Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-657/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 25.12.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan ** CC *** dövlət qeydiyyat nişanlı “BMW 525” markalı avtonəqliyyat vasitəsinə qoşulmuş ** ZF *** dövlət qeydiyyat nişanlı PP 1300-2 markalı yarımqoşqu ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası“ növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1013,97 manat müəyyən edilmiş təmir edildikdə isə 1196,48 manat müəyyən edilir. Belə ki, əlavə xərc (ƏDV) 182,51 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 15.05.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 1196,48 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş ümumi 1196,48 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsiri və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1196,48 manat sığorta ödənişinin, ödənilmiş 32 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, "xxxx" MMC-yə məxsus avtobusların təmir edilən müəssisə yalnız bir dənədir. Zərərçəkmş avtobus həmin yerdə təmir olunmuşdur, təmir olunma xərci 1013,97 manat təşkil etmiş, həmin məbləğə 18% ƏDV – 182,51 manat əlavə olunduğundan, yekun məbləğ iddia tələbi həddində olmuşdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, həqiqətən onun idarə etdiyi avtomobilə qoşulmuş qoşqunun icbari sığortası olmamışdır. Hadisə baş verərkən avtobusa böyük zərər dəyməmişdir. O, əlaqə nömrəsini şirkətə vermişdir ki, ziyanla bağlı ona müraciət etsinlər. Hətta təklif etmişdir ki, zədələnən paneli ona versələr, o, təmir elətdirib onlara təqdim edə bilər. Ziyan məbləği ilə razı deyil, hadisə nəticəsində avtobusa maksimum 700-800 manat həddində ziyan dəyə bilərdi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «BMW 525» minik markalı **-CC-***/o dövlət nömrə nişanlı avtomaşın Cavabdeh oğlunun adına qeydiyyata alınmışdır. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «PP 1300- 2» markalı **-ZF-*** dövlət nömrə nişanlı yarımqoşqu Cavabdeh oğlunun adına qeydiyyata alınmışdır. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «İveco Crealis» markalı **-JH-*** dövlət nömrə nişanlı avtobus "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə "xxxx" ASC-nin C-MİC-0994/19 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin kserosurətinə əsasən "xxxx" MMC-yə məxsus «İveco Crealis» markalı ** JH *** dövlət nömrə nişanlı avtobus 01.06.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək sığortalanmışdır. İş üzrə Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş 25.12.2019-cu il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh 25.12.2019-cu il tarixdə saat 13.00 radələrində «BMW 525» minik markalı **-CC-***/o dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Cavabdeh AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş 25.12.2019-cu il tarixli zərər aktının kserosurətinə əsasən «İveco Crealis» markalı ** JH *** dövlət nömrə nişanlı avtobusa yol-nəqliyyat hadisəsi zamanı 1013,97 manat ziyan dəymişdir, həmin ziyanın 18% ƏDV-si 182,51 manat təşkil edir ki, yekun məbləği 1196,48 manatdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş 15.05.2020-ci il tarixli sığorta aktının təsdiq edilmiş surətinə əsasən 25.12.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahəsində baş vermiş yol-nəqilyyat hadisəsi zamanı "xxxx" MMC-yə məxsus «İveco Crealis» markalı ** JH *** dövlət nömrə nişanlı avtobusa ziyan dəymiş və bununla bağlı 1196,48 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC-nin 20.04.2020-ci il tarixli ödəniş tapşırığın təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə CM-104/2020 saylı sığorta aktına əsasən 1196,48 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 19.06.2020-ci il tarixli məktubun surətindən görünür ki, 25.12.2019-cu il tarixdə saat 13.00 radələrində Salyan yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş Cavabdeh idarə etdiyi "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsilə sığortalanmış «BMW 525» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş qoşqu Cəmiyyətində könüllü sığortalanmış “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə toqquşaraq ona maddi zərər vurmuşdur. Belə ki, hazırki cavab məktubuna əlavə edilmiş foto şəkillərdən də görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsilə sığortalanmış «BMW 525» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil deyil, həmin nəqliyyat vasitəsinə qoşulmuş və "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsilə sığortalanmamış qoşqu tərəfindən törədilmişdir. Cavab məktubuna əlavə edilən foto şəkillərdən görünür ki, həmin qoşqunun arxa sağ küncündə zədə yeri mövcuddur. Bu isə ona dəlalət edir ki, Cəmiyyətində könüllü sığortalanmış “İveco Crealis” markalı 99JH 044 dövlət qeydiyyat nəqliyyat vasitəsinə qarşı baş vermiş yol-nəqliyyat hadisəsi "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsi ilə sığortalanmamış qoşqu tərəfindən törədilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müraciətində qeyd edilən hadisə ilə əlaqədar tərəfindən sığorta ödənişinin həyata keçirilməsi qeyri-mümkündür. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 03.07.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən idarə olunan ** CC *** dövlət qeydiyyat nişanlı «BMW 525» markalı avtonəqliyyat vasitəsinə qoşulmuş ** ZF *** dövlət qeydiyyat nişanlı PP1300-2 markalı yarımqoşqu ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinə 25.12.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 1196,48 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququna əsasən 1196,48 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus «İveco Crealis» markalı ** JH *** dövlət nömrə nişanlı avtobus "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığortalı "xxxx" MMC-yə məxsus olan «İveco Crealis» markalı ** JH *** dövlət nömrə nişanlı avtobusa 25.12.2019-cu il tarixdə cavabdehin qanuni əsaslarla idarə etdiyi ** CC *** dövlət qeydiyyat nişanlı «BMW 525» markalı avtonəqliyyat vasitəsinə qoşulmuş ** ZF *** dövlət qeydiyyat nişanlı «PP1300-2» markalı yarımqoşqu tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ziyan yetirilmiş və tərtib edilmiş qüsur aktına əsasən ƏDV nəzərə alınmaqla həmin ziyan məbləği 1196,48 manat məbləğində müəyyən edilmişdir. Sığortalı "xxxx" MMC-yə sığorta şirkəti tərəfindən 1196,48 manat məbləğində pul sığorta ödənişi kimi ödənilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdehə məxsus «BMW 525» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsilə sığortalanmışdır, lakin həmin avtomobilə qoşulmuş ** ZF *** dövlət qeydiyyat nişanlı «PP1300-2» markalı qoşqu isə sığortalanmamışdır. İddiaçı tərəfindən irəli sürümüş tələbdən görünür ki, sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan “İveco Crealis” markalı avtobusa yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli hesab olunmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı "xxxx" MMC-yə 1196,48 manat sığorta ödənişi ödənilmişdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən sığortalıya sığorta ödənişi ödənildiyi üçün, ** ZF *** dövlət qeydiyyat nişanlı «PP1300-2» markalı qoşqu isə sığortalanmadığı üçün iddiaçının cavabdehə qarşı reqress hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçının ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. İş materiallarından göründüyü kimi cavabdehin idarə etdiyi «BMW 525» markalı ** CC *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi icbari sığorta şəhadətnaməsilə sığortalanmış «BMW 525» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil deyil, həmin avtomobilə qoşulmuş və icbari sığorta şəhadətnaməsilə sığortalanmamış qoşqu tərəfindən törədilmişdir. Bu səbəbdən baş vermiş hadisə ilə əlaqədar sığorta ödənişi həyata keçirilməmişdir. İş materiallarında olan Səbail rayon DYPŞ-nin 25.12.2019-cu il tarixli protokol və qərar ilə Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın zərər vuran cavabdehdən tələb edilməsi ilə iddia qaldırmaqda tam haqlı olmuşdur. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən sığortalıya ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə cavabdehin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan məbləğinin 700-800 manat təşkil etməsi barədə dəlilləri üzrə qeyd edir ki, cavabdeh tərəfindən bu dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onları əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarında formalaşan hüquqi mövqeyinə görə ədalət mühakiməsi faktlar əsasında və qanuna müvafiq keçirilməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhz həmin mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, cavabdeh vurulmuş ziyan məbləğinin sığorta təşkilatı tərəfindən ondan tələb olunan məbləğdən az olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 32 manat və xidmət haqqının əvəzi kimi 0,40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 1196,48 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat və 0,40 manat xidmət haqqı, cəmi 1228,88 (bir min iki yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-657/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-657/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver