Məhkəmə qərarları › İş №e-2(009)-59/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-59/2025

17.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-59/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rəhimovun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı “ARDNŞ”nin Neft Kəmərləri İdarəsinin Cavabdeh Azad oğluna qarşı “qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülərək çıxarılması” tələbinə dair mülki işə Bakı şəhərində 17 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “ARDNŞ”nin Neft Kəmərləri İdarəsi Cavabdeh Azad oğluna qarşı “qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülərək çıxarılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.7-ci km-də kəmərə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə Səbail rayonu, Badamdar qəsəbəsi, Xurşidbanu Natavan küçəsi, 1-ci yaşayış massivi, 6-cı döngə ünvanında Cavabdeh Azad oğlu tərəfindən inşa edilən hasarın və tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.7-ci km-də kəmərə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə Səbail rayonu, Badamdar qəsəbəsi, Xurşidbanu Natavan küçəsi, 1-ci yaşayış massivi, 6-cı döngə ünvanında Cavabdeh Azad oğlu tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İddaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı X1rovul rəis əvəzi S.Hüseynov, mühafizəçi E.Süleymanov və NBKXS-nin rəisi R.Məhərrəmov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktda Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.7-ci km-də kəmərə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə Səbail rayonu, Badamdar qəsəbəsi, Xurşidbanu Natavan küçəsi, 1-ci yaşayış massivi, 6-cı döngə ünvanında Cavabdeh Azad oğlu tərəfindən köhndən inşa edilmiş 1 mərtəbəli yaşayış evinin sökülməsi işlərinin aşkarlandığı qeyd edilmişdir. MH seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0,0414 ha olan torpaq sahəsi xx.xx.2008-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 12 fevral 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, Cavabdeh məxsus 414.0 kv.metr sahənin yol tərəf hasarından 11.5 metr aralı məsafədə və sahə üzərində yeni inşa olunan tikilidən 23.0 metr aralı məsafədən yerüstü diametri 300.0 mm-lik neft boru xətti keçir. Cavabdeh xüsusi mülkiyyətində olan 0.0414 ha torpaq sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-25479 saylı şəhadətnamə əsasında dövlət qeydiyyatına alınmışdır. Sahə neft kəmərinin mühafizə zonasına düşür. AR Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə görə, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1-ci maddəsində göstərilir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. AR Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Cavabdeh tərəfindən təqdim olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin torpaq sahəsinin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin qanuni əsaslarla cavabdehə aid olmadığını düşünür. Lakin iddia ərizəsində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və iddianın mütləq təmin edilməli olduğuna səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməzdi. Çünki, Konstitusiyanın 13cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Konstitusiya və Konvensiya çərçivəsində müdafiə olunan və qorunan bir hüquqdur. Bu mənada cavabdeh olan mülkiyyəçinin mülkiyyətində olan torpaq sahəsində tikmiş olduğu tikilinin öz hesabına sökülməsini tələb etmək və bu iddianın da məhkəmə tərəfindən təmin edilməsi yolverilməzdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə eyni zamanda qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının mübahisələndirdiyi sökülməsini iddia etdiyi tikilinin yerləşdiyi əraziyə aidiyyətini təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2025-ci il tarixli ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar