeh hər dəfə onu nəlayiq sözlərlə təhqir edib, heç bir əhəmiyyət vermirdi. Nəticədə tərəfindən DİN-nin 102 xidmətinə zəng vurularaq, şikayətini bildirmişdir.İş üzrə araşdırma Səbail rayon Polis İdarəsinin 8-ci Polis sahə rəisi Arif Əsgərov tərəfindən aparılmışdır. Sahə rəisi hadisə yerinə gələrkən araşdırma aparmış və nəticədə həmin tikinti qanunsuz olduğu üçün tikintini dayandırmışdır. Buna baxmayaraq, tikinti davam edirdi. Onunla Cavabdeh arasında yenidən mübahisələr aparılırdı. Yenidən əlacsız qalaraq tərəfindən DİN-nin 102 xidmətinə şikayətlə yenidən müraciət olunmuşdur. Sahə rəisi tərəfindən yenidən hadisə yerinə gələrkən, araşdırma nəticəsində cavabdeh Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən yenidən gizli şəkildə tikinti işləri davam edir. Tərəfindən Azərbaycan Respublikasının Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəlik tərəfindən tikinti olan yerə gəlib araşdırma aparılaraq, xx.xx.2022ci il tarixdə, 1-310 nömrəli məktubla həmin tikintinin qanunsuz olduğunu təsdiqləmişdilər. Yuxarıda qeyd olunanlara baxmayaraq, cavabdeh tərəfindən hal-hazırda qanunsuz tikinti işlərin aparılması davam edilir. Cavabdeh tərəfindən onun başına gətirilən oyunlar nəticəsində 1 il ərzində onun sağlamlığı və səhhəti ağır vəziyyətə düşmüşdür. Belə ki, həmin ərəfələrdə onun təzyiqi qalxırdı, dəfələrlə tərəfindən təcili tibbi yardım çağırılıb və nəticədə onda ürək xəstəliyi ilə şəkər xəstəliyi əmələ gəlmişdir. Hesab edir ki, ona dəymiş mənəvi ziyan 1000 manat məbləğindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən Səbail rayonu, Buxta küçəsi, dalan 3-də yerləşən 9E saylı fərdi yaşayış evində ikinci mərtəbənin tikilməsi üçün aparılan tikinti işlərinin dayandırılması, həmin yerdə aparılmış tikintinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması, bu işlərin icrasını Səbail rayon icra şöbəsinin vasitəsi ilə Səbail rayon İcra Hakimiyyətinin öhdəliyinə qoyulması və ona dəymiş mənəvi ziyana görə cavabdeh tərəfindən ona 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Səbail rayonu, Buxta küçəsi, dalan 3-də yerləşən 9E saylı fərdi yaşayış evində ikinci mərtəbənin tikilməsi üçün aparılan tikinti işlərinin dayandırılması, həmin yerdə aparılmış tikintinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması və ona dəymiş mənəvi ziyana görə cavabdeh tərəfindən ona 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı evi satan şəxs evi tikərkən o, bildirmişdir ki, gələcəkdə öz evinin 2-ci mərtəbəsini inşa edəcəkdir. Evi tikərkən bu halı nəzərə alsın. Qonşu demişdir ki, etiraz etməyəcək. Məhkəmədə onunla digər qonşu arasında iş olmuşdur, qonşu su axıtması ilə bağlı onu məhkəməyə vermişdir, o, da yarımçıq olan tikintisinin 2-ci mərtəbəsində hazırda mübahisələndirilən işləri həyata keçirmişdir. Özbaşına tikinti işlərinin aparılmasına görə onu inzibati məsuliyyətə cəlb edib 500 manat cərimə etmişlər. Digər tərəfdən həmin ərazidə mövcud olan bütün tikililər bir-birinə yaxın məsafədə inşa edilmişlər, faktiki olaraq bir-birinin evinin rahat görürlər. O, 2-ci mərtəbədə apardığı tikintinin yan hissələrini bağlayacaq. İddiaçının evindən 1-1,20 m. aralıda yan divarı tikə bilər ki, məsafə bir qədər aralı olsun. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, qanunsuz tikili 149 saylı Mənzil-kommunal istismar sahəsi tərəfindən dayandırılmış və sahə müvəkkili tərəfindən qeyri-qanuni tikinti aparmış vətəndaş inzibati cərimə tətbiq edilmişdir. Sözügedən məsələ ümumilikdə iki qonşu arasında mülki mübahisəyə səbəb olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2021ci il tarixdə Səbail rayonu, Buxta küçəsi, dalan 3 ev 9E-də özbaşına qanunsuz tikinti işlərini aparmış, nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərardadın surətindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokolu aidiyyatı üzrə göndərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4924 saylı rəyinə əsasən: -1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi (Buxta küçəsi), 3-cü dalanda yerləşən 17 saylı evin qarşısında Cavabdeh tərəfindən aparılan tikinti işləri pəncərənin qarşısında 50 sm kənarda inşa olunduğunu nəzərə alaraq, həmin tikili İddiaçı evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını qismən kəsir ki və bu da İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.3-cü bəndinin tələblərinə uyğun deyildir. Eyni zamanda qeyd olunur ki, Cavabdeh tərəfindən inşa olunmuş tikilinin kənarları baxış zamanı açıq şəkildə olduğu müəyyən olunmuş, lakin gələcəkdə həmin tikilinin kənarları bağlandıqda İddiaçı Solmaz qızının evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını tam kəsilməsinə səbəb ola bilər. - 3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3-cü dalanda yerləşən 9 E saylı yaşayış evinin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən aparılan tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin aparılan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci və 4.2-ci bəndlərinin tələblərini riayət edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən 9E saylı ev və iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən 17 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidirlər və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla qonşuluqda yaşayan cavabdeh öz evində ikinci mərtəbənin tikintisini başlamışdır. Cavabdehin tikdiyi evinin 2-ci mərtəbəsi onun evinin divarına çox yaxın məsafədə yerləşir və onun evinin pəncərəsinə bitişərək evinin daxili otaqlarında baş verənlərin hamısı açıq aşkar görsənir. Bu hal insan hüquqlarına, onun və ailəsinin şəxsi həyata toxunmaq deməkdir. Cavabdeh həmin tikiliyə hər hansı sənəd almamışdır. Bu səbəbdən iddiaçı cavabdehin evində 2-ci mərtəbənin tikilməsi üçün aparılan tikinti işlərinin dayandırılmasını, həmin yerdə aparılmış tikintinin sökülməsini və əvvəlki vəziyyətə qaytarılması və ona dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. AR Mülki Məcəllənin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. AR Konstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən: “...mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün”. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).” AR MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli evlər öz hüquqi statusuna görə özbaşına tikililər olsa da, iddiaçı cavabdeh tərəfindən inşa edilən özbaşına tikilinin onun tərəfindən inşa edilən özbaşına tikiliyə münasibətdə hüquqlarına xələl gətirdiyi üçün hesab etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). AR Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar cavabdehin inşa edilən tikili tərəfindən maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Digər tərəfdən AR Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Lakin məhkəmə hesab edir ki, iddia tələbi yalnız o halda əsaslı hesab edilə bilər ki, iddiaçının inşa etdiyi özbaşına tikiliyə münasibətdə cavabdeh tərəfindən inşa edilən özbaşına tikili iddiaçının öz evindən istifadə edilməsi ilə bağlı hüquqlarını məhdudlaşdırmış olsun. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinini alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli evlərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi (Buxta küçəsi), 3-cü dalanda yerləşən 17 saylı evin qarşısında Cavabdeh tərəfindən aparılan tikinti işləri pəncərənin qarşısında 50 sm kənarda inşa olunduğunu nəzərə alaraq, həmin tikili İddiaçı evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını qismən kəsir ki və bu da “İnşaat Norma və Qaydaları” 2.08.01.89*un 1.3-cü bəndinin tələblərinə uyğun deyildir. Eyni zamanda qeyd olunur ki, Cavabdeh tərəfindən inşa olunmuş tikilinin kənarları baxış zamanı açıq şəkildə olduğu müəyyən olunmuş, lakin gələcəkdə həmin tikilinin kənarları bağlandıqda İddiaçı Solmaz qızının evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını tam kəsilməsinə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən inşa olunmuş və inşası tam yekunlaşmamış mübahisəli tikili İddiaçı evinin yaşayış otağının təbii işıqlandırılmasının qarşısının kəsilməsinə, bununla da həmin tikilinin mövudluğu iddiaçının öz əmlakından istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olduğundan, iddia tələbi cavabdehin yaşayış evinin 2-ci mərtəbəsində aparılan tikinti işlərinin dayandırılması, aparılmış tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi tikilinin sökülməsi hissəsində təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, Dalan 3-də yerləşən 9E saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində aparılan tikinti işləri dayandırılsın, aparılmış tikili sökülərək əvvəlki vəziyyətə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar