Məhkəmə qərarları › İş №e-2(009)-498/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-498/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-498/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Əlı̇ zadə Zöhrab Rüstəm oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh Əlı̇ zadə Zöhrab Rüstəm oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3,686.00 (üç min altı yüz səksən altı) AZN əsas borc, 2,704.00 (iki min yeddi yüz dörd) manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 3068,87.00 (üç min altmış səkkiz manat səksən yeddi qəpik) manat və bazar və yürüşünə görə avtomobilin 11,760.00 (on bir min yeddi yüz altmış) manat dəyərdən düşməsi olmaqla ümumilikdə 21,218.87 (iyirmi bir min iki yüz on səkkiz manat səksən yeddi qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-073-SA-24 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Superb markalı, buraxılış ili 2023 olan (VİN:TMBAM8NP2P7031605), yürüşü 7402 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 110,580.00 (bir yüz on min beş yüz səksən) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1843.00 (bir min səkkiz yüz qırx üç) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra etməmiş, sonuncu gecikdirdiyi iki ayı xx.xx.2024-cü il tarixində ödədikdən sonra avtomobilin onun istifadəsində olduğu müddət üçün növbəti iki ayın (sentyabr və oktyabr ayları) ödənişini etməmiş, gecikmələr barədə əməkdaşları tərəfindən cavabdehlə şifahi danışıqlar aparıldıqdan və cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Öhdəliklərini icra etməməsi səbəbindən cavabdehə Skoda Superb markalı, 99AZ300 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xəbərdarlıq məktubundan sonra, nəqliyyat vasitəsi cavabdeh tərəfindən onlara geri qaytarılmışdır. Bununla əlaqədar tərəflər arasında xx.xx.2024-cü il tarixində təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh X3 müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə iki aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-073-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirilir ki, avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 3068,87.00 (üç min altmış səkkiz manat səksən yeddi qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Baxışın keçirilməsi vaxtı barədə tərəflərindən xx.xx.2024-cü il tarixində cavabdehə məlumat verilmiş və faktiki yaşadığı ünvana məktub göndərilmişdir. Eyni zamanda baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (29439 km) və bazar qiymətlərinə uyğun olaraq 15% dəyərdən düşmüşdür. Bu isə (29439 km – 7402 km) 11,760.00 (on bir min yeddi yüz altmış) manat təşkil edir. Dəyərdən düşməni sübut edən hal kimi əlavə olaraq təkrar satış müqaviləsi iddiaya əlavə edilir. Eyni zamanda cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan iki ayın (sentyabr və oktyabr) ödənilməmiş məbləği, yəni 3,686.00 (üç min altı yüz səksən altı) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 2,704.00 (iki min yeddi yüz dörd) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etməsi nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 21,218.87 (iyirmi bir min iki yüz on səkkiz manat səksən yeddi qəpik) manat miqdarında zərər və borc öhdəliyi yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli B-058-SA-24 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh Əlı̇ zadə Zöhrab Rüstəm oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı MMC ("Satıcı”) və Cavabdeh ("Alıcı”) arasında xx.xx.2024-cü il tarixdə “Avtomobil alqı-satqısı”na dair B-073-SA-24 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən dəyəri ƏDV daxil 110580 manat müəyyən edilən “Skoda Superb” modelli, buraxılış ili 2023 olan (VİN: TMBAM8NP2P7031605, qara metal rəng) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Cavabdeh avtomobilin dəyərini ilkin ödəniş etmədən, xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətində, ayda 1843 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - Texniki paportdan görünür ki, “Skoda Superb” modelli, VİN: TMBAM8NP2P7031605 avtonəqliyyat vasitəsinin mülkiyyətçisi xx.xx.2024-cü il tarixindən İddiaçı MMC-dir. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Skoda Superb” modelli, VİN: TMBAM8NP2P7031605 avtonəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. -Kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdə 1843 manat, xx.xx.2024-cü il tarixində müvafiq olaraq 3686 manat və 64 manat ödənilmişdir. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Skoda Superb” modelli, VİN: TMBAM8NP2P7031605 avtonəqliyyat vasitəsi İddiaçı MMC-yə təhvil verilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilə üzrə borcunu 5 gün ərzində ödəməzsə, məhkəməyə müraciət olunacaqdır. - xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə xəbərdarlıqdan görünür ki, Sizinlə (“Alıcı") və "xxxx" MMC ("Satıcı") arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B- 073-SA-24 saylı Müqavilə (bundan sonra "Müqavilə" adlandırılacaq) imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 110.580 (yüz on min beş yüz səksən) manat müəyyən edilən Skoda Superb, buraxılış ili 2023 olan (VİN: TMBAM8NP2P7031605, rəng: Qara metal) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 110.580 (yüz on min beş yüz səksən) manat məbləği xx.xx.2024 tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.843 (bir min səkkiz yüz qırx üç) manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdənizə götürmüşsünüz. Lakin, şifahi müraciətlərimizə baxmayaraq bu vaxta kimi tərəfinizdən heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəliklərinizi əhəmiyyətli dərəcədə pozmusunuz. Bildiririk ki, "xxxx" MMC-yə olan ümumilikdə xx.xx.2024 ci il tarixinə olan əsas borc 3 686 (üç min altı yüz səkkən altı) manat təşkil edir. 1430 (min dörd yüz otuz) manat məbləğində borcu 7 (yeddi) gün ərzində ödənilməsini təmin etməyinizlə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığımıza baxmayaraq tərəfinizdən heç bir addım atılmadığından sizinlə "xxxx" MMC ("Satıcı") arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-073-SA-24 Müqaviləyə tərəfimizdən xitam verilir. - X1 MMC-nin 13 may 2025-ci il tarixli 73 nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, iddiaçı "xxxx" MMC-yə məxus "Skoda Superb" markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "xxxx" MMC-nin qüsur aktında göstərilən zədələnmiş ehtiyyat hissələrinin və görülmüş işlərin ümumi dəyərinin (3068,87 manat) real bazar qiymətlərinə uyğun olduğu müəyyən edilir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-073-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Superb markalı, buraxılış ili 2023 olan (VİN:TMBAM8NP2P7031605), yürüşü 7402 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 110580 manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1843 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra etməmiş, sonuncu gecikdirdiyi iki ayı xx.xx.2024-cü il tarixində ödədikdən sonra avtomobilin onun istifadəsində olduğu müddət üçün növbəti iki ayın (sentyabr və oktyabr ayları) ödənişini etməmiş, gecikmələr barədə əməkdaşları tərəfindən cavabdehlə şifahi danışıqlar aparıldıqdan və cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Öhdəliklərini icra etməməsi səbəbindən cavabdehə Skoda Superb markalı, 99AZ300 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xəbərdarlıq məktubundan sonra, nəqliyyat vasitəsi cavabdeh tərəfindən onlara geri qaytarılmışdır. Bununla əlaqədar tərəflər arasında xx.xx.2024-cü il tarixində təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh X3 müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə iki aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-073-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 3068,87 manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə zərər dəymişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 28. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. -351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. -351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. -351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. -386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. -394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. -399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. - 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. -421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; -421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. -423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. -425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. -747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. -748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. -748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. -748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə notarial qaydada təsdiqlənməmişdir – bu isə o deməkdir ki, əslində həmin müqaviləni etibarlı alqısatqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, “Skoda Superb” modelli, buraxılış ili 2023 olan (VİN: TMBAM8NP2P7031605, qara metal rəng) avtonəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il tarixli B-073-SA-24 saylı müqaviləni imzaladıqlarını (bağladıqlarını) təsdiq edirlər və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilərək onun tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində müqavilə üzrə ödənişlər həyata keçirilmişdir. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan məhkəmənin qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsa idi, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Məhkəmə hesab edir ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqısatqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bu mənada məhkəmənin hesab edir ki, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh, müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu kontekstdə məhkəmənin qənaətinə görə iddiaçının iddia tələbi qismən əsaslı hesab olunmalı, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər (2 ay) ödəməli olduğu ödənişlər, yəni cəmi 3686 (1843 x 2 ay) manat ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “2704 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilədən irəli gələn 3686 manat əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 2704 manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş X1 MMC-nin 13 may 2025-ci il tarixli 73 nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, iddiaçı "xxxx" MMC-yə məxus "Skoda Superb" markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "xxxx" MMC-nin qüsur aktında göstərilən zədələnmiş ehtiyyat hissələrinin və görülmüş işlərin ümumi dəyərinin (3068,87 manat) real bazar qiymətlərinə uyğun olduğu müəyyən edilir. Məhkəmə qeyd edilən mütəxəssis rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, mütəxəssis rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə mütəxəssis rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan “Skoda Superb” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən zərər vurulması qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı MMC-nin xeyrinə mütəxəssis rəyi ilə müəyyən edilmiş 3068,87 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə, iddia tələbinin “avtomobilin dəyərdən düşməsinə görə 11760 manat ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddian bu hissədə kifayət qədər əsaslandırılmamışdır, məhkəmə tərəfindən isə iddianın bu hissədə təmin edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən edilməmişdir. Odur ki, məhkəmə həmin hissədə iddianın təmin edilməsini mümkün hesab etmir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3686 (üç min altı yüz səksən altı) manat əsas borc, 200 (iki yüz) manat cərimə, avtomobilin təmir xərci olaraq 3068,87 (üç min altmış səkkiz manat səksən yeddi qəpik) manat, cəmi 6954,87 (altı min doqquz yüz əlli dörd manat səksən yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 89,55 (səksən doqquz manat əlli beş qəpik) manat hissəsi tutulmalı, iddia qalan hissədə təmin edilməməli, X1 MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat iddiaçı tərəfindən Mərkəzin hesabına ödənildiyindən (qəbz mövcuddur) 100 (bir yüz) manat hissəsi cavabdeh Əlı̇ zadə Zöhrab Rüstəm oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi və mütəxəssis rəyinin alınması üçün çəkilən xərcin 100 (bir yüz) manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3686 (üç min altı yüz səksən altı) manat əsas borc, 200 (iki yüz) manat cərimə, avtomobilin təmir xərci 3068,87 (üç min altmış səkkiz manat səksən yeddi qəpik) manat, cəmi 6954,87 (altı min doqquz yüz əlli dörd manat səksən yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 89,55 (səksən doqquz manat əlli beş qəpik) manat hissəsi tutulsun. İddia qalan hissədə təmin edilməsin. X1 MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manat hissəsi cavabdeh Əlı̇ zadə Zöhrab Rüstəm oğlundan tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar