Məhkəmə qərarları › İş №e-2(009)-524/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-524/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-524/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, “0355 nömrəli mebel” və “Hoffmann” kondisioner almış və nəticədə 2247 manat manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 1382 (bir min yüz səksən iki manat) manat (20 ay x 69.1 manat + 0 manat ilkin ödəniş) 0355 nömrəli mebel üçün ümumilikdə, 1180 (bir min yüz səksən) manat olmaqla, ondan 1073 (bir min yetmiş üç manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (yüz yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1406,4 (bir min dörd yüz altı manat) manat (24 ay x 58,6 manat + 0 manat ilkin ödəniş) “Hoffmann” kondisioner üçün ümumilikdə 1067 (bir min altımış yeddi) manat olmaqla, ondan 970 (doqquz yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 97 (doxsan yeddi) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin müqavilə üzrə cəmi ödədiyi məbləğ 745,4 (yeddi yüz qırx beş manat qırx qəpik) təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixi xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “0355 nömrəli mebel” üçün 1073 manat əsas borc, 107 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hoffman” kondisioner üçün 970 manat əsas borc, 97 manat cərimə, ümumilikdə 2247 manat borc, 42,47 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “0355 nömrəli mebel” 20 ay müddətinə ödənilmək şərti ilə (ayda 69,1 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1382 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Hoffmann” kondisioner 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 58,6 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1406,4 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1073 manat əsas, 107 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 970 manat əsas, 97 manat cərimə, cəmi 2247 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1382 manat olan “0355 nömrəli” mebel və “Hoffmann” markalı kondisionerin alqı-satqı qiyməti 1406,4 manat olan pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış “0355 nömrəli” mebel və “Hoffmann” markalı kondisioner Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2021ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1073 manat əsas borc, 107 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 970 manat əsas borc, 97 manat cərimə, cəmi 2247 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 23173192 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə yaranmış 1073 manat əsas borc, 107 manat cərimə, xx.xx.2021-ci il tarixli 23173295 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə yaranmış 970 manat əsas borc, 97 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,47 manat, cəmi 2289,47 (iki min iki yüz səksən doqquz manat qırx yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar