Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-607/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» MMC-yə qarşı Y-115 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 14 noyabr 2017-ci ildə X13 ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə tamamilə saxta qanunsuz əməllərini pərdələmək üçün Vasif tərəfindən 9 saylı Notariusun işçiləri tərəfindən əlbir olaraq saxta şəkildə tərtib olunmuşdur. Həmin müqaviləyə əlavə olaraq X7 aldatmaq yolu ilə İpoteka müqaviləsi rəsmiləşdirilmişdir. Həmin notariusun işçiləri barədə cinayət işi hal-hazırda istintaqda davam edir. Hacıyev Vasif də həmçinin beynəlxalq axtarışdadır. X14 ümumiyyətlə nə Cavabdeh2 nə də ki, Hacıyev Vasifi tanımır onu etibarnamə vermə adı ilə notarius çağırıb sənədlərə qol çəkdirmişdirlər. Daha sonra Hacıyev Vasif digər notarius işçilərindən Hüquq Mühafizə orqanlarına şikayət verilmiş həmin şikayətlər və digər başqa şəxlərə etdikləri əməllərə görə barələrində cinayət işi açılmışdır. İddiaçı həmin ipoteka qoyulan evdə (Bakı şəhəri,Sabunçu rayonu Vişnyovka-2 Bağ sahəsi 501A saylı bağ evində) qeydiyyatda olmaqla daim yaşayır, 20 dekabr 2020-ci ildə evinə gəldikdə evə kiminsə girildiyi məlum olmuşdur. Həmin hadisəni oğurluq hadisəsi kimi bilib polisə şikayət etmişdir. Polis gözlədikləri vaxt polis formasında bir şəxs evə gəlib həmin şəxsə hadisə barədə danışan zaman həmin şəxs evin onun olduğunu evə o girdiyini bildirdi. Daha sonra 14-cü polis bölməsinin əməkdaşları gəldi həmin şəxsləri 14-cü Polis bölməsinə apardı. Daha sonra 17 yanvar 2021-ci ildə evə gəldikdə həyət qapısının dəyişildiyini görmüş, belə bir halın olması heç bir məntiqə sığmayan bir şeydir çünki əgər oğru girirsə hansı məntiqlə həyət qapısını dəyişərdi. Tərəfindən polis çağrıldı, hadisə yerinə gələn polislər həmin evə girən şəxslərlə danışdı. Daha sonra polislər tərəfindən onlara bildirilib ki, həmin şəxslərin evə dair sənədləri var. Sənədlər təqdim etmələrini tələb etdikdə və onlara hərracın yekunları barədə protokolu təqdim etmiş və bildirmişlər ki, evə öz adlarına çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinə müraciət ediblər. Həmin hərracın yekunları barədə yekun protokola baxdıqda məlum olur ki, 28.07.2018 il tarixli notarius icra qeydi əsasında 04.01.2019-cu il tarixli Suraxanı İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında hərracda satılmışdır. Həmin hərracda əmlak tam qanunsuz saxta sənədlər əsasında satılmış hərracın yekunların barədə protokol tərtib olunmuşdur. Həmin keçirilmiş hərraclardan İddiaçı ümumiyyətlə xəbəri olmamışdır. Elə bir şeyin olma ehtimalını belə fikirləşməmişdir. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Bununla bağlı qeyd edir ki, 20 dekabr 2020-ci ilədək həmin şəxslərdən Qasımov Nərminə heç bir bildiriş, heç bir məlumat və ya hər hansı bir yazılı və ya şifahi xəbər gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması nişiridlib) göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan məhrum edərək, bu normanı əhəmiyyətsizdir. Digər bir qanunsuzluq ondan ibrətdir ki, ipoteka müqaviləsinə əmlakın dəyəri 90000 göstərilsə də, hərracın yekun protokolundan görünür ki, əmlakın ilkin satış qiyməti 17000 manat müəyyən olunub. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Göstərilənlərə əsasən hərracın nəticələri –"xxxx" MMC və hərracı udmuş Cavabdeh2 tərəfindən imzalanmış 10 aprel 2019 cu il tarixli, Y-115 saylı hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 16.05.2021-ci il tarixdə iddiaçının nümayəndəsi dəqiqləşdirmə ərizəsi verərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Y-115 saylı hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, baqışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 03.02.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Sabunçu rayonu Vişnyovka-2 Bağ sahəsi 501A saylı topaq sahəsinin üzərinə iddianın təmin tədbiri kimi həbs qoyulması özgəninkiləşdirilməsi qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(006)-607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3637/2021 saylı, 11.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(006)-607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. 03.05.2021-ci il tarixdə Cavabdeh3 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(006)-607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadından şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-61998/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(006)- 607/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı hərracın nəticələrinin ləğvi barədə protokolun ləğvi və s. tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olduqdan sonra belə qənaətə gəlirəm ki, iddia ərizəsi tam əsassızdır və rədd olunmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilir ki, 20.12.2020-ci ilədək ipoteka saxlayan Cavabdeh2 və hərrac təşkilatı olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı hərracın keçirilməsinə dair heç bir bildiriş daxil olmamışdır (səhifə 2. abzas 3). Qeyd edir ki, bu fikir əsassızdır. Çünki Suraxanı rayon icra və probasiya şöbəsinin 18-161092-6 nömrəli 04.01.2019-cu il tarixli sifariş məktubuna əsasən ünvan 1 ünvanında 0,057 ha torpaq sahəsinin açıq hərracı və təkrar hərracı barədə 337 nömrəli 22.02.2019-cu ıl tarixli və 449 nömrəli 22.03.2019-cu il tarixli bildirişlər tələbkar Cavabdeh2 ilə yanaşı, borclular X12 və İddiaçı cla göndərilmişdir. Bu faktı "xxxx" MMC-nin məhkəməyə ünvanladığı 17.08.2021 -ci il tarixli məktub da təsdiq edir. Həmin məktubdan göründüyü kimi ‘Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən "Mega Express” MMC sürətli poçt xidməti vasitəsilə 22.02.2019-cu il və 29.03.2019-cu il tarixlərdə X13 və İddiaçı məktub göndərilmişdir (bildirişlərin surəti). Göründüyü kimi hərrac və təkrar hərracın keçirilməsi barədə İddiaçı vaxtında lazımi şəkildə məlumat verilmişdir. Daha sonra, iddia ərizəsində qeyd edilir kı. ipoteka müqaviləsində əmlakın dəyəri 90000 manat göstərilsə də. hərracın yekun protokolundan görünür ki, əmlakın ilkin satış qiyməti 17000 manat olub (səhifə 2. abzas 10). Bu fikrin əsassız olduğunu qeyd edir çünki ipoteka predmeti olan torpaq sahəsinin qiyməti müqavilədə tərəflərin razılaşması ilə 90000 manat müəyyən edilsə də, əslində həmin qiymət təkcə torpaq sahəsinin deyil, həmin sahədə yerləşən torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə qiymətidir İpoteka saxlayan Cavabdeh2 torpaq sahəsində yerləşən fərdi yaşayış evini də görüb 90000 manat qiymətləndirilməyə razılaşmışdır. Sonradan isə hərrac keçirilərkən torpaq sahəsinin dəyəri ilə bağlı ekspertiza keçirilmiş və 17000 manat müəyyən edilmişdir (ipoteka müqaviləsinin surəti əlavə edilir). Hətta İddiaçı özünün yazdığı ipoteka müqaviləsi ilə eyni tarixli - 14.11.2017-ci il tarixli qəbzdən görünür ki, o həm də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini də girov qoyubdur. Hərrac təşkilatı isə hüquqların dövlət reyestrindən çıxarışda və ipoteka müqaviləsində yalnız torpaq sahəsinin qeyd edilməsini əsas gətirərək torpağın qiymətini 17000 manat məbləğində müəyyən etmişdir (qəbz əlavə edilir). Onu da qeyd edim ki, əgər mübahisəli torpaq sahəsinin qiyməti həqiqətən də 90000 manat olsaydı, o zaman İddiaçı Cavabdeh2 ilə bağladığı ipoteka müqaviləsindən əvvəl Firdovsi Qardaşovla da bağladığı ipoteka müqaviləsində mübahisəli əmlakın qiymətini 10000 manat qeyd etməzdi. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8274/2Q19 nömrəli 03.09.2019-cu il tarixli qətnaməsində qeyd edilir ki, iddiaçı 14.11.2017-ci ildə Vasif Hacıyevə etibarnamə vermək adı ilə notariusa getdiyim bildirsə də. iş materiallarında olan yazılı sübutlarla müəyyən edilir ki. hələ 08.06.2017-ci ildə iddiaçı tərəfindən Vasif Hacıyevə mübahisəli əmlaka dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla 1 illik etibarnamə verilmişdir. Sonuncu iddiaçının adından imzaladığı 08.06.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə əmlakı 10000 manata X1. Həmin qətnamə kassasiya instansiyası məhkəməsində də dəyişdirilmədən saxlanılmışdır (qətnamə səhifə 3. abzas 10) (hər üç instansiya məhkəmə qətnamələri əlavə edilir). Notariat işində olan İddiaçı ərizəsində isə ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin Firdovsi Qardaşova 10000 manata satılması barədə razılığa gəlməsi qeyd edilir (ərizə əlavə edilir). Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hərracın keçirilməsi barədə İddiaçı məlumatı olmuşdur. İddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair işə baxılarkən səmimi olmadığı kimi, hazırkı işdə də səmimi deyil. Əvvəlki işdə o guya notariusa Vasif Hacıyevə etibarnamə verməyə getdiyini, lakin aldadılaraq ipoteka müqaviləsinə qol çəkdirildiyini bildirsə də, həmin fakt məhkəmədə təsdiqini tapmadığına görə onun iddiası rədd olundu. Hazırkı işdə isə İddiaçı səmimi olmayaraq hərracın keçirilməsi barədə ona vaxtında məlumat verilmədiyini bildirir. Halbuki bu belə deyildir. İpoteka müqaviləsinin etibarsızlığı tələbinə dair mülki işin gedişində onun hərrac barədə xəbəri olmuşdur. Onun məqsədi sadəcə işi uzadaraq süründürməçilik halllarına şərait yaratmaqdır. Öna görə də İddiaçı qeyd etdiklərinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, qeyd edir ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri əsaslı olsa belə onun tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.1 -ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən haiları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı həm əqdin əhəmiyyətsiz əqd olduğuna, həm də Mülki Məcəllənin 340.1 ci və 340.2-cı maddələrinə istinad etdiyindən, həmin tələbə Mülki Məcəllənin 354.1 -ci və 354.2-ci maddələrində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hərracın nəticələrinə dair alqı-satqı müqaviləsi 10.04.2019-cu il tarixdə bağlanmışdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitutsıya Məhkəməsinin Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, 14 noyabr 2017-ci ildə X20 oğlu ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə tamamilə saxta qanunsuz əməllərini pərdələmək üçün Vasif tərəfindən 9 saylı Notariusun işçiləri ilə əlbir olaraq saxta şəkildə tərtib olunmuşdur. Həmin müqaviləyə əlavə olaraq X7 aldatmaq yolu ilə İpoteka müqaviləsi rəsmiləşdirilmişdir. Həmin notariusun işçiləri barədə cinayət işi hal hazırda istintaqda davam edir. Hacıyev Vasif də həmçinin beynəlxalq axtarışdadır. X14 ümumiyyətlə nə Cavabdeh2, nə də ki, Hacıyev Vasifi tanımır. Onu etibarnamə vermə adı ilə notariusa çağırıb sənədlərə qol çəkdirmişlər. Həmin müqavilədən təxminən 2018-ci ilin iyun ayında xəbər tutub ipoteka müqaviləsinin etibarsızlığı barədə məhkəməyə müraciət olunmuşdur. Nəsimi məhkəməsinin 11.03.2019 cu il tarixli qətnaməsi ilə həmin ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Nəsimi rayon məhkəməsində iş gedərkən 9 saylı notarius tərəfindən 28 iyul 2018 ci il tarixli 8İ-1260 nömrəli İcra qeydi çıxarılır. Həmin icra qeydi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı haqqında qanuna əsasən notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınmması üçün bu sənədlər təqdim olunur: ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli, ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli, sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Həmin icra qeydi qeydi aidiyyəti qaydalarını pozularaq Suraxanı icra və probasiya şöbəsində icraata götürülür. Belə ki, İ» poteka haqqında» Azərbaycan Respublikası Qanununun 10 cu maddəsində borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana notarius istisna olmaqla yazılı məlumat verir. İcra qeydi əsasında 31.07.2018-ci ildə Bakı şəhəri Suraxanı İcra və probasiya şöbəsinin İcra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elçin Həsənov tərəfində icraata başlamaq haqqında qərar qəbul edilir. Həmin gün yəni 31.07.2018 ci ildə mütəxəsisinin dəvət olunması haqqında qərar qebul edir. Həmin qərar tamamilə qanunsuzdur. Belə ki, 14 noyabr 2017-ci ildə bağlanılmış ipoteka müqaviləsində torpaq sahəsinin qiyməti 90 000 manat müəyyən olunub. Göründüyü kimi, icra məmurunun qiymət razılaşması olduğu halda əmlakı qiymətləndirilməyə göndərməsi özü özlüyündə qanunsuzdur. Hətta tərəflər mövcud qiymətlə razılaşmadıq da belə icra məmuru tərəfindən deyil tərəflərin tapşırığı ilə əmlak qiymətləndirilə bilərdi. 12 dekabr 2018-ci il Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatda əmlakın qiyməti 17000 müəyyən edilir. 04 yanvar 2019 cu ildə Suraxanı rayon İcra və probasiya şöbəsinin 18/161092-6 nömrəli sifariş məktubu ilə əmlakın hərracda satılması üçün "xxxx"-nə göndərilir. 10 aprel 2019-cu il də Hərracın yekunları protokolu tərtib edilir. 10.aprel 2019-cu il də Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə tərtib edilir. Həmin protokol qanunsuz tərtib olunmuşdur. Belə ki, həmin protokola qol çəkmiş Elxan Məmmədov həmin icra işini 2019-cu ilin sonunda X16 İcra və probasiya şöbəsindən çıxdıqdan sonra icraata götürmüşdür. Yəni 10 aprel 2019 da həmin protokol icra məmuru tərəfindən təsdiqlənməmişdir. Daha sonra təxminən 2020 may aylarında icra məmumuru tərəfindən köhnə tarixli yekun protokol imzalanmışdır. Həmin halı təsdiq edən digər sənəd tələbkar Cavabdeh2 İcra işində olan 24 aprel 2020 tarixli ərizəsi təsdiq edir. Həmin ərizədə Cavabdeh2 göstərir ki, iki dəfə hərrac keçirilib onlar tərəfindən yalnız beh ödənilib, alğı-satqı olmamışdır. Odur ki, iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, iddiaçı həmin fərdi yaşayış evində yaşamayıb. Onun 800 manat işıq, 160 manat qaza olan kommunal borclarını o ödəmişdir. İddiaçı 2020-ci ilin dekabr ayında evə polis ilə gələndə onlar iddiaçıya evin lazım olmadığını, pulun qaytarılmağını bildirmişlər. Məhkəmənin 02.09.2021-ci il tarixli iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçıya hərracın keçirilməsinə dair heç bir məlumatın verilmədiyi qeyd olunsa da Cavabdeh2 ilə yanaşı, borclular Hacıyev Vasifə və İddiaçı də hərrac barədə bildiriş göndərilmişdir. Bunu "xxxx" MMC-nin məhkəməyə ünvanladığı məktubdan da görmək olur. İpoteka predmeti olan torpaq sahəsinin qiyməti müqavilədə tərəflərin razılaşması ilə 90000 manat müəyyən edilsə də, həmin qiymət təkcə torpaq sahəsinin deyil, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə qiymətidir. Cavabdeh2 torpaq sahəsində yerləşən fərdi yaşayış evini də görüb, 90000 manata razılaşmışdır. Hərrac da isə torpaq sahəsinin dəyəri ekspertiza keçirilərək 17000 manat müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürülmüşdür. Bütün göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər "xxxx" MMC-nin və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin nümayədələri məkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı DƏDRX çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 501 a saylı bağ sahəsi-torpaq sahəsi 17.02.2017-ci ildə X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan 14.11.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 X8 80.000 AZN manat məbləğində borc vermişdir. İş materiallarında olan 14.11.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri,Sabunçu rayonu Vişnyovka-2 Bağ sahəsi, 501A saylı bağ sahəsi 14.11.2017-ci il tarixli kredit müqaviləsi üçün ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-919/2019 saylı, 11.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, 14 noyabr 2017-ci ildə Bakı Şəhəri 9 saylı Notariat X2, X22 və Cavabdeh2 arasında bağlanmış, reyestrda 3M-1491 nömrə ilə qeyd edilən ipoteka müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8274 /2019 saylı, 03.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-919/2019 saylı, 11.03.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X6 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 9 saylı Notariat Konturuna qarşına Bakı Şəhəri 9 saylı Notariat Konturunda onunla cavabdehlər arasında bağlanmış, 14 noyabr 2017-ci il tarixli, reyestrdə 3M-1491 nömrə ilə qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan DƏDRX çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 501 A saylı bağ sahəsi-torpaq sahəsi 12.01.2021-ci ildə Cavabdeh3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan DƏDRX-nin 19.02.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 501 a saylı bağ sahəsi keçmiş X4 və İstismarı Birliyi ilə X9 arasında 01.03.2007-ci il tarixli, 18205 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və 11.02.2017-ci il tarixli, 7E-3263 reyestr nömrəli ərizə əsasında 0.057 hektardan ibarət olan 501a saylı bağ sahəsi 17.02.2017-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» MMC hərracın nəticələri haqqında Y- 115 nömrəli 10.04.2019-cu il tarixli müqaviləsi əsasında 23.09.2020-ci il tarixdə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0,057 hektardan ibarət olan 501a saylı bağ sahəsi Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 4Ə-1427 reyestr nömrəli, 21.12.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında 12.01.2021-ci il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İş materiallarında olan 28.07.2018-ci il tarixli icra qeydindən görünür ki, 14.11.2017-ci il tarixli 3M/1491 reyestr İpoteka müqaviləsinə əsasən ipoteka saxlayan ünvan 3 ünvanda qeydiyyatda olan Cavabdeh2 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 17.02.2017-ci il tarixdə İddiaçı verilmiş **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.057 ha olan torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməsinə dair icra qeydi aparılmışdır. İş materiallarında olan Suraxanı rayon İcra və probasiya şöbəsinin 31.07.2018-ci il tarixli qərarı ilə 3M/1491 nömrəli, 28.07.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan 31.07.2018-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası ilə bağlı İddiaçı (Bakı şəhəri, Suraxanı ray, Əmircan qəsəbəsi, ev 4, mənzil 25) bildiriş göndərilmişdir. İş materiallarında olan 31.07.2018-ci il tarixli qərardan görünür ki, əmlakın qiymətləndirilməsi üçün mütəxəssis dəvət olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 12.12.2018-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, əmlakın dəyəri 17000 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-115 №-li protokoluna əsasən, Suraxanı rayon İcra şöbəsinin sifarişi əsasında Bakı şəhəri 9 saylı notariat kontorunun 8i- 1260 saylı 28.07.2018-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar İddiaçı mülkiyyətində olan ünvan 4 13770 manata Cavabdeh2 satılmışdır. İş materiallarında olan Suraxanı rayon İcra şöbəsinin 19.02.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə tələb təmin edildiyindən 8İ-1260 saylı, 28.07.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 14.11.2017-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh2 X8 80.000 AZN manat məbləğində borc vermişdir. 14.11.2017-ci il tarixli ipoteka müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 Bağ sahəsi, 501A saylı bağ sahəsi 14.11.2017-ci il tarixli kredit müqaviləsi üçün ipoteka ilə İddiaçı mülkiyyətində olan ünvan 4 yüklü edilmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunun 8i-1260 saylı 28.07.2018-ci il tarixli icra qeydinin əsasında icraya yönəldilmiş və "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mübahisəli mənzil Suraxanı rayon İcra Şöbəsinin sifarişi əsasında hərraca çıxarılmışdır. İlkin satış qiyməti 17000 manat müəyyən edilmişdir. Keçirilmiş hərrac nəticəsində ipoteka saxlayan Cavabdeh2 13770 manata almışdır. Hal-hazırda mübahisəli Bakı şəhəri, Sabuncu rayonu, Vişnyovka-2 bağ sahəsi, 501A saylı bağ sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən keçirilən hərracda mülkiyyətində olan fərdi yaşayış evi bazar dəyərindən çox aşağı qiymətə satılmışdır. Eyni zamanda keçirilən hərracdan onun xəbəri olmamış və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən iddiaçı həmin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunununun (köhnə redaksiya yəni 28 dekabr 2018-ci olan dəyişikliyə qədər) 35.1.1-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda əsasında yönəldilə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Qanunun 36.2-ci maddəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru bu hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi və ya rəsmiləşdirildiyi hallarda əsas öhdəlik bu Qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə tutma notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən bu Qanunun 36.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilə bilər. Razılaşmada tərəflərin adı və yaşayış (olduğu yer), ipoteka predmetinin adı, ilkin satış qiyməti, təsviri və yerləşdiyi yer nəzərdə tutulur. İlkin satış qiyməti ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. İpoteka saxlayana ödənilməli məbləğ, əqd bağlanarkən həmin əşyanın tərəflərə məlum olan əvvəlki və ya sonrakı ipoteka saxlayanları və həmin əşya barəsində üçüncü şəxslərin hüquqları, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin satılmasında əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, tərəflərin saydıqları digər şərtlər qeyd edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.4-cü maddəsinə əsasən tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə müəyyən etmişdir ki, ipoteka predmetinə tutma qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinin pozulması ilə yönəldilmişdir. Həmçinin məhkəmə hesab edir ki, hərracın təşkilatçısı tərəfindən mübahisəli bağ sahəsini ipoteka qoyan İddiaçı verilməsini təsdiq etmə üsulu ilə müvafiq bidiriş göndərməyib və ümumiyyətlə mülki iş materiallarında bildirişlərin ipoteka qoyan İddiaçı göndərilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişlərdən isə İddiaçı çatdırıldığı təsdiq edilmir. İddiaçı hərracın keçirilməsindən məlumatsız olub və mənzilinin hərraca çıxarılmasına dair keçiriləcək ilkin və təkrar hərraclarda iştirakı təmin edilməyib. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hərracın etibarsız hesab edilməsi ilə məhkəmədə tələb irəli sürmək üçün bir illik müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələblər hərracın yekunları barədə protokolun, bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hərracın yeni qiymətlə yenidən keçirilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı hüquqlarının pozulmasını 20.12.2020-ci il tarixdə (bu hal Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatındada öz təsdiqini tapır) bilmiş, bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etdiyindən məhkəməyə müraciət etmə müddətini ötürməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 501 A saylı bağ sahəsinə dair Y-115 saylı, 10.04.2019-cu il tarixli hərracın yekunları barədə protokolu etibarsız hesab edilməli və həmin protokol əsasında 23.09.2020-ci il tarixdə Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə-1427 saylı reyestrində qeydə alınmış 21.12.2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh3 adına verilmiş 12.01.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 501 A saylı bağ sahəsinə dair Y-115 saylı, 10.04.2019-cu il tarixli hərracın yekunları barədə protokolu etibarsız hesab edilsin və həmin protokol əsasında 23.09.2020-ci il tarixdə Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə-1427 saylı reyestrində qeydə alınmış 21.12.2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh3 adına verilmiş 12.01.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh3 tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-607/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-607/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver