Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-661/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, miras qoyan X5 17.11.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.12.2021-ci il tarixdə 771 No ilə qeydiyyat aparılmışdır. 12.08.2020-ci il tarixli vəsiyyətnaməyə əsasən miras qoyan X5 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evini İddiaçı xeyrinə miras qoymuşdur. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06.01.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri,Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Vəsiyyət üzrə vərəsə İddiaçı vəsiyyətnamə üzə öhdəliyi yerinə yetirmiş, miras qoyan X4 miras qoyanın atasının yanında dəfn etmiş, həmçinin Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə faktiki sahiblik və idarə etməyə başlamış, beləliklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Vəsiyyət üzrə vərəsə kimi adına şəhadətnamə almaq məqsədi ilə cavabdehə ərizə ilə müraciət etsə də, sonuncu 12.02.2022ci il tarixli 138 saylı cavab məktubu ilə vəsiyyətnamənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187.1-ci və 1187.2-ci maddələrinin tələblərinə uyğun olmadığından X1 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İşin hallarından və ərizəyə əlavə sənədlərdən göründüyü kimi, mərhum X5 vəsiyyətnaməni öz əli ilə yazıb imzaladığı üçün bu əsasla Bakı şəhəri 46 saylı notariat ofisinin notariusu tərəfindən iddiaçıya vərəsəliyə dair şəhadətnamənin verilməsi qeyri-mümkün hesab edilmişdir. Vərəsəliyə dair şəhadətnamənin verilməməsinin əsaslarından biri də onun tərəfindən təqdim edilmiş vəsiyyətnamənin notarius tərəfindən təsdiq edilməməsi olmuşdur. Belə ki, vəsiyyətnamənin notarius tərəfindən təsdiq edilməməsi ilə bağlı Mülki Məcəllənin 1186-cı və 1187-ci maddələrinə istinadən qeyd edir ki, vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Başqa sözlə, vəsiyyət edən vəsiyyətnaməni özündə də saxlaya bilər, məhz bu vəsiyyətnaməyə ev vəsiyyətnaməsi deyilir. Sadəcə olaraq qanunverici vəsiyyətnamənin iki formasını, yəni notariat formasını və sadə yazılı formasını təsbit etmiş və hüquqi nəticə etibarı ilə notariat vəsiyyətnaməsinə sadə yazılı vəsiyyətnamə (ev vəsiyyətnaməsi) ilə müqayisədə üstünlük hüququ vermişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 17 noyabr 2021-ci il tarixdə ölmüş X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə dair İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 70-ci illərin sonlarından 7-ci Bayıl küçəsində yaşayır. Tofiq Mirzəyevlə qonşu olmuşdur. Onun heç bir qohumu olmamışdır. Maddi cəhətdən həmişə ona köməklik etmişdir. Vəfat etdikdən sonra dəfn və yas mərasimin xərcləri onun tərəfindən ödənilmişdir, ev hazırda onun istifadəsindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 46 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının və mərhum Tofiqin qonşusudur. 1977-ci ildən qonşuluqda yaşayır, Tofiqin qohumu olmamışdır, onun yanında gəlib-gedən yaxınlarını görməmişdir. Yadigar bir qoşu kimi həmişə Tofiqin qayğısına qalmış, ona maddi köməklik göstərmişdir, Tofiq sağlığında ona məxsus evi Yadigara vəsiyyət edəcəyini bildirmişdir və 2020-ci ilin yay aynda Tofiqgildə olarkən o, Yadigarın adına vəsiyyətnamə tərtib etmişdir. Həmin vaxt orada Yadigar, onun qardaşı və o, olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşıdır. Qardaşı ilə bir ünvanda yaşayır. Tofiq onun qoşusu olmuşdur. Tofiqin maddi imkanı yaxşı olmamışdır, yaxın qohumları olmamış, Tofiqin evinə gəlib-gedənləri görməmişdir. Onun gündəlik tələbatını çox vaxt qardaşı Yadigar ödəmişdir. Tofiq sağlığında həmin deyirdi ki, Yadigar onun qayğısına çox qalıb, evi Yadigara verəcək. 2020-ci ilin avqust ayında qonşu Zakir və qardaşı Yadigarla Tofiqgildə olarkən onların iştirakı ilə Tofiq tərəfindən vəsiyyətnamə tərtib edilmiş və imzalanmışdır. Tofiqin yas mərasiminin xərclərini qardaşı Yadigar çəkmişdir, İş üzrə X5 tərəfindən yazılmış 12.08.2020-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, onun tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi İddiaçı vəsiyyət edilmişdir. İş üzrə “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxs tərəfindən verilmiş 17.11.2021-ci il tarixli, 66 nömrəli arayışından görünür ki, mərhum X2 meyiti 17.11.2021-ci il tarixdə “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin Səbail rayon şöbəsinin meyitxanasında müayinə edilmişdir. Meyit dəfn edilməsi üçün sahiblərinə təhvil verilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.12.2001-ci il il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17.11.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.12.2021-ci il tarixdə 771 No ilə qeyd edilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Vəkil və partnyorları” vəkil bürosuna ünvanlanmış 06.01.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, 80 saylı evin fərdi yaşayış evi Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən 03.04.2004-cü il tarixli, 4Ə/1-180 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 24.05.2003-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda adındadır. İş üzrə 46 saylı notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış 12.02.2022-ci il tarixli, X/138 saylı məktubuna əsasən notariat ofisinə təqdim etdiyi vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187.1-ci və 1187.2-ci maddələrinin tələblərinə uyğun olmadığından X1 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığından, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Vəkil və partnyorları” vəkil bürosunun vəkili Vəkila ünvanlanmış 01.04.2022-ci il tarixli məktubuna əsasən “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına açılmış vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı uzun müddət ərzində ona qayğı göstərmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X5 17.11.2021-ci ildə vəfat etmişdir. Vəfat etməmişdən qabaq, mərhum 12.08.2020-ci il tarixdə vəsiyyətnamə yazaraq, öz evini iddiaçıya vəsiyyət etmişdir. Tofiq Mirzəyevin hər hansı vərəsəsi yoxdur. İddiaçı Tofiq Mirzəyevin vəfatından sonra miras əmlakı faktiki qəbul etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, vəsiyyət üzrə vərəsə kimi adına şəhadətnamə almaq məqsədilə 46 saylı notariat ofisinə müraciət etmiş, sonuncu 12.02.2022-ci il tarixli cavab məktubu ilə notariat ofisinə təqdim etdiyi vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187.1-ci və 1187.2-ci maddələrinin tələblərinə uyğun olmadığından X1 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamasını əsas gətirərək şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən onun X2 vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vəsiyyət üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Göstərilən Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məhkəmə qeyd edir ki, şəxs öz sağlığında ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi taleyi barədə sərəncam verə bilər. Göstərilən şəxs öldükdə onun hüquq və vəzifələri həmin sərəncamda göstərilən şəxslərə keçir. Bu cür vərəsəlik mülki hüquq elmində (doktrinasında), qanunvericilikdə və məhkəmə praktikasında vəsiyyət üzrə vərəsəlik adlanır. Vəsiyyət üzrə vərəsəlik onu ifadə edir ki, vəsiyyət edənin (miras qoyanın) vərəsəli olan şəxslərin dairəsi vərəsəliyin şərtləri və qaydası bilavasitə qanunun özü ilə yox, miras qoyanın iradəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Eyni Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, vəsiyyətdə yalnız bir şəxsin – miras qoyan şəxsin iradəsi ifadə olunur. Vəsiyyətin edilməsi və onun hüquqi qüvvəyə minməsi üçün yalnız həmin şəxsin iradə ifadəsi kifayətdir. Buna görə də vəsiyyət öz hüquqi təbiətinə görə birtərəfli əqdir. Vəsiyyətnamə isə vəsiyyət edənin iradəsinin yazılı formada ifadəsidir. Yəni vəsiyyətnamə şəxsin öz əmlakı barədə şəxsi iradəsinin ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir, həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin yazılı formada tərtib edilməsi onu ifadə edir ki, vəsiyyətnamə tərtib edən şəxsin – vəsiyyət edən şəxsin iradəsi müəyyən sənəddə öz əksini tapır. Notariat qaydada təsdiq olunmayan vəsiyyətnamədə sadə yazılı formalı vəsiyyətnamələrdir, onların notariat qaydada təsdiqlənməsi tələb edilmir. Bu formalı vəsiyyətnamələr özü üç yerə bölünür: əllə yazılan, texniki vasitələrdən istifadə etməklə tərtib olunan, məxfi vəsiyyətnamələr. Əllə yazılan vəsiyyətnamələr - vəsiyyət edənin öz dəst – xətti ilə yazılıb imzalanır, onun tərtib olunma tarixi və yeri göstərilir. Hüquq ədəbiyyatında bu cür vəsiyyətnamələr – ev vəsiyyətnaməsi adlanır və vəsiyyət edən tərtib etdiyi vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verə bilər, yaxud özündə saxlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Göstərilən Məcəllənin 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Eyni Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qanunveriliyin yuxarıda göstərilən tələblərinə istinad edərək qeyd edir ki, sadə yazılı formalı vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Başqa sözlə vəsiyyət edən vəsiyyətnaməni özündə də saxlaya bilər, məhz bu vəsiyyətnaməyə ev vəsiyyətnaməsi deyilir. Sadəcə olaraq qanunverici vəsiyyətnamənin iki formasını, yəni notariat formasını və sadə yazılı formasını təsbit etmiş və hüquqi nəticə etibarı ilə notariat vəsiyyətnaməsinə sadə yazılı vəsiyyətnamə (ev vəsiyyətnaməsi) ilə müqayisədə üstünlük hüququ vermişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, miras qoyan tərəfindən notariat vəsiyyətnaməsi tərtib edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X5 öldükdən sonra onun mülkiyyətində olan evə məhz İddiaçı sahiblik etməyə və eyni zamanda, həmin əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə X5 tərəfindən sadə yazılı formalı vəsiyyətnamə tərtib edərkən orada iştirak edən və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlir ki, 12.08.2020-ci il tarixli vəsiyyətnamə 17.11.2021-ci il tarixdə ölmüş X5 tərəfindən tərtib edilərək imzalanmış və bu səbəbdən həmin vəsiyyətnamə ev vəsiyyətnaməsi kimi, yəni Mülki Məcəllənin 1186-cı maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə kimi qəbul edilməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 17 noyabr 2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 17 noyabr 2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın. Qətnamə Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 80 saylı fərdi yaşayış evinə dair İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-661/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-661/2022
12.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver