Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-539/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, cavabdehin Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta müqaviləsi üzrə pul tələbi” nə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: Təsviri hissə: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən sığorta şəhadətnaməsinə əsasən **-UD-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı nəqliyyat vasitəsinə dəymiş 9100 (doqquz min yüz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında Cavabdeh Sığorta Şirkəti ASC ilə müqavilə bağlayaraq, ona məxsus 2007-ci il buraxılışlı “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam olaraq sığortalayaraq, tərəfindən 635 (altı yüz otuz beş) manat məbləğində sığorta haqqı pulu ödəmişdir. 20 fevral 2022-ci il tarixdə “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol qəzası törədilərək, həmin nəqliyyat vasitəsi yararsız vəziyyətə düşmüşdür. Qəza törədilən zaman nəqliyyat vasitəsini etibarnamə əsasında X9 idarə etmişdir. Yol qəzası ağır olduğu üçün və nəqliyyat vasitəsi tam yararsız vəziyyətdə olduğu üçün iş üzrə araşdırmanın aparılması Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Hadisədən sonra cavabdeh müxtəlif bəhanələrlə sığorta pulunun verilməsindən imtina edir. İmtinaya əsas nəqliyyatı idarə edən şəxs qanunvericiliyə zidd olaraq, narkotik və psixotrop vasitələrin təsirində olmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxsin üzərində polis əməkdaşları tərəfindən narkotik vasitə tapılsada, lakin nəqliyyat vasitəsini idarə etdiyi zaman həmin şəxsin qanında narkotik və psixotrop vasitələr aşkar olunmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə etiraz edir. Baş verən hadisəni sığorta hadisəsi kimi qiymətləndirmirlər. Burda məbləğ mübahisəsi getmir, əsas məsələ burda avtomobili idarə edənin narkotik maddənin təsiri altında olması və bu hadisəni törətməsidir. Qanuna əsasən avtomobili idarə edənin narkotik maddənin təsiri altında qəzanı törətməsi hadisəsi sığorta təminatına daxil edilmir. Xəzər TV-də bu barədə video buraxılışda şəxs özü narkotik vasitənin təsiri altında olmasını etiraf etmiş, bu səbəbdən də qəza törətmişdir. Onun üzərindən heroin aşkar olunaraq götürülmüşdür. Onun barəsində ittiham aktı mövcuddur. Suraxanı Rayon Məhkəməsində cinayət işinə baxılır, nəticəsi barədə məlumatı yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi”nə əsasən, İddiaçı məxsus Toyota Prius markalı, **-UD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, avtonəqliyyat vasitəsinə vurulan zərərə görə 13 000 AZN məbləğində sığortalanmışdır. Sığorta haqqı olaraq İddiaçı 635 AZN ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ƏN-Vİ № 008389 saylı xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən İddiaçı ona məxsus olan Toyota Prius markalı, **-UD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün X6 etibar etmişdir. İş materiallarında olan X4 Bakı şəhəri Suraxanı RPİ-də verdiyi izahata əsasən o, xx.xx.2022-ci il tarixində idarə etdiyi avtomobil ilə Suraxanı rayonu Dədə Qorqud qəsəbəsə istiqamətindən Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətində saatda təxminən 90 km sürətlə hərəkət etdiyi zaman yolu bilmədiyi üçün idarə etməni itirib və idarə etdiyi avtomobil sola istiqamətlənərək çınqıllı yola çıxmış və dəmir boruya dəymişdir. X9 verdiyi izahatda avtomobili idarə edərkən spirtli içki qəbul etmədiyini qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dair 220100160№ cinayət işi üzrə ittiham aktına əsasən X9 narkotik vasitənin təsiri altında qəza törətməsində şübhəli olmasına görə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və PŞ-nin inzibati binasında üstündə axtarış aparılan zaman üzərindən 02 ədəd bükümdə ayrı –ayrılıqda təmiz çəkiləri 0,243 qram, 0,185 qram və ümümi təmiz çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 verdiyi rəyə görə, müayinə zamanı X5 opioidlərin qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. İş materiallarında olan Cavabdeh ASC-nin nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatına əsasən Toyota Prius markalı, **-UD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dəymiş zərər 2690 AZN məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən 2007-ci il buraxılışlı “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam olaraq sığortalanmışdır. 20 fevral 2022-ci il tarixdə “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol qəzası törədilmişdir. Qəza törədilən zaman nəqliyyat vasitəsini etibarnamə əsasında X9 idarə etmişdir. İddiaçı **-UD-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı nəqliyyat vasitəsinə dəymiş 9100 (doqquz min yüz) manat məbləğində maddi ziyanın tutulmasını tələb edir. Cavabdeh isə nəqliyyat vasitəsini idarə edən şəxsin narkotik maddənin təsiri altında hadisəni törətdiyindən baş verən hadisəni sığorta hadisəsi kimi qiymətləndirmir. Məhkəmə qeyd edir ki, hadisə törədilən zaman hadisəni törətmiş şəxsin bədənindən ifrazat nümünələri götürülərək ekspertizası keçirilməmişdir. Şəxsin ümumi narkomaniya xəstəliyindən əziyyət çəkməsi isə onun hadisəni narkotik vasitələrin təsiri altında hadisəni törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, iş materiallarında şəxsin etirafından başqa, hadisəni onun tərəfindən narkotik və ya psixotrop maddələrin təsiri altında törədilməsini təsdiq edən digər sübutlar aşkar edilmədiyindən və qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığından şəxsin hadisəni narkotik və ya psixotrop maddələrin təsiri altında əməli törətməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyası”nın 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Heç kəs İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və iddiaçı maddi zərər çəkdiyindən iddia ərizəsi qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən zərərin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, iddiaçının idarə etdiyi “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 2290 manat müəyyən olunmuşdur. (ekspertizanın dəyəri 50 manat). (ekspertizanın dəyəri 50 manat). Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə müəyyən olunur ki, iddiaçının avtomobilinə 2290 manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi”nin şərtlərinə əsasən, nəqliyyat vasitəsi avtonəqliyyat hadisəsi törədərsə hadisələrdən sığorta təminatı verilir. Beləliklə, tərəflər arasında sığorta müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Sığorta hadisəsi – yol-nəqliyyat hadisəsi nəticəsində sığortalıya zərər dəydiyindən sığortaçı sığorta ödənişini vermək öhdəliyi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 927.1 və 927.2-ci maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi, sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası, sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2290 manat zərər dəydiyindən, sığorta şəhadətnaməsində sığorta məbləği 13000 manat müəyyən olunduğundan, bundan əlavə sığorta şəhadətnaməsində hər bir hadisə üzrə 230 manat şərtsiz azadolma məbləği müəyyən olunduğundan, iddia ərizəsi qismən təmin olunmalı, 2060 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 1000 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 111 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia tələbi qismən edildiyindən iddiaçı tərəfindən ödənilmiş 111 manat dövlət rüsumunun 40.6 manatı cavabdehə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, keçirilmiş məhkəmə- əmtəəşünaslıq ekspertizası xərci -50 (əlli) manatın 10 (on) manatı İddiaçı, 40 (qırx) manatı isə Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, 142595 büdcə təsnifatının kodu) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 2060 (iki min altmış) manat tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 111 (bir yüz on bir) manat dövlət rüsumunun 40.6 (qırx manat, altmış qəpik) manatı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcləri -50 (əlli) manatın 10 (on) manatı İddiaçı, 40 (qırx) manatı isə Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, 142595 büdcə təsnifatının kodu) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-539/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-539/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver