Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-48/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil3 Rüfət oğlu və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İddiaçı - Cavabdeh MTK-ya qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 17 mart 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MTK-ya qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34810,15 manat pulun və 194 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 25 iyun 2020-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 1/52 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” yəni – Cavabdeh Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Səbail rayonu, Leopold və Mistislav Rostropoviçlər küçəsində inşa edilmiş yaşayış binasının 1 girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166.20 m –dən ibarət mənzili tikib “Alıcı” yəni - İddiaçı mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin 1 m –nin qiyməti 2400.70 (iki min dörd yüz manat, yetmiş qəpik) manat müəyyən edilmiş, İddiaçı həmin müqaviləyə əsasən 166.20 m ümumi sahəsi olan mənzil üçün 399000 (üç yüz doxsan doqquz min) manat “Satıcıya” ödəmişdir. Bununla bağlı cavabdeh tərəfindən maliyyə arayışı verilmişdir. İddiaçı mənzilə dair xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarış almışdır. Həmin çıxarışa əsasən mənzilin ümumi sahəsi 151.7 m qeyd edilmişdir. Göründüyü kimi müqavilədə mənzilin qeyd edilən ümumi sahəsi (166.20 m ) ilə çıxarışda qeyd edilən sahə (151.7 m ) arasında kifayət qədər fərq vardır. Bu da onu göstərir ki, İddiaçı mövcud olmayan 14.5 m sahə üçün 34.810,15 (otuz dörd min səkkiz yüz on manat, on beş qəpik) manat artıq ödəmə etmişdir. Artıq ödənilən pulun qaytarılması ilə bağlı cavabdehin yuxarıda qeyd edilən hər üç ünvanına pretenziya məktubu göndərilmiş və artıq ödəmənin qaytarılması xahiş edilmişdir. Bununla bağlı cavabdehə ərizə (pretenziya) ilə müraciət olunsa da, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindəyik. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili bildirmişdir ki, mənzilin iddiaçı ilə bağlanmış müqavilədə qeyd olunan sahəsi ilə ekspert rəyində təsbit olunan sahəsi arasında 1.43 kv.metr ölçü fərqi var. Cavabdeh həmin fərqin dəyərinin iddiaçıya ödənilməsinə razıdır, lakin iddia tələbində göstərilən qalan məbləğin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 25 iyun 2020-ci il tarixli Cavabdeh MTK (satıcı) ilə İddiaçı (alıcı) arasında imzalanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-saqısına dair” Müqavilənin surətindən görünür ki, satıcı Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 1 girişinin, 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m-dən ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 kv.mnin qiyməti 2400,70 manat müəyyən edilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Maliyyə arayışında qeyd edilmişdir ki, Rzayev X2 rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 1 girişinin, 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m-dən ibarət mənzil hissəsinə görə 25 iyun 2020-ci il tarixdə şirkətin xəzinəsinə 399,000 azn ödəmişdir. Borcu tam ödənilərək bağlamış və şirkət qarşısında heç bir öhdəçiliyi qalmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 151,7 kv.metr təşkil edən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi ev 7, 9, 11, 13, 15, mənzil 1; yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi 7, M9, m1 xx.xx.2023- 1cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh MTK (satıcı) ilə İddiaçı (alıcı) arasında imzalanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısaqısına dair” Müqavilənin surətindən görünür ki, satıcı Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 1 girişinin, 9cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m-dən ibarət mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşdürlər. Müqavilənin şərtinə əsasən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 2400,70 manat müəyyən edilmişdir. Mənzilin dəyəri kimi 399,000 azn pul alıcı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verildiyini qeyd edir və mənzilin artıq kvadrat metrinə görə ödədiyi məbləğin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə bu halı müəyyən etmək üçün ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 yanvar 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi 7, M9, m1-in faktiki ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan və çöl divarlarının ortasından hesablanmaqla 164,77 kv.m, müvafiq azaltma əmsalları tətbiq olunmaqla və çöl divarlarının ortasından hesablanmaqla isə 159,17 kv.m olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqaviləyə konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyi və iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, tərəflər bağlamış olduqları müqavilə ilə razılaşdırmışdırlar ki, Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Belə ki, iddiaçı özü də müqaviləni bağlayarkən mənzilin ümumi sahəsinin çöl divarların ortasından hesablandığı haqqında məlumatlı olmuş və bu şərti qəbul edərək müqaviləni imzalamışdır. Ekspert rəyi ilə tərəflər arasında bağlanmış müqaviləni nəzərdən keçirərkən müəyyən olunur ki, çöl divarlarının ortasından hesablanmaqla sözügedən mənzilin ümumi sahəsi 164,77 kv.m olduğu halda cavabdeh tərəfindən iddiaçıdan 166,20 kv.m sahə üçün ödəniş alınmışdır. Bu konteksdən çıxış edən məhkəmə hesab edir ki, yalnız mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri kimi faktiki fərq olan 1.43 kv.m (166.20 kv.m – 164.77 kv.m) sahə üçün 3,433 manat (1.43 kv.m x 2400,70 manat) məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda tələbin hüquqi əsasına münasibətdə qeyd edir ki, iddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasının təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. AR Mülki Məcəlləsinin: 752.1-ci maddəsiə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərcləri hər iki tərəfə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3,433 (üç min dörd yüz otuz üç) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin 75 manat hissəsi İddiaçı 75 manat hissəsi isə cavabdeh vəsaiti Cavabdeh MTK-dan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənillsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-48/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-48/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver