Məhkəmə qərarları › İş №e-2(009)-54/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-54/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-54/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “dəymiş ziyanla bağlı sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalanmış əmlaka dəymiş ziyanın əvəzi olaraq 59 400 manat sığorta məbləği, 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət haqqı və 275 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin sığortalanması ilə bağlı cavabdeh tərəfindən dəyərləndirilmiş və 60.000 manat məbləğ hissəsində sığortalanması cavabdeh Atəşgah Sığorta Şirkəti ilə aralarında razılaşdırılmışdır. Əmlakın həmin məbləğdə sığortalanması ilə bağlı cavabdeh ilə əmlakın könüllü və icbarı sığortalanması barədə iki müqavilə razılaşması olmuşdur. Müvafiq olaraq xx.xx.2022-ci il tarixdə bağlanmış Əmlak sığortalanması barədə müqavilə, xx.xx.2022-ci il tarixində isə Daşınmaz əmlakın icbari sığortalanması şəhadətnaməsi verilmişdir. Əmlakın sığortalanması şəhadətnaməsinə əsasən evin siğorta məbləği 45.000 manat, Daşınmaz əmlakın icbarı sığortalanması şəhadətnaməsinə əsasən 15.000 manat, cəmi 60.000 manat müəyyən edilmiş və buna uyğun müəyyən edilmiş sığorta haqqları vaxtında tərəfindən tam şəkildə ödənilmişdir. Sığorta müddətində baş vermiş təbii fəlakət (torpaq sürüşmə-çökmə prosesi) nəticəsində ev yararsız vəziyyətə düşmüşdür. Təbii fəlakətin nəticəsi yalnız evin yararsız vəziyyətə düşməsi deyil, torpaq sahəsinin sürüşməsi və çökməsidir. Evin yerləşdiyi ərazi və evin bərpası mümkünlüyünü təhqiq etmiş və bununla bağlı bir sıra rəylər mövcuddur. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 KLİ tərəfindən xx.xx.2023-cü il tarixində təsdiqlənmiş Texniki rəyin nəticəsinə əsasən: “Fərdi yaşayış evi texniki vəziyyəti qəzalıdır, istismara yol verilməzdir, binanın qəzalı vəziyyətə düşməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 arayışında göstərildiyi kimi sürüşmə-çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir”. Göründüyü kimi təbii fəlakətdən sonra yaranmış vəziyyətdə evin təmir edilməsi və ya yenidən bərpası yol verilməzdir. Çünki torpaq sürüşməsi nəticəsində evin yerləşdiyi ərazinin özü tikinti üçün qəzalı vəziyyətə düşmüşdür. Yaşayış evi daşınmaz əmlak olduğundan, başqa yerə daşınmasının da mümkün olmadığı bəllidir. Yəni sığortalanmış əmlak tam şəkildə məhv olunmuş və buna səbəb torpaq sürüşməsi təbii fəlakət olmuşdur. Əmlak sığortalanması şəhadətnaməsinin razılaşdırılmış şərtlərinə əsasən torpaq şürüsməsi sığorta risklərinə daxildir. Razılaşmaya görə belə hallarda şərtsiz azad olma sığorta məbləğinin 1%, icbarı sığortada isə 150 manat həcmində müəyyən edilmişdir. Əmlak tam şəkildə məhv olunduğundan, sığorta məbləgindən 1%, yəni 450 manat və 150 manat çıxmaqla yerdə qalan 59.400 manat məbləğin ona ödənilməsini təmin etmək cavabdehin birbaşa öhdəliyidir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləğin yerinə, ona evin təmir edilməsi üçün məbləğ hesablanıb verilməsini təklif etmişdir. Bu isə məntiqə uyğun deyildir. Çünki evin yerləşdiyi ərazinin özü təhlükəlidir. Orada tikintinin aparılması və ya evin təmir edilməsi imkansız olduğu aşkar haldır. Bununla da cavabdeh dolayısı ilə öhdəliyini yerinə yetirməkdən yayınır. Ona görə də, qeyd olunan sığorta məbləği olaraq 59.400 manat cavabdehdən tam şəkildə xeyrinə tələb olunmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş materiallarından görünür ki, daşınmaz əmlakın icbari sığortası üzrə Şamaxı şəhəri, Ərçiman kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi RAT********** saylı sığorta şəhadətnaməsinə əsasən 11 mart 2022-ci il tarixindən 10 mart 2023-cü il tarixədək Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İddiaçı sığorta şəhadətnaməsinin qüvvədən düşməsinə 1 aydan az müddət qalmış, 24 fevral 2023-cü il tarixində sığortaçıya ərizə ilə müraciət edərək yaşayış evində yaranan çatlar nəticəsində yaşayış evinə zərər dəyməsi ilə bağlı məlumat vermiş və hadisənin səbəbi kimi sürüşmə-çökmə prosesini göstərilmişdir. Yaşayış evinə və onun yerləşdiyi əraziyə şirkətin nümayəndələri tərəfindən baxış keçirilərkən tikilidə çatların olması, həmin çatların müxtəlif vaxtlarda, müxtəlif vasitələrlə qapadılması üçün suvaq işlərinin aparıldığı müəyyən edilmişdir. Bu isə hadisənin anidən və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2022-xx.xx.2024-cü il tarixlərində baş vermədiyini, davam edən, uzunmüddətli prosesin nəticəsi olmasını söyləməyə əsas verir. Tərəflərindən fərdi yaşayış sahəsinin yerləşdiyi ərazidə sürüşmə-çökmə prosesinin hansı vaxtdan başlaması ilə bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 ünvanlanmış sorğuya cavab olaraq, həmin orqan tərəfindən verilən arayışda bildirilib ki: “Şamaxı rayon, Ərçiman kəndi ərazisində yerləşən fərdi tikilinin olduğu ərazidə geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyil. 2014-cü il tarixində tərtib edilmiş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonun Ərçiman kəndi daxil edilməmişdir”. Həmçinin arayışda qeyd olunur ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxanda qeyd olunanlar onu deməyə əsas verir ki, fərdi yaşayış evində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir. İddia ərizəsində belə iddiaçı bu hadisənin nə vaxt baş verdiyini qeyd etməmiş, sadəcə “sığorta müddəti ərzində baş verən hadisə" kimi ifadə etmişdir. İcbari sığortalar haqqında” Qanunun sığortalının vəzifələrinin qeyd olunduğu maddənin 22.2.2-ci bəndində, “sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək” vəzifəsi göstərilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 13.1-ci maddəsinə görə, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən hadisələr və hallardır. Mülki Məcəllənin 922.3-cü maddəsinə görə, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Yuxarıda qeyd olunan maddənin tələbindən də görünür ki, hadisənin sığorta hadisəsi hesab edilməsi üçün onun anidən baş verməsi, təsadüfilik əlamətlərinə malik olması vacibdir. Həmin ərazidə torpaq sürüşməsi illərlə davam etmiş, təsadüfi olmamış və anidən, yəni sığorta müqaviləsi qüvvədə olan zaman yaranmamışdır. Əlavə toplanmış materiallardan aydın olmuşdur ki, əmlakın sığortalanması üçün sığorta şirkətinə müraciət İddiaçı həyat yoldaşı Vasif Müslümov tərəfindən edilmişdir. Qeydə alınmış telefon və “WhatsApp” danışıqlarından aydın olur ki, V.Müslümov əmlakın məhz sürüşmə-çökmə hallarından sığorta etdirilməsində maraqlı olmuş, məhz sürüşmə-çökmə halının baş verdiyi zaman təminatın və ödənişin verilməsi ilə maraqlanmışdır. Eyni zamanda o, əmlakda heç bir problem olmamasını dəfələrlə vurğulamaqla şirkətin işçisində əmlakın salamatlığı barədə təsəvvür yaratmışdır. Halbuki 03 iyun 2024-cü il tarixli müstəqil ekspert rəyində göstərilir ki, “Şamaxı rayonu Ərçiman kəndi torpaq sürüşməsi (2014-cü ildə tərtib olunmuş ”Respublika ərazisində təhlükəli sürüşmə sahələri”) albomuna daxil edilməsə də, təbii (çökmə suxurlar və çay sahili) və texnogen amillərin təsirindən cüzi sürüşmə və çökmə mütəmadi olduğundan və hal hazırda da davam etdiyindən belə qənaətə gəlmək olur ki, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır." Yuxarıda qeyd edilənlər barədə müstəqil ekspert əmlaka baxış keçirərkən V.Müslümova bunu bildirmişdir. O isə bu faktları inkar etməyərək “əmlaka baxış keçirib sonra sığortalayardılar” deməklə kifayətlənmişdir. Əmlaka baxış keçirmək sığorta şirkətinin hüququdur və bu hüquqdan nə zaman istifadə edilməsini sığortaçı müəyyən edir. Baxılan halda iddiaçı qanunvericiliklə müəyyən edilmiş imperativ vəzifəsini icra etməmiş və əmlakda əvvəlcədən mövcud olan zədələr barədə məlumatı gizlətmiş, sığorta müqaviləsi bağlayarkən isə qəsdən yanlış məlumat vermişdir. İddia ərizəsindən görünür ki, idddiaçı ilə sığortaçı arasında könüllü əmlak sığortası müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilənin şərtləri, eləcə də müqavilənin ayrılmaz hissəsi olan “Əmlakın yanğından və digər risklərdən sığortası qaydaları”ilə tanış edilmişdir. Adı çəkilən qaydaların 11.1.8.1 bəndinə görə “Torpaq sürüşməsi”- daş və ya torpaq yığıntısının ağırlığının təsiri altında torpağın meylli olduğu istiqamətdə üzüaşağı sürətlə yerdəyişməsidir. “Torpaq sürüşməsi”nə verilən anlayışdan aydın olur kı, bu hadisə “daş və ya torpaq yığıntısının ağırlığının təsiri altında torpağın meyilli olduğu istiqamətdə üzüaşağı sürətlə yerdəyişməsidir”. Məhkəmənin diqqətinə çatdırır ki, “torpaq sürüşməsi” anidən və torpağın sürətlə yerdəyişməsi nəticəsində baş verir və bır qayda olaraq əmlakın, yol infrastrukturunun tam məhv olması ilə nəticələnir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 xx.xx.2014-cü il tarixli arayışında göstərilib ki, 2014-cü ildə tərtib olunmuş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonun Ərçiman kəndi daxıl edilməmişdir. Deməli, iddiaçının qeyd etdiyi hadisə təbii fəlakət hesab edilən “torpaq sürüşməsi" riski ilə əhatə oiunmur. Məhkəmənin diqqətinə çatdırır ki, adı çəkilən qaydaların 11.8.2.2 bəndinin “b” və “c” yarımbəndlərinə əsasən tökmə süxurların çökməsi və ya yerdəyişməsi, sahilin və ya çay yatağının yuyulması nəticəsində yaranan zərərlərin əvəzi ödənilmir. Belə ki, iş materiallarından da görünür ki, əmlak Pirsaat çayının sahilində yamacda yerləşmiş və mütəmadi olaraq çay yatağının yuyulması baş vermişdir, ərazi isə çökmə süxurlardan (elüvial-delüvial və koliüvial mənşəli çöküntülər) təşkil edilmişdir. Məhz qeyd edilən təbii proseslərin mütəmadi təsirləri əmlakda zərərin yaranmasında səbəb olmuşdur. Burada anidən baş vermiş “Torpaq sürüşməsi” olmamışdır. İddiaçı hadisə yerinə ezam olunmuş qəza komissarına verdiyi video müsahibədə hadisənin 2023-cü ilin fevralında baş verdiyini və nəticədə əmlakın divarlarında çatların əmələ gəldiyini qeyd etmişdir. Lakin Şamaxı rayonu Ərçiman kəndi ərazisində məhz 2023-cü ilin fevral ayında torpaq sürüşməsi olması sübut olunmur. Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 təqdim etdiy 15 mart 2024-cü il tarixli arayışında göstərilib ki, 2014-cü iıdə tərtıo olunmuş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonunun Ərçiman kəndi daxil edilməmişdir. İddiaçı ərizəsində “Təbii fəlakət” baş verməsinə qeyd etsə də, həmin hadisə müvafiq dövlət qurumunda qeydə alınmamışdır. İddiaçının sübut kimi təqdim etdiyi “Azkommunlayihə” KLİ-nin texniki rəyində və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 arayışında sadəcə olaraq sürüşmə-çökmə prosesinin baş verməsi nəticəsində əmlakda çatların əmələ gəldiyini qeyd edilmişdir. Lakin həmin çatların nə zaman və ya hansı zaman kəsiyində yaranması müəyyən edilməyib. Fərdi yaşayış evinin daxilində xx.xx.2023-cü İİ tarixində aparılmış foto və video çəkilişlərə baxdıqda evin daxili divarlarında nəmişlik nəticəsində boya qatının tökülməsi, evin müxtəlif hissələrin çatların yaranması, çiy kərpicdən düzəldilmiş arka hissəsinin qismən dağıiması, bəzi hissələrdə isə suvaq işləri, arakəsmələrin betonla möhkəmləndirilməsi müşahidə edilmişdir. Lakin foto və video görüntülərdə olan zədələrin xarakterinə uyğun olaraq onların yeni (3-4) gün ərzində yaranan zərər olması müşahidə edilməmişdir. Belə ki, çat və dağılmalar olan hissələrin heç birində evdə müşahidə olunmuş zədələr nəticəsində yaranmış qırıntılara, dağılmış, tökülmüş kərpic, beton qırıntıları aparılması müşahidə edilməmişdir. Buradan belə məntiqi nəticə çıxa bilər ki, ya hadisədən sonra evdə təmizlik işi aparılıb, yaxud hadisə iddiaçının qeyd etdiyi tarixdə deyil, başqa tarixdə baş veribdir. Nəzərə alınsa ki, hadisənin baş verdiyi iddia olunan tarixdə iddiaçı həmin ünvanda yaşamamışdır, o zaman orada təmizlik işlərinin aparılması da istisna olunur. Bu isə zərərlərin başqa vaxtda və ya vaxtlarda tədricən baş verdiyi barədə müstəqil ekspertin nəticəsini təsdiq edir, iddiaçı isə həmin hadisələr barədə xəbərdar olsa da, Sığortaçıya bununla bağlı məlumat verməmiş, zədələnmiş əmlakın olduğu vəziyyətdə saxlanması, zərərin qarşısının alınması ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmişdir. İşə əlavə edilmiş müstəqil ekspert rəyindən görünür ki, əmlakda zərərin yaranması ilə bağlı təsirlər əmlak tikildiyi andan yaranmış, yaxud baş verməsi zəruri, labüd olmuşdur. Göründüyü kimi, sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. AR Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institunun mahiyyətinə və təyinatına uyğun deyildir. İddiaçı ərizəsində cavabdehdən 59400 manat sığorta məbləği, 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət və 275 manat ödənilmiş rüsumu tələb edir. 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət haqının ödənilməsi barədə sübut məhkəmə informasiya sistemində mövcud olmadığı üçün həmin xərclər sübut edilmir. 59400 manat sığorta məbləğinin tələb edilməsinin isə heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şamaxı şəhəri, Ərçiman kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi icbari və könüllü əmlak sığortası üzrə sığortalanmışdır. İcbari sığorta üzrə sığorta məbləği 15000 manat, Könüllü əmlak sığortası müqaviləsində isə 45000 manat müəyyən edilmişdir. Əmlaka dəyən zərər bərpa dəyəri ilə müəyyən edilməlidir. İddiaçının ərizəsində göstərdiyi 59400 manat bərpa dəyəri ilə bağlı qanunvericiliyin və müqavilə şərtlərinin tələblərinə uyğun deyil və tələb olunan məbləğ heç bir hüquqi və faktiki əsasa söykənmir. Yuxarıda göstərilənləri ümumiləşdirərək bildirir ki, iddiaçıya məxsus əmlakda sürüşmə və şökmə mütəmadi olduğundan və hal hazırda da davametdiyindən belə qənaətə gəlmək olur ki, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır. Sığortalı isə bu halları bildiyi halda sığorta şirkətinə məlumat vermək vəzifəsini icra etməmiş, sığorta şirkətinə əmlakda heç bir zərər olmaması barədə yanlış məlumat vermişdir. Daşınmaz əmlakın yerləşdiyi ərazi “Respublika ərasizində təhlükəli sürüşmə sahələri” albomuna daxil edilməmişdir, zərər çökmə süxurlardan təşkil edilmiş torpaq qatının çökməsi, çayyatağının yuyulması prosesləri nəticəsində yaranmışdır ki, bu da sığorta təminatı ilə əhatə olunmur. ”Təbii fəlakət” baş verməsi faktı sübut olunmur. Sığortalı zərər dəymiş əmlakın hadisədən əvvəlki vəziyyətdə saxlanması və zərərin qarşısının alınması ilə bağlı vəzifələrini icra etməmişdir. 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət haqqının ödənilməsi barədə sübut məhkəmə informasiya sistemində mövcud olmadığı üçün həmin xərclərin tələb edilməsi əsassızdır. Əmlaka dəymiş zərərə görə 59400 manatın tələb edilməsinin heç bir hüquqi və faktiki əsası yoxdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qqəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Ağentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2023-cü il tarixli Texniki rəyindən görünür ki, fərdi yaşayış evin texniki vəziyyəti qəzalıdı, istismarı yol verilməzdir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 arayışında göstərildiyi kimi sürüşməçökmə prosesinin baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Şamaxı rayonunun Ərçiman kənd ərazisinin mühəndisi-geoloji şəraiti haqqında 16 mart 2023-cü il tarixli Arayışından görünür ki, vətəndaş X9 tərəfindən daxil olmuş 01 mart 2023-cü il və 28 fevral 2023-cü il tarixli müraciətlərə əsasən X3 mütəxəssisi Elxan Eminov 16 mart 2023cü il tarixində Şamaxı rayonu, Ərçiman kəndi ərazisinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Şamaxı-Qobustan sinklinoriumunun hüdudlarında yerləşən kənd ərazisinin geoloji quruluşunda Paleogen yaşlı Maykop lay dəstəsinin süxur kompleksi iştirak edir. Bu süxurlar baxış keçirilən ərazidə Holosen yaşlı elüvial-delüvial və kollüvial mənşəli çöküntülərlə örtülmüşdür. Maykop lay dəstəsinin (P3+N11) süxurları tədqiqat ərazisində litoloji cəhətcə içərisində gips qırıntıları saxlayan gilli şistlər, qumdaşı, əhəngdaşı, mergel laycıqları olan gillərdən ibarətdirlər. Kəsilişdə gillər üstünlük təşkil edir və ümumi qalınlığı 500 m-dən çoxdur. Holosen yaşlı elüvial-delüvial mənşəli çöküntülərin (edQ4Yhz) tərkibi az miqdarda (10-15%-ə qədər) çaqıl-çınqıl qarışığı olan sarımtıl-boz rəngli yarımbərk konsistensiyalı ağır gilcələrdən və gillərdən ibarətdir. Ərçiman kəndi rayon mərkəzindən 30-32 km şərqdə, Pirsaat çayın sahilində, mailliyi 12-15° olan ərazidə (40°47'4", 49°37'0l" koordinatlarında) yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, X6 məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndisi-geoloji şəraitlə səciyyələnən kənd ərazisində mailli yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşmə-çökmə prosesinin baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4,4-11,5 sm) müşahidə edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Şamaxı rayonu, Ərçiman kəndində yerləşən ümumi sahəsi 128,90 kv..m. fərdi yaşayış evi və 0.189967 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsi”ndən görünür ki, İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh Sığorta Şirkəti tərəfindən 15000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan “Əmlak sığortası Şəhadətnaməsi”ndən görünür ki, İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh Sığorta Şirkəti tərəfindən 45000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, Q-A-2023-0731 nömrəli məktubdan görünür ki, sığortalının xx.xx.2023-cü il tarixli müraciəti ilə bağlı sığorta şirkəti tərəfindən araşdırma aparılmış və onun əmlakına dəymiş zərər 3000 AZN qiymətləndirilmişdir. Lakin o, sığorta şirkətinin müəyyən etdiyi zərər məbləği ilə razılaşmamışdır. Mülki Məcəllənin 925.3-cü və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, onun 10 may 2023-cü il tarixli razılıq ərizəsinə əsasən Şamaxı şəhəri, Ərimçan kəndində yerləşən daşınmaz əmlaka dəymiş zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil edilmiş və zərər məbləği 5019 manat qiymətləndirilmişdir. Lakin onun xx.xx.2023-cü il tarixli müraciətindən məlum olur ki, o, müstəqil ekspert tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etmir. Mülki Məcəllənin 925-1.4-cü maddəsinə görə, müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə, həmin Məcəllənin 925-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Mülki Məcəllənin 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert üç ekspertin sırasından seçilərək sığortaçı tərəfindən təyin edilir. Həmin Məcəlləninn 925-1.6.2 maddəsinə görə müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə zərərin qiymətləndirilməsinə çəkilən xərc qiymətləndirməni tələb edən şəxs tərəfindən ödənilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, sığortalının tələbi ilə təkrar qiymətləndirmə aparıldığı halda müstəqil ekspert üç ekspertin sırasından seçilərək sığortaçı tərəfindən təyin ediləcək və bu zaman zərərin qiymətləndirilməsi ilə bağlı xərclər onun tərəfdən ödəniləcəkdir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, Q-AP-2023-0518 nömrəli məktubdan görünür ki, sığortalıya məxsus olan əmlaka dəymiş zərər Şirkətin mütəxəssisləri tərəfindən araşdırılmış və zərər məbləği 3000 AZN müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının İcbari Sığorta haqqında Qanunun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən sığortaçının sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq hüququ vardır. Şirkət tərəfindən müəyyən edilən qiymətlə razı olmadığından, ona təklif edilən müstəqil ekspertlərin siyahısına əlavələr edilərək onlar tərəfindən əmlakına dəymiş zərərin Qiymətləndirilməsi təklif edilir. Sığortalıya təklif edilir ki, o, təklif edilən müstəqil ekspertlərin siyahısından seçim edərək əmlakına dəymiş zərər qiymətləndirildikdən sonra ona sığorta ödənişi həyata keçiriləcək. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, Q-AP-2024-0211 nömrəli məktubdan görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAT********** sığorta şəhadətnaməsi əsasında sığortalanmış Şamaxı rayonu, Ərçiman kəndində yerləşən əmlakına dəymiş zərər ilə bağlı müraciəətdən məlum olmuşdur ki, sürüşmə nəticəsində əmlakda müxtəlif zəədələr əmələ gəlmişdir. Şirkət tərəfindən aparılan araşdırma zamanı əmlaka zərər vurulması faktı aşkar edilməmişdir. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 tərəfindən xx.xx.2024-cü il tarixli, 3-14-18/2-046/2024 saylı arayışa əsasən məlum olmuşdur ki, Şamaxı rayonu, Ərçiman kənd ərazisində ekzogen geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişindən imtina əsası kimi çıxış edir. Beləliklə, sığortalı əmlaka zərər vurulması faktı müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişi etmək öhdəliyi yaranmadığından sığorta ödənişinin ödənilməsindən imtina edir. İş materiallarında olan müstəqil ekspert Əhməd Talıblının xx.xx.2024-cü il tarixli, FŞ 0306 nömrəli rəyindən görünür ki, Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinə baxış zamanı məlum oldu ki, tədqiq olunan əmlak iki mərtəbədən ibarət, mişar daşı ilə tikilmiş fərdi yaşayış sahəsidir. Əmlak Pirsaat çayının sahilində maili yamacda yerləşir. Müşahidə zamanı divarlarda çatlar və aralanmaların olduğunu müəyyən etdi. Hidroloji və mühəndis-geoloji araşdırmalarına istinadən aralanmaların, çatların artma və böyümə dinamikası atmosfer çöküntülərinin intensivliyindən, ərazinin relyefindən, qeoloji qurluşundan və texnogen amillərdən əmələ gəlməsi mümkündür. Ərazi yaşlı elüvial-delüvial və kollüvial mənşəli çöküntülərlə örtülmüşdür. Şamaxı rayonu Ərçiman kəndi torpaq sürüşməsi (2014-cü ildə tərtib olunmuş ”Respublika ərazisində təhlükəli sürüşmə sahələri”) albomuna daxil edilməsə də, təbii (çökmə suxurlar və çay sahili) və texnogen amillərin təsirindən cüzi sürüşmə və çökmə mütəmadi olduğundan və hal-hazırda da davam etdiyindən belə qənaətə gəlmək olur ki, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır. Fərdi yaşayış evi inşaat tikinti normativlərinə əsasən tikilməmişdir, bəzi divarlarda bağlantılar aşkarlanmadı. İş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 xx.xx.2024-cü il tarixli, 3-14-18/2-040/2024 saylı arayışından görünür ki, X7 Cavabdeh Sığorta Şirkəti tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 0197 nömrəli məktuba əsasən X3 mütəxəssisi X12 rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndis-geoloji şəraitlə səciyyələnən kənd ərazisində maili yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşmə-çökmə prosesi baş vermişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4.4-11,5 sm) müşahidə edilmişdir. Fərdi tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin hansı vaxtdan baş verməsi ilə əlaqədar sorğuya cavab olaraq bildirilir ki, X7 vətəndaşlar tərəfindən ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəəxəssislər tərəfindən həmin əraziyə mühəndis-geoloji baxış keçirilir. Bildirmək istəyir ki, X7 Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətlərə əsasən əraziyə vizual baxış keçirilmişdir. Ötən dövr ərzində sözügedən fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyil. Qeyd etmək lazımdır ki, atmosfer çöküntülərinin təsirindən tikililərin yerləşdiyi sahədə sürüşmə-çökmə hadisəsinin baş verməsi bir çox amillərdən asılıdır. Burada çoxillik atmosfer çöküntülərinin intensivliyi, ərazinin relyefi, geoloji quruluşu və texnogen amilləri göstərmək olar. Tikilinin texniki vəziyyəti (köhnəlmə), standartlara uyğun tikilməsi, digər amillərlə birgə təsirinin qarşılıqlı əlaqəsi və tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin dərəcəsi qeyd olunan proseslərin inkişafına təsir edən amillərdəndir. Bu prosesləri yaradan amillərdən asılı olaraq hadisələr qısa və uzun müddətli zaman kəsiyində baş verə bilər. Sözügedən ünvanda təbii və texnogen amillərin təsirindən qeyd olunan proseslərin dinamikasında aktivliyin yüksəlməsi ehtimal olunur. Bundan əlavə, 2014-cü ildə tərtib olunmu “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonu, Ərçiman kəndi daxil edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi “Azkommunlayihə” KLl-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb sürüşmə-çökmə prosesi baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Odur ki, Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğində olduğu müəyyən olundu. Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətlə olduğunu, istismarının mümkün olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin bazar dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə sığorta obyekti fiziki şəxsin ziyan dəymiş fərdi yaşayış evidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 900.1.9-cu maddəsinə əsasən sığorta müqaviləsinin mühüm şərtlərindən biri sığorta müqaviləsi üzrə təminat verən sığorta risklərinin, eyni zamanda, əgər bu barədə razılaşdırılıbsa, müvafiq sığorta qaydasında nəzərdə tutulmuş əlavə sığorta təminatlarının orada göstərilməsidir. Mülki Məcəllənin 922.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır (Mülki Məcəllənin 922.3-cü mad.). Yuxarıda göstərildiyi kimi, tərəflər arasında icbari sığorta və əmlak sığortası müqavilələri bağlanmışdır. Müvafiq olaraq, qanunun yuxarıda göstərilən tələblərinə əsasən ziyanın yaranma səbəbinin sığorta hadisəsi kimi tanınması üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun rəhbər tutulması zəruridir. Tərəflər arasında bağlanmış icbari sığorta və əmlak sığortası müqavilələrində sığorta riskləri hissəsində sığorta təminatına daxil olan risklərin dairəsi dəqiq göstərilmiş və sığorta müqaviləsi həmin təminata daxil olan risklər (o cümlədən torpaq sürüşməsi) nəticəsində əmələ gələn zərərlərin sığortaçı tərəfindən ödənilməsi şərtilə bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Ağentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2023-cü il tarixli Texniki rəyindən görünür ki, fərdi yaşayış evin texniki vəziyyəti qəzalıdı, istismarı yol verilməzdir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 arayışında göstərildiyi kimi sürüşməçökmə prosesinin baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Şamaxı rayonunun Ərçiman kənd ərazisinin mühəndisi-geoloji şəraiti haqqında 16 mart 2023-cü il tarixli Arayışından görünür ki, 16 mart 2023-cü il tarixində Şamaxı rayonu, Ərçiman kəndi ərazisinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, X6 məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndisi-geoloji şəraitlə səciyyələnən kənd ərazisində mailli yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşmə-çökmə prosesinin baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4,4-11,5 sm) müşahidə edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, 9/5152 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi “Azkommunlayihə” KLl-nin xx.xx.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb sürüşmə-çökmə prosesi baş verməsi nəticəsində yaranmışdır. Məhkəmə, bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertizanın rəyi ilə razılaşaraq hesab edir ki, iddiaçıya məxsus yaşayış evinə sürüşmə-çökmə nəticəsində ziyan dəymişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, cavabdehin evə dəymiş zərərin sığorta müqaviləsində təminat verilən sığorta risklərindən hər hansının baş verməsi nəticəsində yaranmasının müəyyən edilməməsi əsası ilə sığorta ödənişinin verilməsindən imtinası əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, həmin mübahisənin yaranma halları öz təsdiqini təqdim olunmuş sübutlarda tapdı. Cavabdeh sığorta müqaviləsi üzrə iddiaçıya dəyən ziyanı ödəməlidir, cavabdehin öz öhdəliklərini icra etməkdən yayınmasını, məhkəmə, ziyanın ödənilməsinə dair sığorta hüquqlarının pozulması kimi qiymətləndirir, ona görə də, həmin hüquqlar məhkəmə qaydasında müdafiə olunmalıdır. Məhkəmə sığorta ödənişinin məbləği ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə iddiaçıya məxsus fərdi yaşayış evi 15000 manat məbləğində və əmlak sığortası şəhadətnaməsi ilə 45000 manat məbləğində sığortalanmışdır. Keçirilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir, ona görə də, fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Odur ki, Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi sığorta ödənişinin verilməsi hissəsində qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta məbləği 52987 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin texniki müayinə olunması üçün iddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Ağentliyi “Azkommunlayihə” KLİ arasında xx.xx.2023-cü il tarixli 5795 saylı müqavilə bağlanmış və texniki müayinə işlərinin dəyəri olan 2000 manat iddiaçı tərəfindən “Azkommunlayihə” KLİ-yə ödənilmişdir (xx.xx.2023-cü il tarixli mədaxil qəbzi). Məhkəmə hesab edir ki, həmin xərc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçının çəkmiş olduğu 300 manat hüquqi xidmət haqqı tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə 52 987 (əlli iki min doqquz yüz səksən yeddi) manat sığorta ödənişi, əlavə xərcə görə 2000 (iki min) manat, hüquqi xidmət haqqı 300 (üç yüz) manat və ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X5, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar